image-1backend

Bakı gecəsi, böyük savaş, möhtəşəm hədəf: “Sabah” SON döyüşə çıxır…

image-ads-728x90

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək. Şübhəsiz ki, Azərbaycan futbolsevərlərinin diqqəti Tofiq Bəhramov adına Respublika stadionuna yönələcək. Çünki ölkə çempionu “Sabah” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə uğrunda İsrail çempionu “Hapoel”lə (Beer-Şeva) qarşılaşacaq. Oyun saat 20:45-də başlayacaq və “Sabah” ilk oyunda əldə edə bilmədiyi nəticəni doğma meydanda dəyişməyə çalışacaq.
Məlumat üçün bildirək ki, bir həftə əvvəl keçirilən ilk görüşdə təmsilçimiz “Hapoel”ə 1:2 hesabı ilə məğlub olub. Bu səbəbdən “Sabah”a növbəti mərhələyə yüksəlmək üçün mütləq qələbə lazımdır.

Qarşılaşmanın əhəmiyyəti isə təkcə bir mərhələni keçməklə məhdudlaşmır. Bu cütün qalibi UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparacaq. Məğlub olan komanda yoluna Avropa Liqasının Liqa mərhələsində davam edəcək. Yəni bu axşam Bakıdakı meydanda Azərbaycan çempionu üçün həm böyük fürsət, həm də ciddi sınaq var.

Görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək. Baş hakim İştvan Kovaç olacaq. Ona Mixay Marika, Ferents Tunyodi və Sabolç Kovaç kömək edəcəklər. VAR hakimi Almaniyadan Bastian Dankert, AVAR hakimi isə rumıniyalı Katalin Popa olacaq.

“Sabah” doğma meydanın və azarkeş dəstəyinin gücündən istifadə edərək ilk oyundakı 1:2 hesabının əvəzini çıxacaqmı? Azərbaycan çempionu “Qarabağ”dan sonra Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan ikinci ölkə klubu olmağı bacaracaqmı?
Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan təmsilçisi tarixinin ən böyük uğurlarından birini əldə etməyə çox yaxındır:

““Sabah” tarixinin ən böyük uğurunun bir addımlığındadır. Çox ağır matç olacaq. Rəqibin oyun tərzi, güclü və zəif tərəfləri barədə ötən dəfə kifayət qədər danışmışıq. Fərdi keyfiyyətlərdən çox, komanda oyunu baxımından üstün görünürlər. Qarşılaşmanın hansı dəqiqəsində olmasından və hesabın necə dəyişməsindən asılı olmayaraq, yüksək konsentrasiya ilə oynayır, öz oyun balanslarını qoruyurlar. Lakin onlar da ideal komanda deyil. Səhvləri və boşluqları var. Düşünürəm ki, “Hapoel”i məğlub etmək mümkündür. “Sabah” debüt etdiyi mövsümdə artıq minimum planını yerinə yetirib və hətta bunun üzərinə bir addım da əlavə edib. İndi isə fantastik uğurun astanasındadır. Buna nail olmaq üçün bu gün meydanda sona qədər mübarizə aparmaq lazım gələcək. Hesab edirəm ki, bizim heyətdəki futbolçuların fərdi keyfiyyəti rəqibdən daha yüksəkdir. Sadəcə, komanda oyunu baxımından onlardan geri qalırıq. Bu çatışmazlığı isə aradan qaldırmaq mümkündür. 90, bəlkə də 120 dəqiqə ərzində meydanın hər qarışı uğrunda mübarizə aparmaq lazımdır. Bu gün futbolçularımızın yalnız taktiki və texniki keyfiyyətləri deyil, əzmkarlığı, mübarizliyi və döyüşkənliyi də böyük əhəmiyyət daşıyacaq. Kim qələbəni daha çox istəyəcəksə, böyük ehtimalla, sonda həmin komanda da qalib gələcək. Dünən rəqibin oyunöncəsi mətbuat konfransında iştirak etdim, məşqlərini izlədim. “Hapoel”in media nümayəndələrinin söhbətlərində, baş məşqçi və qapıçılarının açıqlamalarında müəyyən eyforiya hiss olunurdu. Sanki artıq turu keçdiklərinə və Çempionlar Liqasının Liqa mərhələsində oynayacaqlarına əmin idilər. Bu əminliyin ilk oyundakı 2:1 hesablı qələbədən qaynaqlandığı açıq şəkildə hiss olunurdu. Onlarda tarix yazmaq və böyük turnirin Liqa mərhələsinə çıxmaq imkanının yaratdığı həyəcan da vardı. Mətbuat konfransında ünvanlanan ilk sualın məhz tarixlə bağlı olması da bunu göstərirdi. Hesab edirəm ki, bu, bizim xeyrimizə olan məqamdır. Eyforiya bəzən təmkini poza, diqqətin azalmasına və oyuna köklənmənin zəifləməsinə səbəb ola bilər. Bizim tərəfdə isə sakitlik və təmkin var. Rəqibdə müəyyən mənada özünəinamın həddindən artıq olduğunu müşahidə etmək mümkündür. Bu, “Sabah” üçün əlavə üstünlüyə çevrilə bilər. Ümid edirəm ki, bu axşam onları yerə endirə bilərik”.

K.Məstəliyev bu oyunun daha emesional hissəsindən də söz açıb:

“Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Çempionlar Liqasının himni səslənəcək. Bu stadion artıq belə böyük qarşılaşmalara öyrəşib. Lakin “Sabah” üçün bu möhtəşəm musiqinin ilk dəfə səslənməsi futbolçularımıza böyük motivasiya olacaq. İnanıram ki, bu axşam azarkeşlər tribunaları dolduracaq və komandamıza sona qədər dəstək verəcək. Hamımız stadionda olaq, “Sabah”a güc verək ki, Çempionlar Liqasının himnini daha çox eşitmək imkanımız olsun”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki