Faiq Qarayevin rəhbərlik etdiyi milli komanda Avropa Çempionatında nə qədər çətin kimi görünsə də, kuboku qazanmaq uğrunda yarışırlar; ətrafında həmişə yaraşıqlı qadınlar olan baş məşqçinin niyə heç vaxt evlənməməsinin sirri varmı?
Şablon deyim var – hər güclü kişinin arxasında güclü bir qadın dayanır. Azərbaycan voleybolunun əfsanəsi, məncə, hamının çox sevdiyi, millimizin indi də baş məşqçisi olan Faiq Qarayev kimi güclü adam isə hazırda 14 güclü qadını öz arxasınca aparır.
Onlar Bakıda keçirilən Avropa Çempionatında nə qədər çətin kimi görünsə də, kuboku qazanmaq uğrunda yarışırlar. Artıq üç oyunda qələbə qazanıblar və pley-off mərhələsinə çıxmağa yaxındılar.
Əslində nəsil dəyişkənliyindən sonra yeni heyətdə onlardan yalnız Polina Rəhimovanı tanıdım. Digər gənc voleybolçuları tanımamaqda bəlkə də günahım izləməyə fasilə verməyimdir.
Əvvəllər isə böyük bir şövq və həyəcanla baxdığımız həm millidə, həm “Azərreyl”də kimlər yoxuydu – Alla Həsənova, Yelena Şobovta, Natalya Məmmədova, İnessa Qorxmaz, Valeriya Məmmədova və başqaları…
7-ci sinifdən liderlik
Bu gün heyət dəyişsə belə, Faiq Qarayev dəyişməyib və millimizin başındadır. Necə ki, “Qarabağ”ı Qurban Qurbanovsuz, voleybolumuzu da Faiq Qarayevsiz təsəvvür etmək olmur. Azərbaycan voleybolunda böyük uğurlara imza atmış mütəxəssis indi isə yenilənmiş heyətlə Avropa lideri olmağı hədəfləyib…
Amma bu günə qədər həm Faiq Qarayev özü barəsində az danışıb, həm onun haqqında az yazılıb. Azərbaycan idmansevərlərinin rəğbətini qazanmış ustad voleybolçunun keçdiyi həyat yoluna nəzər yetirəndə isə məlum olur ki, ilk növbədə vətənpərvərdir, ikincisi, bu idman növünə gəlməsi təsadüfi deyil..
Faiq Əli oğlu Qarayev 11 yanvar 1959-cu ildə Ağstafa rayonunda anadan olub. Voleybolla Bakının 70 nömrəli məktəb-liseyində yeddinci sinifdən məşğul olmağa başlayıb. Elə öz məktəbi ilə Bakı və Azərbaycan çempionu olub. Yəni 7-ci sinif şagirdinin komandası ilə birlikdə bu yaşda uğura imza atması asan görünməməlidir. Onun ilk voleybol məşqçisi Yuri Qlotkov olub. 1984-cü ildən isə məşqçi fəaliyyətinə başlayıb. 1987-ci ildə Faiq Qarayevin baş məşqçilik etdiyi BMKZ (keçmiş “Neftçi”) SSRİ 1-ci liqasından elitaya vəsiqə qazanıb, 1989-1990-cı illər mövsümündə bürünc mükafata yiyələnib.
1991-ci ildə Türkiyədə yaşasa da, vətən üçün darıxan Qarayev 1992-ci ildə Bakıya qayıdıb. 1991-ci ildə komanda SSRİ kubokuna yiyələnib, 1993-cü ildə isə CEV kuboklar kubokunda 2-ci yer tutub. Onun məşqçiliyi altında “Azərreyl” 2002-ci ildə Top-Komanda Kubokunu, 2011-ci ildə isə Avropa Qadınlar CEV Çağırış Kubokunu qazanıb. Qarayev 2015-ci ildə Azərbaycan qadın milli voleybol komandasının məşqçisi təyin olunub. Daha sonra o, komandadan ayrılıb. Lakin komanda onun yoxluğunu hiss edib. Əvvəlki ardıcıl uğurlar keçmiş olub. 2023-cü ildə isə Azərbaycan qadın milli voleybol komandasına türkiyəli mütəxəssis Ataman Güneyligil təyin edilsə də, gözlənilən nəticəni verməyib. Milli 2023-cü il Avropa Çempionatında qrupdan belə çıxa bilməyib. Nəhayət, 2024-cü ildə Faiq Qarayev yenidən millinin məşqçisi təyin edilib və bu gün də işini davam etdirir.
Anasının vaxtsız ölümü və…
Ancaq bütün bunlar qısa xronologiyadır. Bu illər ərzində Faiq Qarayevin şəxsi həyatında baş verənlər onun qəbul etdiyi qərarlarda taleyüklü rol oynayıb. Yəni heç də onun həyatı hamar keçməyib. Əksinə, çətin 90-lar, voleybola diqqətsizlik, işsizlik, sıxıntılar və ən əsası anasının 46 yaşında vəfat etməsi onu çox sarsıdır.
Bəli, daha əvvələ qayıtsaq, 1989-cu ildə anasının 46 yaşında rəhmətə getməsi və ardınca Azərbaycanda siyasi qarışıqlıq Faiq Qarayevin səhhətində mənfi iz buraxır. Bundan çox keçmir ki, sovet qoşunları Bakıya girir və 20 yanvar qırğını törədilir.
Müsahibələrinin birində özü ilk dəfə bu haqda danışır ki, 20 yanvar hadisələrinin ən fəal iştirakçılarından biri olub: “Çünki komanda həmin gün köhnə ”İnturist” deyilən oteldə idi. Özüm də “Salyanski kazarma” adlanan yerdə idim. Bir tərəfdən SSRİ super liqası burada olmalıydı, digər tərəfdən də bizi sıxırdılar. Voleyboldan uzaqlaşmaq halları olmadı.
Sadəcə, baş verənlər məndə psixoloji gərginlik yaratdı, mənəvi zərbə aldım. Üstəlik, bir il öncə, 1989-cu ildə anam çox cavan yaşlarında dünyasını dəyişdi. Ardınca siyasi qarışıqlıq məndə pis xəstəliklərin əmələ gəlməsinə səbəb oldu. Ona görə də həkim məni müalicə edirdi. Yanvarın 19-u axşam saat 9-un yarısı sürücü məni gətirdi. Sürücünün də evi “Salyanski kazarma”da yerləşirdi. Müalicənin üsulu elə idi ki, adamı yuxu aparırdı. 1 saat 45 dəqiqə müalicəm getdi. Müalicədən sonra ayılıb gördüm ki, nə sürücü var, nə də maşın. Bir “Volqa” gəldi, sürücüyə dedim ki, “İnturist”ə gedirəm”. Dedi, “xəbəriniz yoxdur ki, yollar bağlıdır”. Birtəhər onun maşınına oturub getdik. Telestudiyanın yanına çatanda rus əsgərləri bizi saxladı. Maşından düşürüb üstümüzü yoxlayıb buraxdılar. Biz maşına oturanda telestudiya gözümün qabağında partladı. Ondan sonra otelə gələndə heç kəsin olmadığını gördüm. Sadəcə, qızlar hamısı qorxu içində idi. Bizdə elə oyunçular var idi ki, onların yaşamağa evi belə yox idi. Həmin gecəni səhərə qədər oteldə qaldıq. Doğrudan da o dövr çox çətin idi…”
İlham Əliyevlə görüşün pərdəarxası
O hadisələrdən sonra Qarayev komandanın qızlarının hamısını Türkiyəyə aparıb yerləşdirib. Lakin Qarabağda gedən döyüşlərlə bağlı gələn xəbərlər onu sarsıdır və hər axşam TRT-1 kanalından izləyərək ağlayırmış. Nəhayət, Türkiyədə dözə bilmir və 1992-ci ildə Bakıya qayıdır. Amma qızlar Türkiyədə qalır.
Bir müddət sonra yenidən Türkiyəyə gedir. Mərhum prezident Heydər Əliyev Ankarada olarkən Qarayevlə maraqlanır və görüşürlər. “Heydər Əliyev ”Şeraton” otelində mənə dedi: “Faiq, bir gün gələcək hamınız qayıdacaqsınız”.
“Bilirsiniz, insan İstanbulun ortasında rahat yaşayır, evi var, yüksək maaş alır. Ona görə insan rahat həyatını dəyişmək istəmir. Amma İlham Əliyevlə görüşəndən sonra, açığını deyim, fikrimi dəyişdim”, – Qarayev danışır.
İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti olarkən Qarayevə zəng gəlir. Ona deyilir ki, MOK prezidenti sizi Bakıya dəvət edir. O dönəm idi ki, Faiq Qarayev tərəddüd edirdi. Çünki Türkiyənin yığma komandasının texnik direktoru idi, ən çox maaş ona verilirdi, Neft Şirkətində keçirilən görüşdə yüksək səviyyədə qarşılanan Faiq Qarayevə dəstək vəd olunur və hər şey yenidən başlanır…
O qızı Faiqə niyə vermədilər?
Təcrübəli mütəxəssisin həyatında ən həssas nüanslardan biri isə heç vaxt evli olmamasıdır. Çevrəsində hər zaman gözəl qızların olduğu bir baş məşqçinin indiyə qədər nə bir voleybolçu, nə də idmandan kənar biri ilə ailə qurmaması hər zaman media üçün maraq doğurub. Amma buna özünün də, qardaşının da cavabları var. Bu cavablara qədər isə əksəriyyətinin fikri o idi ki, Faiq Qarayevin “başı qarışıqdır” deyə evlənmir.
“Ailə həyatı qurmaq istəmişəm. Elə alındı ki, anam rəhmətə getdi. Bilirsiniz, ailədə ananın rolu çox böyükdür. Anam rəhmətə gedəndə bizim ailə sanki dağıldı. Hamımız ailəyə çox bağlı idik. Ailə bütövlüyümüz dağılandan sonra da evlənmək istədim, yenə alınmadı. Açığı, ailə qurmaq çox çətindir. Adi qatara minib Tiflisə gedəndə- yol yoldaşın istər qadın, istərsə də kişi olsun, fərqi yoxdur- əgər o maraqsız adamdırsa, deyirsən, tez düşüb getsəydim… Əksinə, maraqlı adamdısa, deyirsən ki, onunla lap 2 gün də yol gedərdim. Evlilik də buna bənzəyir”, – belə cavab verir.
Amma etiraf edir ki, azərbaycanlı psixologiyasına uyğun olaraq bir qızla ailə həyatı qurmağı alınmayıb. Valideynləri deyib ki, “onun ətrafında çoxlu qızlar var”.
Yeri gəlmişkən, onun kiçik qardaşı, futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi olmuş Fazil Qarayev də vaxtilə bu barədə danışıb. Əvvəla, bildirib ki, dayıları və əmiləri də idmanla məşğul olublar. Böyük dayıları Böyükağa Cəfərov atıcı imiş. Salman və Nəriman əmiləri voleybolçu olublar. Yəni Qarayev qardaşlarının idmana gəlişi təsadüfi deyil.
Faiq Qarayevin ailə qurmamasına gəlincə, kiçik qardaşının sözlərinə görə, həyatını voleybola o qədər qoydu ki, şəxsi həyatını arxa planda gördü: “Səbəblərdən biri də, yəqin ki, anamın çox erkən – 46 yaşında rəhmətə getməsi oldu. Anam sağ olsaydı, bəlkə də onu evləndirərdi. Ona anamdan başqa bu barədə kim söz deyərdi ki…”
Qeyd edək ki, 66 yaşlı Faiq Qarayev “Şöhrət” və “Əmək” ordenləri ilə təltif olunub. Qarşıdakı günlərdə isə onun komandasını İspaniya, Belçika, Niderland və Rumıniya ilə gərgin görüşlər gözləyir…
Emil SALAMOĞLU,
“Yeni Müsavat”ın redaktoru





















