1933–1934-cü illər arasında Con Dillinger və onun qorxunc dəstəsi Orta Qərbi vahimə içində saxlayaraq bankları qarət edir, həbsxanalardan qaçışlar təşkil edirdi. Tezliklə o, ölkənin ən çox axtarılan “cəmiyyət düşməninə” çevrildi.
Böyük Depressiya dövrü Amerikasının məşum şöhrətli qanqsteri Con Dillinger uzun ömür sürmədi, lakin 31 illik həyatının böyük hissəsini bu və ya digər problemlərlə keçirdi.
O, cəsarətli bank soyğunları və amansız qətlləri ilə bütün ölkənin diqqətini özünə cəlb edərək Amerikanın ən məşhur cinayətkarlarından birinə çevrildi. Üzü qəzetlərdə o qədər tez-tez görünürdü ki, istənilən Hollivud kino ulduzu qədər tanınırdı.
Con Dillinger hətta istəmədən Federal Təhqiqat Bürosunun (FBI) bugünkü formasını almasında rol oynadı. Az səlahiyyətli İstintaq Şöbəsinin direktoru olan C. Edgar Huver Dillingerin cinayət marafonundan idarəsini ştatlarüstü səviyyədə effektli fəaliyyət göstərən daha güclü federal polis qüvvəsinə çevirmək üçün istifadə etdi.
Lakin Dillingerin terror səltənəti 1934-cü ildə qəfil sona çatdı. Əksər məşhur cinayətkarların taleyində olduğu kimi, onun ölümü də törətdiyi cinayətlər qədər zorakı oldu.
Con Dillingerin problemli uşaqlığı
Con Herbert Dillinger 1903-cü ildə İndianapolisdə anadan olub. Valideynlərinin artıq Odri adlı 14 yaşlı qızı vardı. 1907-ci ildə anası öldükdə atası tezliklə Odrini ərə verdi və Conu bacısının yanına göndərdi. Bir neçə il sonra atası yenidən evləndi və Con atasının yanına qayıtdı.
Bu vaxt gənc Dillinger artıq başağrısına çevrilmişdi. Məktəbdə uşaqları incidirdi və dəmir yolu vaqonlarından kömür oğurlayan dəstənin başçısına çevrilmişdi. Bu, onun qanunla ilk toqquşmasına səbəb oldu və yerli hakimin sərt danlağından başqa ciddi nəticə vermədi.
Con Dillinger 16 yaşına çatanda məktəbi atdı və İndianapolisdəki maşınqayırma sexində işləməyə başladı. O, tez-tez gecələr dostları ilə içki içərək evə gec qayıdırdı. Buna görə atası tezliklə ailəni İndiana ştatının kənd ərazisində yerləşən Mursvillə köçürdü və ümid edirdi ki, kənd həyatı oğlunun dəyişməsinə təsir göstərəcək.
Lakin bu köç Dillinger üçün artıq gecikmişdi. O, daim problem axtaran bir gəncə çevrilmişdi. 1923-cü ildə, 20 yaşında olarkən görüşə çıxdığı qızı heyran etmək üçün avtomobil oğurladı. Həbs edildi, lakin polis əməkdaşından qaçmağa nail oldu. Ertəsi gün cəzadan yayınmaq üçün ABŞ Hərbi Dəniz Qüvvələrinə yazıldı.
Onun hərbi xidməti uzun çəkmədi. Gözlənildiyi kimi, Dillinger intizama riayət etməkdə və əmrlərə tabe olmaqda çətinlik çəkirdi. Cəmi beş ay sonra, gəmi Boston limanında dayanarkən, o, gəmidən fərar etdi. Rüsvayçılıqla tərxis edildi və İndianadakı evinə qayıtdı. Onun əsl cinayət həyatı da məhz bundan sonra başladı.
Evlilik, soyğun və həbsxanada doqquz il
Mursvillə qayıdan 20 yaşlı Con Dillinger bir işdən digərinə, bir qadından digərinə keçirdi. Nəhayət, 16 yaşlı Beril Hoviusla tanış oldu və onlar 12 aprel 1924-cü ildə evləndilər.
Lakin zahiri əlamətlərə baxmayaraq, Dillinger həyat tərzini dəyişmədi. Yeni ailəsini dolandırmaq üçün sabit iş tapa bilmədiyini görəndə, bacardığı yeganə işə — cinayətə üz tutdu.
Evliliyinin üstündən hələ altı ay keçməmiş Dillinger və dostu Ed Singleton həftəlik qazancı ilə evə qayıdan yerli baqqal Frenk Morqanı qarət etmək qərarına gəldilər. Dillinger rəsmi ifadəsində hadisəni belə təsvir edirdi:
“[Morqan] yaxınlaşanda binanın arxasından çıxıb dəsmala bükdüyüm boltla onun başına iki dəfə vurdum. Çevrilib əlimdəki revolverdən yapışdı. Silahı onun əlindən dartıb alarkən atəş açıldı və güllə yerə dəydi. Bundan sonra qaçdıq”.
Dillingerin atası onu etiraf etməyə, təqsirini boynuna almağa və məhkəmədən mərhəmət istəməyə razı saldı. Lakin məhkəmə ona heç bir güzəşt etmədi.
İndiana qubernatoru Pol V. Maknatt sonralar Dillingerə verilmiş sərt cəzanı “aşkar ədalətsizlik” adlandırmışdı. Bu, “Dillinger: The Untold Story” kitabında da sənədləşdirilib. Maknatt qeyd edirdi: “Hakim və prokuror onu kənara çağırıb dedilər ki, müəyyən şeylər barədə danışsa, cəzasını yüngülləşdirəcəklər. Verdikləri sözə əməl etmədilər. Dillingerə 10 ildən 20 ilədək həbs cəzası verdilər, halbuki onun cinayət ortağı… iki ildən sonra azadlığa buraxıldı. Bu, Dillingeri qatı cinayətkara çevirdi”.
Dillinger illər sonra, 1933-cü ilin sentyabrında atasına yazdığı məktubda buna bənzər fikir ifadə edib: “Bilirəm ki, səni çox məyus etmişəm, amma düşünürəm ki, həddindən artıq uzun müddət həbsdə qaldım. Bura qayğısız bir oğlan kimi girdim, amma hər şeyə acıqlı insan kimi çıxdım… İlk səhvim zamanı mənə daha yüngül cəza verilsəydi, bunların heç biri baş verməzdi”.
Nəticədə Dillinger bu soyğuna görə doqquz il yarım həbsxanada qaldı. Ayrılığa dözə bilməyən arvadı 1929-cu ildə ondan boşandı.
-1.png)
Uzunmüddətli həbs cəzası həqiqətənmi Dillingeri cinayətkara çevirdi? Həbsə düşməzdən əvvəl Dillinger bir neçə xırda və ayrı-ayrı cinayət törətmişdi. Lakin İndiana Ştat Həbsxana Sistemində təxminən on il peşəkar cinayətkarlarla birlikdə qaldıqdan sonra o, dərhal bir sıra səs-küylü bank soyğunları həyata keçirdi.
Con Dillingerin həbsxanadan sonrakı həyatı
Cəmiyyətə qarşı kin bəsləyən və aldığı sərt cəzadan acıqlı Con Dillinger həbsxanada cinayətkarlıq sənətinə ciddi şəkildə yiyələndi. O, iyirmi yaşlarının böyük hissəsini həbsxanada birlikdə olduğu məhbuslardan bank soyğunlarını təşkil etmək və hüquq-mühafizə orqanlarından yayınmaq barədə bacardığı qədər çox şey öyrənməklə keçirdi. “Müəllim”ləri arasında Harri Pirpont, Çarlz Makli, Rassel Klark və Homer Van Meter vardı.
Dillinger 10 may 1933-cü ildə 29 yaşında həbsxanadan azad edildi. Şərti azadlıqla bağlı dinləmədə ailəsinin fermasına qayıdıb torpaqda işləyəcəyinə söz verdi. Amma bu, tamamilə yalan idi.
Böyük depressiya bütün gücü ilə davam edirdi və hətta ən məsuliyyətli və zəhmətkeş insanlar üçün belə hər hansı iş tapmaq demək olar ki, mümkün deyildi. Bu, Con Dillinger kimi insanlar üçün ideal şərait yaratdı.
Dillinger azadlığa çıxan kimi ağlına gələn ən gəlirli cinayət növünə — bank soyğununa üz tutdu. Həbsxanadan çıxdıqdan cəmi bir ay sonra, 21 iyun 1933-cü ildə bir qrup adam toplayaraq Ohayo ştatının Nyu Karlayl şəhərindəki “New Carlisle National Bank”ı qarət etdi.
Uilyam Şou həmin qrupun üzvü idi. O, sonralar köşə yazarı Bob Qrinə soyğunun təfərrüatlarını danışdı. “New Carlisle News” qəzetində verilən məlumata görə, Şou Qrinə belə demişdi: “Nyu Karlayla hələ qaranlıq ikən çatdıq. Kiçik bir bank idi. Dillinger haradansa yaxşı məlumat almışdı — hər şey onun dediyi kimi getdi”.
Şou sözünə davam etmişdi: “Tualetin yanındakı pəncərədən keçdik və bu yolla banka daxil olduq. İçəridə sürünərək piştaxtanın arxasında gizləndik və bank açılmağa başlayana qədər orada gözlədik. Orada yerdə uzandığımızı və Conun əlində böyük silah olduğunu xatırlayıram. İnsanlar içəri girdikcə onları bağlayırdıq. Oradan təxminən 13 min dollar götürdük” (alıcılıq qabiliyyətinə görə indi 320 min dollara ekvivalent – Press klub).
Növbəti ay Dillinger Ohayo ştatının Blüfton şəhərində başqa bir bankı qarət etdi. Cinayətlərlə əlaqədar 22 sentyabr 1933-cü ildə həbs edildi və məhkəməsini gözləmək üçün Ohayo ştatının Lima şəhərindəki dairə həbsxanasına göndərildi.
Lakin bu dəfə o, həbsxanada çox qalmayacaqdı.
“Cəmiyyətin №1 düşməni”nə çevrilməsi
Lima polisi Dillingeri həbs etdikdən sonra əşyalarını axtararkən həbsxanadan qaçış planına bənzəyən bir sənəd tapdı. Həqiqətən də, bir neçə gün sonra İndiana Ştat Həbsxanasından Dillingerin səkkiz dostu məhz həmin plandan istifadə edərək qaçdı. Onlar kameralarına gizli şəkildə keçirilmiş silahlardan istifadə edərək iki həbsxana mühafizəçisini güllələdilər.
Qaçanlardan üçü oktyabrın 12-də polis əməkdaşı qiyafəsində Limaya gəldi. Dillingerin saxlanıldığı həbsxanaya gedərək şerifə bildirdilər ki, Dillingeri şərti azadlıq qaydalarını pozduğuna görə İndiana penitensiar müəssisəsinə qaytarmağa gəliblər.
Şerif onlardan şəxsiyyət vəsiqəsi tələb etdikdə məhbuslardan biri silah çıxarıb onu güllələdi və huşunu itirənədək döydü. Şerif aldığı xəsarətlərdən sonradan öldü. Ardınca Dillingeri kamerasından çıxardılar və hamısı birlikdə İndianaya qaçdılar.
1934-cü ilin yanvarında Dillinger Arizonanın Tuson şəhərində yaxalandı. İndiana Ştat Polisinin rəisi şəxsən onu İndianaya apardı ki, orada ona qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə qarşısına çıxsın. Onu Kroun-Poyntdəki “qaçılması mümkün olmayan” həbsxanaya yerləşdirdilər.
Lakin 3 mart 1934-cü ildə Dillinger taxtadan düzəltdiyi və sonradan qaraya boyadığı deyilən saxta tapança ilə mühafizəçiləri hədələdi, şerifin avtomobilini oğurladı və Çikaqoya qaçaraq azadlığa çıxmağa nail oldu.
.jpg)
Dillinger İndiana-İllinoys sərhədini keçməklə Avtomobil Nəqliyyatı Vasitələrinin Oğurluğu haqda federal qanunu pozdu. Bu isə o zaman İstintaq Şöbəsi (DOI) adlanan, tezliklə FBI-ya çevriləcək quruma rəhbərlik edən C. Edgar Huverin diqqətini çəkdi.
Dillinger tezliklə məşhur polis qatili Bebi Feys Nelsonun daxil olduğu dəstəsi ilə yenidən əlaqə yaratdı. Artıq bütün ölkə üzrə axtarılan dəstə Minnesotanın Minneapolis şəhərində gizləndi.
1934-cü ilin martına qədər Dillinger sevgilisi Evelin Freşetti ilə birlikdə Sent Pol şəhərində mənzilə köçdü. Hər şeyə maraq göstərən ev sahibəsi cütlüyə diqqət yetirməyə başladı və kifayət qədər məlumat topladıqdan sonra şübhələrini bölüşmək üçün martın 30-da FBI yerli ofisinə getdi. Qadının dediklərini yoxlamaq üçün Büronun göndərdiyi iki agent qəzəbli Dillingerlə qarşılaşdılar. O, qapını açaraq içəri soxuldu və Tompson avtomatı ilə atəş açdı.
Agentlər Dillingeri ayağından güllələdilər. O isə axsayaraq qaçdı və Freşetti ilə birlikdə Mursvillə qayıtdı. Lakin orada çox qalmadılar. Aprelin 9-da artıq Çikaqoda idilər və burada Freşetti həbs edildi. Dillinger yenidən qaçaraq Viskonsində “Little Bohemia” adlı kiçik hotelə sığındı.
Aprelin 22-də FBI agentləri Dillinger dəstəsinin gizləndiyi barədə məlumat aldılar. Onlar ora çatanda dəstə üzvləri ilə yenidən atışma baş verdi, lakin Dillinger bir daha qaçmağa nail oldu.
Lakin bəxti həmişə gətirməyəcəkdi.
Con Dillingerin ölümü
Con Dillinger yaxalanmamaq üçün son dərəcə radikal tədbirlərə əl atırdı. 1934-cü ilin mayında hətta görünüşünü dəyişdirmək üçün plastik cərraha 5 min dollar ödədi. Cərrah onun bəzi xallarını və çapıqlarını götürdü, çənəsindəki çuxuru doldurdu və daha sonra barmaq izlərini yandıraraq məhv etdi.
Bir neçə həftə sonra Dillinger Çikaqodakı gecə klubunda Polli Hamilton adlı ofisiantla tanış oldu. Onlar görüşməyə başladılar. Lakin Dillinger bu münasibətin onun sonunu gətirəcəyindən xəbərsiz idi.
Bu zaman FBI-ın Çikaqoda yerləşən xüsusi əməliyyat qrupu vardı: sərf Dillingeri yaxalamaq üçün. Qanqster rəsmi olaraq “Cəmiyyətin №1 düşməni” elan edilmişdi. İyulun 21-də rumın əsilli mühacir və fahişəxana sahibəsi Ana Kumpanaş (Anna Seyc kimi də tanınır) agentlərlə əlaqə saxladı və deportasiyadan yayınmasına kömək edəcəkləri təqdirdə Dillinger haqqında məlumat verməyi təklif etdi.
Kumpanaş Hamiltonun dostu idi. O, agentlərə bildirdi ki, ertəsi axşam Dillinger və Hamiltonla birlikdə kinoya getməyi planlaşdırır. Hansı teatra gedəcəklərindən əmin olmadığını söylədi və agentlərin onu tanıya bilməsi üçün narıncı rəngli paltar geyinəcəyini bildirdi.
Beləliklə, 22 iyul 1934-cü il axşamı polis əməkdaşları və FBI agentləri ölkənin ən çox axtarılan cinayətkarını izləmək üçün həm “Marbro”, həm də “Biograph” teatrlarının qarşısında gizləndilər.
.jpg)
Saat 20:30-da agentlər “Biograph” teatrının qarşısında narıncı paltarlı Kumpanaşı gördülər. Dillinger, Hamilton və Kumpanaş “Manhattan Melodrama” filminə baxmaq üçün içəridə olarkən digər əməkdaşlar da hadisə yerinə tələsərək Dillingerin çıxmasını gözləməyə başladılar.
Film başa çatanda Dillinger teatrdan çıxdı və FBI agenti Melvin Purvisin yanından keçdi. Purvis digərlərinə siqnal vermək üçün siqar yandırdı. Dillinger görünür, nə baş verdiyini başa düşdü və silahına əl atdı.
Bu hadisədən cəmi iki ay əvvəl Böyük Depressiya dövrünün məşhur soyğunçuları Bonni və Klayd Luiziana ştatında polis tərəfindən pusquya salınaraq güllələnmişdilər. Dillinger də onların aqibətinə düşərək köməksiz vəziyyətdə öldürülməməkdə qərarlı görünürdü.
Lakin kifayət qədər cəld hərəkət edə bilmədi. Agentlər onun ətrafını mühasirəyə almışdılar. Onlardan üçü Dillingeri qarşısını kəsdikləri dalana qədər təqib etdi. Ümumilikdə altı atəş açıldı və onların dördü Dillingere dəydi. Onun boynunun arxa hissəsinə dəyərək ölümünə səbəb olan gülləni, böyük ehtimalla, agent Çarlz Uinstded atmışdı. 31 yaşlı bank soyğunçusu ehtimal ki, hələ yerə yıxılmamış artıq ölmüşdü.
Con Dillingerin Amerika populyar mədəniyyətində izi
Con Dillingerin İndianapolisdəki “Crown Hill Cemetery” qəbiristanlığında sadə bir qəbirdə dəfn edildi. Qəbirüstü abidəsi ən azı üç dəfə dəyişdirilmək lazım gəldi. Cinayətkara pərəstiş edənlər başdaşını tikə-tikə oğurlayırdılar.
Sonrakı illərdə bəzi insanlar Dillingeri Robin Hud obrazına bənzədirdilər. Çünki o, bir çoxlarının Böyük Depressiyaya görə məsul saydıqları bankları qarət edirdi. Həmçinin bildirilir ki, Dillinger dəstəsi banklarda saxlanılan ipoteka sənədlərini məhv edir və bununla maddi çətinlik çəkən ev sahiblərini borc yükündən azad edirdi.
Bu baxımdan bəzi amerikalılar onu varlılardan alıb kasıblara verən, xalqın tərəfində dayanan bir insan kimi görürdülər.
C. Edgar Huver bu fikirlə razı deyildi. “Chicago Tribune” qəzetinin 1994-cü ildə yazdığına görə, o, belə demişdi: “Con Dillingerin özünü cəngavər kimi təsəvvür etdiyi, keçmiş ədalətsizliklərin qisasını almaq üçün qəddar dünyaya qarşı çıxmaq istədiyi barədə heç bir nümunəni xatırlamıram. Əksinə, o, yalnız özünü düşünən, ucuz şöhrətpərəst, eqoist, xəsis və eybəcər tip idi”.
Kimin haqlı olmasından asılı olmayaraq, Dillingerin obrazı 2009-cu ildə çəkilmiş “İctimai düşmənlər” filminə ilham verəcək qədər böyük idi. Filmdə onun obrazını Conni Depp canlandırıb. Ümumilikdə, Con Dillingerin həyatı və ölümü ən azı 14 filmə, həmçinin bir neçə kitab və televiziya verilişinə ilham verib. Bu da Amerikanın Böyük Depressiya dövrünün məşhur cinayətkarına hələ də kifayət qədər maraq göstərdiyinin təzahürüdür.
Hazırladı: Yadigar Sadıqlı





















