image-1backend

İcra hakimiyyətlərinin ləğvi bizə nə verə bilər? – İqtisadçı alim detalları AÇIQLADI

image-ads-728x90

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin perspektivdə bütövlükdə ölkə üzrə tətbiq oluna biləcəyini bildirib. Bu fikir cəmiyyətdə idarəetmədə mümkün dəyişikliklərlə bağlı müzakirələrə səbəb olub.

image-1

Mövzu ilə bağlı danışan   İqtisad Elmləri üzrə fəlsəfə doktoru və ekspert Arzuman Muradlı qeyd edib ki, Prezidentin səsləndirdiyi bu yanaşma dövlət idarəçiliyinin gələcək inkişaf istiqamətinə dair ciddi və düşünülmüş mesajdır. Onun sözlərinə görə, bu fikir həm postmünaqişə dövründə formalaşan yeni idarəetmə fəlsəfəsinin ifadəsi, həm də Qarabağ və Şərqi Zəngəzurda əldə olunan institusional təcrübənin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

“Həmin ərazilərdə tətbiq edilən idarəetmə modeli klassik inzibati-bürokratik yanaşmadan fərqli olaraq, mərkəzləşdirilmiş strateji qərarvermə ilə çevik icra mexanizmlərinin vəhdətinə əsaslanır. Bu modeldə əsas prioritetlər təhlükəsizliyin təmin edilməsi, sürətli bərpa prosesi, resursların səmərəli bölgüsü və nəticəyönümlü idarəetmədir. Prezidentin xüsusi nümayəndəlik institutu isə paralel və ağır bürokratik mexanizmləri aradan qaldıran, birbaşa məsuliyyət və hesabatlılıq yaradan effektiv idarəetmə aləti kimi çıxış edir. Bu da qərarların icrasını sürətləndirir, vaxt itkilərini minimuma endirir və dövlət siyasətinin real nəticələr verməsini təmin edir. Prezidentin bu yanaşması idarəetmədə dəyişiklik anonsu kimi qəbul edilə bilər, lakin söhbət inqilabi yox, təkamül xarakterli dəyişiklikdən gedir. Yəni məqsəd mövcud idarəetmə sistemini ləğv etmək deyil, səmərəli işləyən mexanizmləri daha geniş miqyasda tətbiq etməkdir.” – deyə Arzuman Muradlı bildirib.

İqtisadçı alim  əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur təcrübəsi düzgün seçilmiş kadrların, güclü siyasi iradənin və mərkəzi hakimiyyətlə yerli icra strukturları arasında birbaşa əlaqənin qısa müddətdə ciddi nəticələr verdiyini açıq şəkildə göstərib.

Arzuman Muradlının sözlərinə görə, bu modelin ölkə üzrə tətbiqi müsbət effekt verə bilər, lakin proses mexaniki şəkildə deyil, regionların sosial-iqtisadi xüsusiyyətləri və institusional hazırlıq səviyyəsi nəzərə alınmaqla mərhələli və diferensial yanaşma əsasında həyata keçirilməlidir.

“Bu gün icra hakimiyyətlərin çoxsaylı ştat cədvəli var.  Ancaq Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelində işçi sayı az olsa belə daha çevik qərarvermə qabiliyyətlərini ortaya qoyurlar. Azad edilmiş ərazilər faktiki olaraq bir növ “idarəetmə laboratoriyası” rolunu oynayır. Burada yeni texnologiyalar, rəqəmsal həllər, planlaşdırma və nəzarət mexanizmləri sınaqdan keçirilir. Bu təcrübənin ölkə miqyasında tətbiqi idarəetmədə nəticəyönümlülüyü və məsuliyyət hissini gücləndirə, qərarların icra məsafəsini qısalda və məmur–vətəndaş münasibətlərində səmərəliliyi artıra bilər. Eyni zamanda, mərkəzi icra hakimiyyəti ilə yerli idarəetmə strukturları arasında koordinasiya daha sistemli xarakter ala bilər ki, bu da dövlətin strateji məqsədlərinin icrasında parçalanma risklərini azaldar. Prezident İlham Əliyevin səsləndirdiyi bu yanaşma idarəetmədə sadə struktur dəyişikliyindən daha çox, dövlət idarəçiliyinin keyfiyyət mərhələsinin dəyişməsinə yönəlmiş siyasi baxış və iradəni ifadə edir. Qarabağ və Şərqi Zəngəzur təcrübəsi göstərir ki, çevik, məsuliyyətə əsaslanan və düzgün qurulmuş idarəetmə modeli real nəticələr verir. Bu modelin ölkə miqyasında tətbiqi isə müasir çağırışlar fonunda zəruri və məntiqi görünür.” – deyə iqtisadçı alim bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki