“Hörmüz boğazı ətrafında gərginlik davam edir. İran boğazın girişinə, ABŞ hərbi gəmiləri isə çıxışına nəzarət edir. Tehranın Hörmüz boğazına nəzarət siyasətindən geri çəkilməməsi bölgə ölkələri ilə yanaşı, İranın özünə də ciddi iqtisadi problemlər yaradır.” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq bildirib ki, ABŞ İran sahillərinə yaxınlaşmaq və ya İrandan neft daşımaq istəyən tankerlərə nəzarəti gücləndirib. Onun sözlərinə görə, İranın əsas gəlir mənbəyi neft ixracı olduğundan, bu sahədə yaranan məhdudiyyətlər ölkənin iqtisadi vəziyyətini daha da ağırlaşdırır.
Arzuman Muradlı qeyd edib ki, yaranmış vəziyyət Hörmüz boğazına alternativ marşrutların axtarışını sürətləndirir.
“Böyük və kiçik dövlətlər neft və sıxılmış qazın nəqlində Hörmüz boğazından asılılığı azaltmaq barədə düşünürlər. Qərb ekspertləri bu məsələdə tarixi nümunələrə müraciət edirlər. Məsələn, Yaponiya 1942-ci ildə Birmanı işğal etdikdən sonra müttəfiq qüvvələri dəstəkləmək məqsədilə Hindistandan Çinə alternativ yol çəkildi. ABŞ generalı Cozef Stilvellin şərəfinə bu yol Stilvell yolu adlandırıldı. Digər nümunə Süveyş kanalı ilə bağlıdır. 1960-cı illərdə Süveyş ətrafında yaranan gərginlik Trans-İsrail boru xəttinin inşasına səbəb oldu. Bu, İran neftinin Avropaya daşınmasını nəzərdə tutan İsrail-İran əməkdaşlıq layihəsi idi. İsrailin neft idxalının 90 faizdən çoxu 1950-ci illərin ortalarından etibarən İrandan gəlirdi. İranda İslam inqilabından sonra isə İsrail boru kəmərinə tam nəzarəti ələ keçirdi. 2020-ci ildə yayılan məlumatlarda bu kəmərin Birləşmiş Ərəb Əmirliklərinin neftinin daşınması üçün də istifadə oluna biləcəyi bildirilirdi”.
Politoloqun sözlərinə görə, 1970-ci illərdə Səudiyyə Ərəbistanının Ərəbistan dənizindəki yeni limana neft kəməri çəkmək üçün Omanın Dofar bölgəsindən dəhliz yaradılması ilə bağlı təklifi də olub. Oman layihənin ölkənin suverenliyinə təsir göstərə biləcəyindən ehtiyat edərək buna etiraz edib. Bununla belə, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin neft yataqlarının Oman limanları ilə birləşdirilməsi ideyası gündəmdə qalıb.
“Hazırda Oman neft və sıxılmış qazın Hörmüz boğazından yan keçməklə dünya bazarlarına çatdırılması layihələrini müzakirə etməyə hazırdır. Əgər 1970-ci illərdə Səudiyyə Ərəbistanının təklifi reallaşsaydı, bu gün İranın Hörmüz boğazı ilə bağlı siyasəti istənilən nəticəni verməyə bilərdi. Çünki tankerlər boğaza daxil olmadan Oman limanları vasitəsilə neft və qazı daşıya bilərdilər”, – deyə Arzuman Muradlı vurğulayıb.
Politoloq Yəməndə husilərin Bab əl-Məndəb boğazında gəmiləri hədəfə almasını da alternativ marşrutların əhəmiyyətini göstərən nümunə kimi qeyd edib. Onun sözlərinə görə, bu hücumlar nəticəsində bir sıra ticarət gəmiləri Avropa və Asiya bazarlarına çatmaq üçün Ümid burnundan keçən daha uzun marşrutdan istifadə etməyə başlayıb.
“Bu yol uzun olsa da, hər halda alternativdir. Azərbaycan vaxtilə doğru qərar verərək neft resurslarının dünya bazarlarına çıxarılması üçün müxtəlif marşrutların yaradılmasına yaşıl işıq yandırdı. Azərbaycan dünyanın nəhəng neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladıqdan sonra Bakı-Novorossiysk neft kəmərinin istifadəyə verilməsini reallaşdırdı. Lakin sonrakı illərdə bununla kifayətlənməyərək Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinin tikintisini də həyata keçirdi. Əgər Azərbaycan 1990-cı illərin ortalarında yalnız Bakı-Novorossiysk kəməri ilə kifayətlənsəydi, bu gün müxtəlif səbəblərdən Rusiya neftimizin dünya bazarlarına daşınmasına mane ola bilərdi. Rusiya-Ukrayna müharibəsi fonunda Novorossiysk limanından daşımalar üçün yaranan risklər də Azərbaycanın neftinin bu marşrutla nəqlini çətinləşdirə bilərdi. Qazaxıstanın Novorossiysk limanından asılı vəziyyətə düşməsi də neftinin dünya bazarlarına çıxarılmasında çətinliklər yaradır. Bu səbəbdən Astana alternativ marşrut kimi Azərbaycanın neft kəmərlərindən istifadəyə çalışır”, – deyə politoloq əlavə edib.





















