image-1backend

İçindən çay axan cənnət guşəsi yaradan kişi – Şirin-şəkər Şəkidən reportaj

image-ads-728x90

Şəki mahalının torpağına qədəm qoyar-qoymaz adamın yadına 35 il əvvəl Cavanşir Quliyev (bəstə), Dilsuz Mustafayev (söz) və Akif İslamzadə (ifa) triosunun ərsəyə gətirdiyi gözəl “Bura Vətəndir” mahnısının sözləri düşür:

“Bu el Şəkidir,
gözəl Şəkidir,
yenə dünyadan
əzəl Şəkidir.

Dağlarının başına yüngülvarı, qırova bənzəyən qar düşmüş Şəki bizi isti qarşıladı. Hava da ilıq idi, insanların baxışı, danışığı da.

Son yarpaqlarını xəzəl edib yerə tökmüş, soyunmuş ağaclar ilk baxışda cansıxıcı ovqat yaradırdı. Amma asanlıqla təsəvvür etmək olurdu ki, bu torpaqlar yazda, yayda necə cənnətə oxşayır və göz oxşayır, ürək açır.

bio-3.jpeg (298 KB)

Dünyanın ən istedadlı rəssamı fantaziyasına güvənərək ecazkar təbiət mənzərəsi yarada bilər, təbiət özü də o mənzərəni əmələ gətirməyi bacarar, ancaq insan oğlunun bataqlığı qurudaraq, tikanlığı, kolluğu təmizləyəyərək, cənnər guşəsi düzəltməsi daha təqdirəlayiqdir. Çünki arxasında uzun illərin əməyi, zəhməti var.

Şəkidə ilk baş çəkdiyimiz məkan belə bir gözəllik məskəni idi. Öyrət kəndindən bir az aralıda Etibar Nuriyev ad-soyadlı sahibkar “BioGarden” adlanan gözəl təsərrüfat yaradıb. Bu, gerçəkdən də dilbər guşədir və 2010-cu ildən etibarən həm də aqroekoloji turizm məkanı kimi fəaliyyət göstərir.

bio-5.jpeg (275 KB)

Təsərrüfatda nələr var, nələr… Bir görsəniz… Etibar kişi ixtisasca iqtisadçı olsa da, ömrünün 18 ilini sərf etdiyi təsərrüfatında aqronomiya xarüqəsi yaradıb. Adamın bağında hər cür ağac var. Məharətli bağban bar mövsümlərində 42 cür ağacdan meyvə dərir. Özü də bu ağacların tingləri dünyanın normal iqlimli ölkələrindən gətirilib, yerli şəraitə uyğunlaşdırılıb. Yalnız bir şabalıd növü tutmayıb, Etibar Nuriyev deyir ki, həmin şabalıd növü dəniz səviyyəsindən 600 metr hündürlükdə yaşaya, yetişə, bar verə bilər, Öyrət kəndi isə dəniz səviyyəsindən 3-4 yüz metr hündürlükdədir. O, dünyanın bir neçə ölkəsində təlim və treninqlərdə olub, məşul olduğu sahənin incəliklərini öyrənib və öyrəndiklərini gəlib Öyrətdə tətbiq edib, hələ başqalarını da öyrədir.

Cərgə ilə, səliqəli şəkildə, aqrotexniki qaydalara tam uyğun olaraq əkilmiş ağaclara ciddi qulluq edilir və ona görə də onların yaxşı məhsulu olur.

Soruşuram ki, bu bağ-bağat, təsərrüfat rentabelli işləyirmi, özünü dolandırırmı. Suallara səbrlə, yerli-yataqlı cavab verən sahibkar-bağban lətif Şəki ləhcəsi ilə deyir ki, bura özünü dolandırmasa, ta burada nə işim vardı.

bio-2.jpeg (351 KB)

Onun bağının ortasındakı şəxsi evinin abadlığına, həyərinin şəraitinə baxanda bilirsən ki, bəli, bu təsərrüfat E.Nuriyevi və onun yanında çalışanlar yaxşı dolandırır, hələ buranın qazancı təsərrüfatın inkişafına yeni investisiya qoyulmasına da çatır.

Daha bir sualı sırf Azərbaycan reallıqlarına nəzərə alaraq verirəm, deyirəm, bura nümunəvi təsərrüfatdır, özünün restoranı, kiçik dükanı var, bəs müftəxor məmurlar gəlib maneçilik törədirlərmi, nəsə umurlarmı. Axı bizdə işıq gələn yerə barmaq tıxamaq şakəri də var.

E. Nuriyev bu sualıma da səmimiyyətlə cavab verir, deyir, bu işə başlayanda nəinki mane olanlar olmadı, əksinə, hamı bacardığı qədər yardımçı oldu, nəticədə belə bir iş alındı.

bio-1.jpeg (296 KB)

Əslində onun bu sözlərinə şübhə etməyə əsas yoxdur. Çünki vaxtilə ona maneçilik törədənlər olsaydı, bu nümunəvi təsərrüfat indiyə qədər yaşamazdı, dağılıb gedərdi. Ya adamın bəxti gətirib, rayonun insaf-mürvətli rəhbərlərinin vaxtına düşüb, ya da o müstəsna fərasət sahibidir. İkisi də ola bilər. Hər halda indi “BioGarden” təkcə yerli adamların yox, xarici turistlərin də ziyarət məkanına çevrilib. Biz orada olanda Pakistanda gəlmiş turistlər vardı.

Təsərrüfatın içində kiçik çaya oxşayan kanal axır. Sonda süni gölə tökülən bu kanal seksiyalara bölünüb: burada nərəkimilər fəsiləsindən uzunburun və qızıl balıq bəslənilir və bir-birinə qarışmırlar. Alabəzək balıqlar da var. Başqa ölkələrdə belə balıqları yemirlər, amma təsərrüfatda çalışanlardan birinin dediyinə görə, bu balıqlar da yeməlidir, qızılbalığın dadına yaxın dadı var.

bio-6.jpeg (210 KB)

Əsas özəllik odur ki, burada bəslənən balıq satış üçün deyil, iştahı çəkən, tamahı kəsən adam onları təsərrüfatın içindəki şüşəbənd kafe-restoranda bişirtdirib nuş edə bilər.

Təsərrüfatın istixanası da var və burada hər cür tərəvəz yetişdirilir. Meyvə-tərəvəzin satışı üçün piştaxtalar da mövcuddur. Kiçik dükanda isə bal, doşab, mürəbbə çeşidləri düzülüb. İntəhası, burada təmiz balın yarım kilosu 25 manat idi – yəqin ki, tam orqanik olduğuna görə.

qumru.JPG (12 KB)

“BioQarden”də toyuq-cücə, ördək-qaz da saxlanılır, amma bura daha çox göyərçinlərin məskənidir. Quşlar insanlardan nəinki qorxmurlar, hətta onlara mərhəmətlə yanaşan insanları qoluna, çiyninə də qonurlar.

Bir sözlə, Etibar kişi bu təsərrüfatı biznes subyektinə çevirməyi bacarıb.

sek-1.jpg (426 KB)

Biz daha sonra Şəkinin başqa diqqətəşayan yerlərində olduq – ipək kombinatında, “Əliəhməd” şirniyyat evində, kəlağayı muzeyində, dulusçuluq sexində. Hər tərəfdə şəkililərin gülümsər çöhrəsi, şirin ləhcəsi ilə qarşılandıq. Adam şübhələnir ki, bəlkə “Şəki” toponiminin əmələ gəlməsində “şəkər” sözünün də rolu var?

Halva hazırlanan sexdə şirniyyat növünün necə hazırlandığına tamaşa etdik. Çalışanların səliqə-səhmanına və hazırladıqları halvanın inqridiyentlərinin gerçəkliyinə söz yoxdur. Bu üzdəndir ki, “Şəki halvası” dillər əzbəridir və öz alıcılarını itirmir. Halva sevənlər bilirlər ki, şirniyyatçılar öz halal mallarına və əməklərinə haram qatmırlar.

64c08933-e352-44be-a097-6021ab0fddd1.jpeg (311 KB)

Dulusçuluq sexində çalışan, hazırladıqları dopuları (piti qabı), cürdəkləri tərifləyən 50-55 yaşlı qadın özündə yaşca böyük alıcı kişiyə “qaqaş” deyə müraciət etməsi isə həm məzəliydi, həm də yüz faiz ticari zəka məsələsiydi.

Bir sözlə, yurdumuzun bütün mahalları, elatları kimi Şəki də doğmadır, əzizdir, şirindir. Hara ayaq basırsansa, hiss edirsən ki, bura vətəndir.

Xalid Kazımlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki