Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “XTQ Qəhrəmanlarının İrsi” layihəsi çərçivəsində təşkil olunan üç günlük xüsusi düşərgə proqramı uğurla başa çatıb.
Korrekt.az xəbər verir ki, layihənin əsas məqsədi Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) veteranlarının və şəhid ailələrinin övladlarına sosial-psixoloji dəstək göstərmək, onların sosial inteqrasiyasına töhfə vermək, milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək, vətənpərvərlik ruhunu yüksəltmək, eləcə də şəhidlərin və qazilərin qəhrəmanlıq irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edən mühit yaratmaqdır.
Layihə çərçivəsində 60-dan çox şəhid övladının iştirakı ilə üç günlük xüsusi düşərgə proqramı təşkil olunub. Düşərgə müddətində uşaqlar üçün maarifləndirici, psixoloji, mədəni, sosial və əyləncəli tədbirlər təşkil edilib, onların asudə vaxtının səmərəli təşkili ilə yanaşı, yeni bilik və bacarıqlar əldə etmələrinə imkan yaradılıb.
Düşərgənin ilk günü avqustun 17-də Lənkəran şəhərində başlayıb. İştirakçıların yerləşdirilməsindən sonra uşaqlar üçün Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində müxtəlif proqramlar təşkil olunub.
Düşərgənin ikinci günü iştirakçıların Masallı rayonuna səfəri ilə davam edib. İkinci günün mühüm maarifləndirici istiqamətlərindən biri də informasiya təhlükəsizliyi mövzusunda keçirilən təlim olub. Təlim zamanı uşaqlara sosial şəbəkələrdə qarşılaşa biləcəkləri risklər, şübhəli keçidlər və linklər, təhlükəli onlayn oyunlar, şəxsi məlumatların qorunması və rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları izah edilib. Bununla da layihənin iştirakçıların yalnız milli-mənəvi və sosial inkişafına deyil, müasir dövrün mühüm çağırışlarından biri olan rəqəmsal təhlükəsizlik sahəsində maarifləndirilməsinə də töhfə verməsi təmin olunub.
Düşərgənin üçüncü günü iştirakçılar üçün xüsusi mənəvi və emosional əhəmiyyət daşıyan proqramla davam edib. Şəhid övladları Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində qonaq olublar.
Həmin ziyarət layihənin əsas ideyasının – qəhrəman şəhidlərin irsinin onların övladları vasitəsilə gələcək nəsillərə çatdırılmasının – ən mühüm məqamlarından biri olub.
Proqramın sonunda iştirakçılar üçün hazırlanmış tort kəsilib və düşərgənin üç günlük proqramı xoş və səmimi atmosferdə yekunlaşdırılıb.
“XTQ Qəhrəmanlarının İrsi” layihəsi – qəhrəmanların keçmişindən gələcəyin nəslinə uzanan mənəvi körpü kimi, şəhidlərin və qazilərin irsinin yaşadılması, onların övladlarının yanında olmaq və milli yaddaşın qorunması istiqamətində mühüm təşəbbüs olaraq uğurla yekunlaşıb.





























