image-1backend

“Sabah” “Qarabağ”ın uğurunu təkrarlaya bilərmi? – Mütəxəssislər danışdı

image-ads-728x90

“Ötən il “Qarabağ” Çempionlar Liqasının (ÇL) əsas mərhələsinə vəsiqə qazananda demişdim ki, bu mərhələdə klublarımızdan gözlənilən tələb nəticə olmamalıdır. Azərbaycan təmsilçiləri üçün tələb hələlik sadəcə iştirakdır”.

Bu sözləri “Yeni Sabah”a idman jurnalisti Natiq Muxtarlı deyib.

Onun sözlərinə görə, yerli klubların ardıcıl 2 mövsüm ÇL-in əsas mərhələsində iştirakı ölkə futbolu üçün böyük nailiyyətdir:

“Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək, bir ölkənin yerli çempionatı üçün prestijdir. Artıq 2 ildir dalbadal Azərbaycan çempionları bu turnirə vəsiqə qazanır. Deməli, artıq Avropada bu qənaətə gəliblər ki, Azərbaycan liqasında nəsə var.

ÇL-də milyardlıq büdcəyə malik komandalar çıxış edir. Liqa mərhələsində yer alan 36 komandanın onsuz da 28-i bura birbaşa vəsiqə qazanır. Bunlar Avropanın böyük ölkələrinin adlı-sanlı klublarıdır. Yerdə qalan ölkələrin klubları üçün cəmi 8 yer ayrılır. “Qarabağ” və “Sabah” ardıcıl 2 ildir ki, həmin 8 komandadan biri olmağı bacarır. Bu amili nəzərə alsaq, “Sabah”ın “Qarabağ”ın etdiklərini təkrarlaması Azərbaycan futbolu adına çox möhtəşəm olardı.

Fikir verin, “Qarabağ”ın ötən ilki tarixi nailiyyətindən sonra yerli futbolçularımıza maraq xeyli artdı. Düşünürəm ki, “Sabah”ın dünənki uğurundan sonra bu maraq daha da artacaq. Yerli futbolçular bu situasiyadan yararlanmalıdır”.

Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov isə vurğulayıb ki, “Sabah” bu oyunla Çempionlar Liqasında çıxış etməyə tam layiq olduğunu isbatladı:

“Sabah” ötən il həm Azərbaycan liqasını, həm də kuboku qazanmağı bacardı. Bu komanda həqiqətən çox sistemli və gözəl futbol oynayır. Son matçda “Sabah” həddən artıq yüsək səviyyəli nəticə göstərdi. “Hapoel” qarşısında 2-1 geridə olsa da, təmsilçimiz mütəmadi hücumlar edir və əzmkarlıq göstərirdi.

Mən “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasla bağlı xüsusi haşiyəyə çıxmaq istəyirəm. Məhz onun lazımi vaxtda lazımi əvəzetmələri qələbənin qazanılmasında kilid rol oynadı. İzlədiyim qədəri ilə, “Sabah”ın zəif olduğu mövqe qapı xəttidir. Rəqibin vurduğu ikinci qolda qapıçı səhvi özünü göstərdi. Bu haqda düşünmək lazımdır. Böyük turnirlərdə belə xətaları bağışlamırlar. Qapıçının yaxşı olması komanda üçün çox önəmlidir.

Ümumən heyət çox yaxşıdır. “Sabah” bu oyunla Çempionlar Liqasında çıxış etməyə tam layiqdir. Mən arzu edirəm ki, təmsilçimiz qazana biləcəyi ən yaxşı nəticəni əldə etsin. Həmişə deyirəm ki, bizim hər mövsüm ən az 3 klubumuz Avrokuboklarda mütəmadi iştirak etməlidir.

Fərqi yoxdur, nəticə necə olur-olsun, Avropada oynamaq futbolçuların, məşqçilərin inkişafı üçün mütləqdir. Bu istər-istəməz Azərbaycan millisinin inkişafında da təsir edəcək. Püşkdən çox şey asılıdır. “Sabah”a ən sərfəli 8 rəqibin düşməsini arzulayıram”.

Xatırladaq ki, “Sabah” klubu UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb. Ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel”ini (Beer-Şeva) qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin 5-2 hesablı qələbəsi ilə bitib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki