“Sən ağa, mən ağa, inəkləri kim sağa?”
(Azərbaycan ata sözü)
Fermer deyir südün litrini 15 qəpikdən alırlar, bu ucuzluğa görə əsəbləşib 60 litrə yaxın südü yerə tökdü.
Sözgəlişi, əvvəlcə “yerə caladı” yazmışdım, fikirləşdim cavan-cuvan bu sözün mənasını anlamayacaq. Dilimizin zənginliyi itib getməkdədir, biləsiniz. Bəziləri başqa dillərin guya bizim dildən zəngin olduğunu qırıldadır, halbuki, elə təkcə bu “calamaq” sözünün 4-5 mənası var. Ağacı calamaq, nəyisə yapışdırmaq, mayeni tökmək və sairə. Nəsə, qayıdaq mövzuya.
Mən bir vətənpərvər vətəndaş kimi həmin fermeri şiddətlə qınayıram. Ümid edirəm artıq əlaqədar orqanlar onunla məşğul olurlar, çünki südü yerə axıtmaq maddi sərvətlərimizin israf edilməsidir. Şair demişkən: “Anadır hər kişiyə öz vətəni, Bəsləyib sinəsi üstündə onu. Südüdür kim, dolanıb qanım olub, O mənim sevgili cananım olub”. (Ta söhbət açılıb, şeirdəki “kim” sözünü hazırda internetdə səhvən “ki” şəklində verirlər). Bir ara hansısa süd firması hətta bu şeiri süd paketlərinin üzərində yazırdı, təxminən “Vətən südü” şəklində. Çox bambılı reklam alınmışdı. Nəsə, bu söhbəti də bağlayaq.
Bəli, süd vedrəsini təpiklə vurub dağıtmaq hüququ ancaq inəklərə məxsusdur, fermer belə edə bilməz. Ona qalsa hərə öz məhsulunu təpikləsin, xeyir taparıqmı? Məsələn, həkim də desin ki, hər əməliyyat üçün tibbi sığortadan 1 manat 50 qəpik əlavə alıram, sonra durub xəstənin qarnına bir təpik qoysun. Müəllim dərs pulu azdır deyə dərslikləri yandırsın. Jurnalistlər qəzeti cırsın, polis cinayətkarı açıb-buraxsın, nə bilim, qaz idarəsi özünü partlatsın və sairə. Belə olmaz, yoldaşlar. Nə üçün yabançı təsirlərin altına düşürsünüz?
Mən bu təsir temasını havadan yazmıram. Allah internet-zad çıxaranın evini yıxsın, bizim camaat belə şeyləri ordan görüb öyrənir. Özəlliklə Türkiyə bu sahədə bizə neqativ örnəkdir. Orda kənd təsərrüfatı ilə məşğulat edənlərin məhsul alışı ucuz olanda belənçik aksiyalara əl atması populyardır. Elə ən son Trabzonda bir kəndli dəhrəni götürüb fındıq ağaclarını budayır, qışqır-bağır salırdı, məhsulun kilosunun 150 lirəyə alınmağına etiraz edirdi. Halbuki, belə baxanda bizim pulla təxminən 5-6 manat edir, bizdə heç o qiymətə kəndlidən armud alan yoxdur, gəl gör fındıq ola… (Burada nə demək istədiyimi özüm də anlamadım, hərdən belə əsrarəngiz cümlələr qurmaq lazımdır ki, əlaqədar orqanlar başa düşməsin). Belə videoları tik-tokda-filanda görən xalqımız qızışır, “nerviləniyor”, fikirləşir mən də belə bir şey çəkim, paylaşsınlar, məşhurlaşım.
Keçmiş vaxtlarda belə deyildi. Hər inəkdən 1000 litr süd sağırdıq, camaat əmək qəhrəmanı olurdu, medalı döşündən asıb Ali Sovetdə şellənirdi. Bunun anekdotu da var idi, deyir bir gün ferma müdiri sağıcı Gülbadam xalanı çağırır: “Sabah televiziyadan müxbir gələcək fermaya, ona intervü verməlisən”. Sağıcı deyir: “Müdir, başına dönüm, intervü nə deməkdir?” Müdir: “Heç mən də bilmirəm, ancaq sən hər ehtimala qarşı çimib gələrsən”.
Allah Qorbaçovun gorunu dağıtsın, o cür gül kimi hökuməti yıxdı… Düzdü, dükan-bazarda süd və ağartı məhsulları tapılmırdı, ancaq əsas əmək qəhrəmanlarının olmağı idi.
Hazırda bir sual da aktual şəkildə ortaya çıxır ki, kəndlidən litri 15 qəpiyə alınan südün litri qablaşdırmadan sonra dükanda 2-3 manata necə qalxır? Bunun səbəbləri nədir?
Ancaq çıxış yolunu göstərmək lazımdır. Gərək fermer həmin südü yerə tökmək əvəzinə icra hakiminin, uçaskovının, prokurorun – uzun sözün qısası, yerli əlaqədar orqanların vannasına dolduraydı. Bu zəhmətkeş insanların süd gölündə üzməyə haqları var, bizim yolumuzda o cür əziyyət çəkirlər. Hələlik gölə imkanımız bəlkə çatmır, amma vanna doldurmağa nə söz?
Zamin HACI





















