image-1backend

Masazır gölünün sahilindəki haqq-hesabın şərhi

image-ads-728x90

İndiyə qədər futbol icmalçılarımızı tənqid edənlərlə razılaşmırdım, deyirdim, oyunları bədahatən şərh etmək meyxana demək qədər çətin işdir, bunu mində bir adam bacarar. Əslində yenə də o fikirdəyəm, amma bir “əmma” var.

Bu da ondan ibarətdir ki, axırıncı dəfə “Sabah”ın Çempionlar Liqasının təsnifat mərhələsində Danimarkanın “Orhus” klubunu Masazır gölünün sahilində incitdiyi oyunin şərh edilməsində iki şey xoşuma gəlmədi.

Bunlardan biri odur ki, şərhçimiz Tural həddən artıq qışqırırdı – var gücüylə, insan beyninə psixoloji təcavüz sayıla biləcək bir desibellə. Nə olub, ay qardaş? Futboldur də. 10 ballıq zəlzələ deyil, 50 metrlik sunami gəlmir, məhəlləyə ballistik raket düşməyib. Bu nə hay-həşirdir? Qol olub, cəhənnəmə, gora olsun, ta camaatı niyə yağı-bağır edirsən?

Bir dəfə sosial şəbəkədə ərəb şərhçinin 20-30 saniyəlik qışqır-bağırını paylaşmışdılar, dinləyəndə adam futbola nifrət edirdi. Sanasan, Beyrutdur, İsrail yenə “Hizbullah”ın ofisini vurub, ölənlər var, yaralılara da təcili ambulans lazımdır.

Ümumiyyətlə, bizim şərhçilərdə belə bir qənaət formalaşıb ki, oyunu nə qədər həyəcanla, qışqır-bağırla şərh etsələr, qol olanda onu “qoooooooooooooooooooooooooooooooooooool” deyə təqdim etsələr, şərh bir o qədər uğurlu olar.

Elə deyil. Biz Nikolay Ozerov, Kote Maxaradze, Çingiz İsmayılov, Valid Sənani, Fikrət Adıgözəlli kimi şərhçilər görmüşük. Onlar bağırmırdılar, sakit şəkildə oyunları şərh edir, qarşılaşan klublar, oyunçular haqqında bolluca informasiyalar verirdilər.

Bu xüsusda Fikrət müəllim daha çox fərqlənirdi: Polşanın Qdansk şərəhində keçirilən şahmat turnirindən, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş qılıncoynatma çempionatından, bir sözlə, həmin günlərdə idmançılarımızın qatıldığı bütün yarışmalardan xəbər verirdi, arada şərh etdiyi oyundan da danışırdı. Belə daha yaxşıydı, oyuna baxa-baxa elə bilirdin “İdman” qəzetini oxuyursan.

Sonra Altay gəldi, topun hərəkət trayektoriyasını saniyə-saniyə deməyə başladı – özü də həyəcanlı şəkildə. “Fənərbağça”nın oyununda isə Gündüz 60 “O” ilə necə “qol” qışqırdısa, səsi Bakıdan İstanbula qədər getdi, nəticədə qardaşı “Bəyaz şou”ya dəvət etdilər.

Xüləs, gərək şərhçilərimiz səslərinin tonunu bir az aşağı eləsinlər. Yoxsa qol olanda futbola baxmayan qonşu ilə bilir ki, özünü eyvandan atan-zad var.

İkinci iradım şərhlər zamanı cinsəlliyə eyhamlı, ikibaşlı, biədəbliyə yaxın ifadələrin işlədilməsinə dairdir. Konkret olaraq, “Sabah”ın oyununda şərhçinin dediyi və xeyli tamaşaçının xoşuna gələn “Masazır gölünün sahilində Danimarkanın “Orhus”unu dağıdırlar” ifadəsi xoşagələn bir şey deyildi. Kimsə deyəcək, burda nə var ki. Deyim, nə var. Bilənlər bilir, bilməyənlər də bilməsələr yaxşıdır. Bu ölkənin söz qoşan, lağlağı edən camiəsində “Lev çayının sahilində” adlı bir arqolu şeir var. “Masazır gölünün sahilində” ifadəsi onu yada salır. “Orhus” kəlməsi isə öz səslənişi ilə “bonus”, “konus”, “anus” kəlmələrinə yaxınlaşır. “Dağıdırlar” da bilirsiniz.

Yadıma düşmüşkən, əfvinizə sığınaraq, redaksiyamızda olmuş bir hadisəni yazım. Təxminən 10 il öncə Suriyadakı vətəndaşı müharibəsində müxaliflər Dəməşq şəhərinə raket atmışdılar. Əməkdaşlardan biri bundan bəhs edən xəbərə “kreativ” başlıq təklif etdi: “Gəlin xəbərə “Bəşər Əsədin Dəməşqini dağıdırlar” başlığı qoyaq”. Gülüşdük. Amma etiraz etdik, dedik, eldən ayıbdır. “Dəməşq” sözü tülkü yuvasının el arasındakı ifadəsi ilə həmahəngdir, üstəlik, onu insan orqanizminin bir yerinə də aid edirlər. İlk baxışdan qəbahət yoxdur, doğrudan da Bəşər Əsədin oturduğu paytaxtı dağıdırlar, amma bu başlıq səslənəndə hamımızı gülmək tutdusa, demək, oxucuda da eyni təəssürat yaranacaq. Bu isə ədəbsizlik demək olacaq. Başlığı o cür vermədik. (Hazırda Dəməşq öz yerindədir, amma Bəşər Əsəd öz canını salamat qurtararaq Moskvaya qaçıb).

Bu məsələnin başqa tərəfi də var. Əgər danimarkalı və niderlandlı şərhçi öz ana dilində “Azərbaycanın “Qarabağı”nı dağıdırlar” və ya “Azərbaycanın “Sabah”ını dəlmə-deşik etdilər” desə, xoşumuza gələr? Gəlməz. Adamın elektron ünvanını və ya sosial şəbəkə səhifəsini tapar və yazarıq: “Rəqibi aşağılamaq olmaz, ay eşşək!”

Bu yerdə Türkiyədə çıxan “Fanatik” qəzetinin “Qalatasaray”ın məşqçisi Mixael Skibbenin istefaya çıxdığı günün səhəri verdiyi manşetdən də bəhs edə bilərəm, amma vaz keçirəm. O daha biədəb söhbətdir. Üstündən 17 il keçib, bəzi “GS” fanatları hələ də “Fanatik”i bağışlamırlar, deyirlər, o manşeti verən ibnəlik edib.

Təklifim budur ki, şərhlərdə (eləcə də yazılarda) söz oyununa yol verək, təhkiyəni, mətni gözəlləşdirək, oynaq, yumorlu edək, amma ifrata varmayaq, ədəbsizlik etməyək, arqo ifadələri çoxişlək hala gətirməyək.

**

Dünya köhnə dünyadır, söyüş sayılan sözlərin adiləşməsi tendensiyası təzədir.

Samir SARI



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki