Əhalinin ən çox üz tutduğu “Baku Electronics”, “ABC Telecom” kimi ticarət şəbəkələrinin saxtakarlığı üzə çıxdı; Eyyub Hüseynov: “İlk sırada ”Kontakt Home” gəlir”
Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir. Belə ki, haqsız rəqabətə yol verməklə rəqabət qanunvericiliyinin tələblərini pozduğuna görə bir sıra təsərrüfat subyektlərinə icrası məcburi göstərişlər verilib.
Agentliyə daxil olmuş şikayətlər əsasında 6 təsərrüfat subyekti – “Baku Electronics” MMC, “ABC Telecom” MMC, “Trust Lux” MMC, eləcə də fiziki şəxslər Quliyev Pərviz Məmmədhüseyn oğlu, Qurbanov Vüsal Nəriman oğlu və Vəliyev Dadaş Azadəli oğlu barəsində rəqabət qanunvericiliyinin tələblərinə uyğun olaraq ilkin araşdırma aparılıb və haqsız rəqabətə yol verilməsi əlamətləri aşkar olunub. Qeyd olunan təsərrüfat subyektləri haqqında rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və işə baxılması üzrə müvafiq qərarlar qəbul edilib.
İşə baxılmanın yekununda “Baku Electronics” MMC tərəfindən “YOSHIRO” markalı məişət texnikası və elektronika məhsullarının reklamı və satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə edildiyi, məhsulların faktiki istehsal ölkələrinin Çin və Özbəkistan olmasına baxmayaraq, məhsulların reklamı zamanı, eləcə də qablaşdırmasında “Yapon ənənəsi”, “Yapon keyfiyyəti” kimi ifadələrdən istifadə edilməklə onların Yaponiyada istehsal olunduğu təəssüratının yaradıldığı, həmçinin məhsullar barədə həqiqətə uyğun olmayan üstünlüklərin təqdim olunması ilə haqsız reklamdan istifadə edildiyi və bununla da Rəqabət Məcəlləsinin tələblərinin pozulduğu müəyyən olunub.
Həmçinin “ABC Telecom” MMC tərəfindən “HOFFMANN” markalı elektrik qızdırıcılarının satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə edildiyi, məhsulların faktiki istehsalçısının Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə edilməklə onların həmin ölkədə istehsal olunduğu təəssüratının yaradıldığı və bununla da, Rəqabət Məcəlləsinin tələblərinin pozulduğu müəyyən edilib.
“Trust Lux” MMC tərəfindən isə “Y.A.Ş” əmtəə nişanlı bir sıra sanitar-texniki məhsulların faktiki istehsal ölkəsinin Çin olmasına baxmayaraq, qablaşdırmada Türkiyəyə aid məlumatlar, xəritə təsviri, ştrixkod və Türkiyə türkcəsində ifadələrdən istifadə edilərək onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaradılıb, eləcə də məhsulların mənşəyi və xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan məlumatlar verilməklə istehlakçılar çaşdırılıb və bu hallar Rəqabət Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Həmçinin bu kimi digər nöqsanlar və qanunsuzluqlar barədə əhaliyə məlumat çatdırılıb. Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə yuxarıda adları qeyd olunan təsərrüfat subyektlərinə icrası məcburi göstərişlər verilib.
Ümumiyyətlə, bu firmalardan tez-tez şikayətlər olur. Hərçənd onlar müştəri məmnuniyyətində maraqlı olmalıdırlar. Bəs niyə onlar “öz ayağına güllə sıxır”, yəni reputasiyasını zədələyir və cəmiyyətdə etimadı itirir? Axı məntiqlə onlar imicini qorumaqda maraqlı olmalıdır…
İqtisadçı Natiq Cəfərli açıqlamasında bildirib ki, yaşanan hallarla bağlı qanunvericilik bazası mövcuddur. Onun sözlərinə görə, ilk dəfə üçün cərimənin məbləği daha az olacaq: “Bu, xəbərdarlıq xarakterli olacaq ki, firmalar qablaşdırmaları dəyişdirsin. Növbəti dəfələr eyni şey təkrar olunsa, həddən artıq böyük cərimələr nəzərdə tutulacaq. Bu, hətta həmin şirkətlərin bağlanmasına qədər gedib çıxa bilər. Ona görə də düşünürəm ki, istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar görülən işləri normal dəyərləndirmək lazımdır. Alıcını aldatmaq böyük cərimələr tələb edir.
Bəs şirkətlər niyə bunu edir? Çünki insanlarımız digər ölkələrdə, məsələn, Özbəkistanda istehsal olunan məhsullara maraq göstərmirlər, ehtiyat edirlər. Buna görə də şirkətlər fırıldağa əl atır, istehsalçı ölkəni Yaponiya, Almaniya kimi göstərir. Burada məhsulun qiyməti məsələsinə də diqqət yetirmək lazımdır. Belə ki, başqa ölkədən gətirdiyi məhsulu Almaniya, Yaponiya istehsalı göstərməklə qiyməti şişirdə bilirlər. Deyirlər ki, texnologiya əsaslı ölkədən gətirilib və onu ucuz sata bilməzlər. Alıcı da fikirləşir ki, bu məhsul Yaponiyadan gəlibsə, deməli, keyfiyyətlidir və buna baha qiymətə pul verməyə dəyər. Bizim şirkətlər pul qazanmaq istəyir, amma öz imiclərini və alıcının hüquqlarını nəzərə almırlar. Çünki bilirlər ki, Azərbaycanda seçim imkanı məhduddur. Məsələn, bir neçə böyük mağazalar şəbəkəsi var ki, onlardan başqa məişət texnikası satan şirkətlərin sayı çox azdır. Bu şirkətlər də anlayır ki, müştərinin gedəcək başqa yeri yoxdur, sonunda gəlib onlardan məhsul almağa məcbur olacaq. Ancaq mağazalar şəbəkəsi çox olsaydı, bu sadaladığımız firmalar öz imicləri barəsində düşünüb alıcıları aldatmazdılar. Daha çox reklama pul xərcləyərdilər, endirim kampaniyaları edərdilər”.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da qəzetə mövzu ilə bağlı danışıb: “O firmalar çoxdan intihar etməli idilər. Əgər ölkəmizdə normal istehlakçı siyasəti inkişaf etmiş olsaydı, onlar boykot edilməliydi. Mən illər boyu arzulamışam ki, bu firmalarda yoxlamalar aparılsın. Bu firmalardan şikayət yağış kimi yağırdı. İlk sırada “Kontakt Home”, daha sonra “Baku Electronics” MMC gəlir. İstehlakçıları aldatmaqda “Kontakt Home” birinci yerdədir. Mən hətta bu firmanın rəhbəri ilə görüşmək istəmişəm, ancaq alınmayıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciətlər etmişəm ki, bu şirkətlərin rəhbərlərini toplayın və məni də o görüşlərə dəvət edin. Bu şirkətlər “pulu verdin mənə, itil cəhənnəmə” prinsipi ilə işləyirlər.
Şirkətlər istehlakçıya gah deyirdi ki, telefonu cızmısan, gah da bildirirdi ki, telefon su keçirib. Özləri belə edirdi ki, alıcı zay məhsulu geri qaytarmasın. “Kontakt Home” heç bir hüquqi əsası olmayan ŞEŞ-QOŞA oyunu keçirir. İstehlakçı oynayır və heç nə udmur. Daha sonra oradan fen alır. Evə gələndə görür ki, fen işləmir, onu geri qaytarmaq istəyəndə şirkət deyir ki, “yox, sən ŞEŞ-QOŞA oynamısan, biz geri qaytara bilmərik”.
Harada yazılıb ki, bu oyunu oynasa, alıcı malı geri qaytara bilməz? Bəzən isə alıcı zay məhsulu geri qaytarır və bununla bağlı əlində arayış olur. Lakin bir ildən sonra firma onu məhkəməyə verir ki, sənin kredit borcun var. Mən illərdir ki, bu şirkətləri baykot etməyə çağırıram. Onların aldatma növləri çoxdur. Hətta Agentlik belə bu gizlinləri tapa bilməz. “Kontakt Home”yə etdiyim müraciətlər həmişə cavabsız qalır və məsələ həll olunmur. “Baku Electronics” MMC-də isə bəzən həll etmək mümkündür.
“Kontakt Home” “Music Gallery”ni alandan sonra şikayət yağış kimi yağmağa başladı. Hazırda fəxrlə demək olar ki, “İrşad” mağazalar şəbəkəsindən heç bir şikayət bizə daxil olmur”.“Yeni Müsavat”





















