“Regionda vəziyyət gərgindir və bu çətin durumdan çıxış yolları tapılmalıdır. İranda hakimiyyət daxilində güclü parçalanmalar müşahidə olunur.”– bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Arzuman Muradlı qeyd edib ki, Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefon əlaqəsi saxlayaraq ölənlərə başsağlığı verir, seçilən yeni dini lideri təbrik edirlər.
“Lakin bir neçə saat sonra İran ərazisindən qonşu ölkələrə dron atılması regionda gərginliyi artırır.İran Prezidenti qonşu ölkələrdən üzr istəməklə SEPAH generallarının təxribatlarını ört-basdır etməyə çalışsa da, növbəti dron Məsud Pezeşkianın səylərinin üstündən xətt çəkir. Belə vəziyyət nə qədər davam edəcək?” – deyə politoloq bildirib.
Arzuman Muradlı əlavə edib ki, Azərbaycan və Türkiyə müharibənin əleyhinədir, danışıqlara üstünlük verirlər və İranın ərazi bütövlüyünü dəstəkləyirlər.
“Buna baxmayaraq, İrandakı mühafizəkar rejim SEPAH generalları ilə birgə qonşu ölkələrə qarşı təxribatlara davam edir.Türkiyədə ictimai rəy anti-İsrail və anti-Amerika mövqeyindədir, Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Buna baxmayaraq, Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər və İrandan atılan dronlar hər iki dövləti narahat edir. Bu şəraitdə Şuşa bəyannaməsi çərçivəsində iki dövlət arasında siyasi və hərbi koordinasiyanı gücləndirmək vacibdir” – deyə Arzuman Muradlı bildirib.





















