Korrekt.az “Econews”-ə istinadən xəbər verir ki, İran Ermənistanla siyasi və təhlükəsizlik sahələrində mövcud yaxın münasibətlər fonunda ölkənin mis hasilatı sektoruna investisiyanı geoiqtisadi əməkdaşlığın yeni xətti kimi nəzərdən keçirir.
Tehran hesab edir ki, Azərbaycanın 2020–2023-cü illər arasında bölgədə hərbi üstünlük əldə etməsi İrəvanı Qərb dövlətlərinin maliyyə yardımına asılı vəziyyətə salıb. İranın mövqeyinə görə, Ermənistanın mis mədənlərinə sərmayə qoyuluşu ölkənin iqtisadi müstəqilliyini gücləndirə və Qərbin siyasət şərtlərinə bağlılığını azalda bilər. Bu addım həm də Zəngəzur dəhlizi layihəsinə qarşı strateji balans yaratmaq imkanı kimi qiymətləndirilir.
Regionda geosiyasi rəqabətin artması fonunda ABŞ, Ermənistan və Azərbaycan liderlərinin 8 avqust tarixli birgə bəyanatında təqdim olunan TRIPP planı Tehranda narahatlıq yaradıb. İddialara görə, plan Zəngəzur bölgəsində təhlükəsizliyin ABŞ-ın nəzarətinə verilməsini nəzərdə tutur ki, İran bunu sərhədləri yaxınlığında xarici hərbi-siyasi mövcudluğun artması kimi dəyərləndirir.
İran tərəfi bildirir ki, bu proseslər Qara dənizə çıxış, Şimal–Cənub dəhlizi və bölgədəki tranzit marşrutları üçün potensial risk yarada bilər. Ermənistanın iqtisadi zəifliyi və Qərblə yaxınlığı isə bölgədə güc balansını dəyişdirə və İranın geosiyasi maraqlarını məhdudlaşdıra bilər.





















