image-2backend

Hamının sevdiyi general: Yüzlərlə kadr yetişdirən Mustafa Nəsirovun həyat yolu

image-ads-728x90

Bəzi insanların həyatını bir neçə cümlə ilə anlatmaq mümkün deyil. Onların ömür yolu təkcə şəxsi bioqrafiya deyil, bütöv bir dövrün hərbi-siyasi tarixinin parçasına çevrilir.

Azərbaycanın ilk sərhədçi generalı, general-mayor Mustafa Cəfər oğlu Nəsirovun həyatı da məhz belə ömürlərdəndir. Onun keçdiyi yol Dərbənddən başlayaraq sovet sərhəd qoşunlarının ən məsul vəzifələrinə, oradan isə müstəqil Azərbaycanın sərhəd mühafizəsinin formalaşdırılmasına qədər uzanır.

image-4

Mustafa Nəsirov 25 oktyabr 1921-ci ildə Dərbənddə anadan olub. 1938-ci ildə Dərbənd Pedaqoji Məktəbini, 1940-cı ildə isə Dağıstan Dövlət Müəllimlər İnstitutunu bitirib. Bir müddət müəllim işləyən gənc Mustafa Nəsirovun həyat istiqaməti İkinci Dünya müharibəsi illərində tamamilə dəyişib.

Mustafa Nəsirov 1942-ci ilin yanvarında hərbi xidmətə çağırılıb. Hərbi yolunun başlanğıcında əsgər kimi xidmət edən Mustafa Nəsirov həmin ilin avqustunda Saratov Sərhəd Qoşunlarının hərbi məktəbinə göndərilib. Müharibə şəraitinə görə üçillik təhsil proqramını daha qısa müddətdə başa vuraraq 1943-cü ildə leytenant rütbəsi ilə sərhəd qoşunlarında zabit kimi xidmətə başlayıb.

Beləliklə, pedaqoq kimi fəaliyyətə başlayan gənc zabit sərhəd mühafizəsi sistemində uzun və mürəkkəb xidmət yoluna qədəm qoyub.

Sonrakı illərdə onun xidməti müxtəlif məsul vəzifələrlə davam edib. Mustafa Nəsirov Qırğızıstan sərhəd dairəsində komandir vəzifələrində çalışıb, 1947-ci ildə Frunze şəhərində qarnizon komendantı təyin olunub. Həmin dövrdə təhsilini də davam etdirərək Qırğızıstan Dövlət Pedaqoji İnstitutunu bitirib. Daha sonra SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Hərbi İnstitutunda təhsil alıb.

Mustafa Nəsirovun hərbi bioqrafiyasında Naxçıvan dövrü xüsusi yer tutur.

1962–1968-ci illərdə o, Naxçıvan Sərhəd Dəstəsinin rəisi olub. Bu vəzifə ona sərhəd xidmətinin təşkili, şəxsi heyətin idarə olunması və sərhəd xəttinin qorunması sahəsində böyük təcrübə qazandırıb.

image-5

Mustafa Nəsirovun xidmət yolu təkcə rütbə və vəzifələrin yüksəlişi ilə ölçülmürdü. O, sərhəd qoşunlarında xidmətin təşkili və təkmilləşdirilməsi ilə bağlı müxtəlif əsərlərin də müəllifi olub. Dövlət Sərhəd Xidmətinin məlumatında onun irəli sürdüyü bir sıra xidmət təşkili ideyalarının keçmiş SSRİ sərhəd qoşunlarında tətbiq edildiyi qeyd olunur.

Mustafa Nəsirovun həyatındakı ən mühüm mərhələlərdən biri 1968-ci ildə başlayıb.

image-1

Həmin il o, Heydər Əliyevin təşəbbüsü ilə SSRİ DTK-nın Zaqafqaziya Sərhəd Dairəsinin hərbi-əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib. Daha sonra 1972-ci ildən Bakıda həmin hərbi-əməliyyat strukturuna rəhbərlik edib və Zaqafqaziya sərhəd dairəsi rəisinin müavini vəzifəsində çalışıb.

1974-cü ildə isə Mustafa Nəsirova general-mayor hərbi rütbəsi verilib.

image-3

Bu, adi karyera yüksəlişi deyildi. Mustafa Nəsirov SSRİ Sərhəd Qoşunlarında general-mayor rütbəsi alan ilk azərbaycanlı sərhədçi kimi tarixə düşdü.

Mustafa Nəsirovun öz xatirələrində də Heydər Əliyevin onun general rütbəsi almasında mühüm rol oynadığını qeyd edirdi.

Mustafa Nəsirovun general rütbəsinə yüksəlməsi yalnız onun şəxsi xidmətlərinin nəticəsi kimi qiymətləndirilmir. Bu hadisə eyni zamanda sovet dövründə azərbaycanlı hərbi kadrların yüksək vəzifələrə irəli çəkilməsi prosesinin mühüm nümunələrindən biri idi.

Bu mənada onun karyerası yalnız bir zabitin yüksəliş tarixçəsi deyildi. Onun ardınca başqa azərbaycanlı zabitlərin də sərhəd qoşunlarında məsul vəzifələrə irəli çəkilməsi üçün yol açılırdı.

1987-ci ildə Mustafa Nəsirov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilib. Bu vəzifədə veteran hərəkatının inkişafında iştirak edib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə onun təcrübəsinə yenidən ehtiyac yaranıb.

1993-cü ildə Mustafa Nəsirov Milli Təhlükəsizlik Nazirliyində sərhəd məsələləri üzrə baş məsləhətçi təyin olunur və 1995-ci ilədək bu vəzifədə çalışır.

Mustafa Nəsirovun həyat yolunun ən mühüm nəticələrindən biri də yetişdirdiyi hərbçilər idi.

Onu tanıyanların xatirələrində generalın gənc zabitlərə xüsusi münasibət göstərdiyi, sərhədçi peşəsinin mahiyyətini onlara aşıladığı qeyd olunur.

Bu baxımdan onun irsi təkcə qazandığı rütbələr və tutduğu vəzifələrlə ölçülmür. Onun yetişdirdiyi və istiqamət verdiyi zabitlər sonrakı illərdə Azərbaycan sərhəd mühafizəsi sistemində xidmət ediblər.

Məhz buna görə Mustafa Nəsirovun adı Azərbaycan sərhədçiliyinin peşəkar məktəbinin formalaşması ilə bağlı xatırlanır.

Mustafa Nəsirov 27 may 2012-ci ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.

Mustafa Nəsirovun həyatına nəzər salanda bir fakt xüsusilə diqqət çəkir: o, 1942-ci ildə sıravi əsgər kimi başlayan hərbi xidmətini general-mayor rütbəsi ilə başa vurub və təxminən 70 il ərzində Azərbaycan hərbi-sərhəd tarixinin müxtəlif mərhələlərinin şahidi və iştirakçısı olub.

Dərbənddə müəllim kimi başlayan həyat yolu onu müharibə illərinin əsgərinə, sərhədçi zabitinə, Naxçıvan Sərhəd Dəstəsinin rəhbərinə, SSRİ sərhəd qoşunlarının yüksək rütbəli zabitinə və nəhayət, Azərbaycanın ilk sərhədçi generalına çevirdi.

Onun ömür yolu bir şəxsin bioqrafiyasından daha böyük məna daşıyır.

Bu, Azərbaycanlı zabitin sovet hərbi sistemində ən yüksək sərhədçi vəzifələrindən birinə qədər yüksəlişinin, milli hərbi kadrların formalaşmasının və müstəqil Azərbaycanın sərhəd mühafizəsinin yaradılmasına ötürülən təcrübənin tarixidir.

Mustafa Nəsirov bu tarixdə öz imzasını qoydu.

Və həmin imza bu gün də Azərbaycan sərhədçiliyinin yaddaşında yaşayır.

Mustafa Nəsirov qeyri-adi bir insan idi. Hər kəsə qarşı qayğıkeş, səmimi və mehriban münasibəti ilə seçilirdi.

Mustafa müəllimlə ilk görüşüm “Xalq qəzeti”nin redaksiyasında olmuşdu. Müsahibə üçün gəlmişdi. Hərb tariximizdən yazan jurnalist olduğumu dedikdən sonra söhbətimiz sual-cavab şəklində davam etdi. Tarixçi olduğumu bildikdən sonra isə bu dəfə özü mənə suallar verməyə başladı.

Elə həmin vaxt gülə-gülə mənə: “Tarixi pis bilmirsən”, – dedi. Ardınca isə “Səninlə söhbətləşərik”, – deyə əlavə etdi.

Zaman keçdi. Onu müsahibə üçün yenidən aradım. Xəstə olduğunu dedilər. Daha sonra Mustafa müəllimin yetişdirdiyi kadrlardan biri, polkovnik Arif Əliyarovla həmsöhbət olduq. Görüş üçün vaxt da müəyyənləşdirdik. Lakin Mustafa Nəsirovla həmin müsahibəni etmək bizə qismət olmadı.

Bəzi görüşlər baş tutmur, amma insanın yaddaşında əbədi iz buraxır. Mustafa müəllimlə ilk görüşüm də mənim üçün belə görüşlərdən biri oldu.

Ruhun şad olsun, böyük insan, əzəmətli general və dəyərli müəllim…

Qoşqar Salmanlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki