Yaxın Şərqdə İran, İsrail və ABŞ arasında gərginliyin artması regionda genişmiqyaslı müharibə riskini yüksəldib və bu proses qlobal enerji bazarına ciddi təsir göstərib. Bu barədə saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloqun sözlərinə görə, baş verən hadisələr nəticəsində dünya bazarında enerji resurslarının, xüsusilə neft və qazın qiyməti kəskin şəkildə artıb.
“İran, İsrail və ABŞ arasında yaranan müharibə faktiki olaraq Yaxın Şərqdə böyük qarşıdurmanın başlanmasına səbəb olub. Məhz bu səbəbdən dünya enerji bazarında ciddi dalğalanmalar müşahidə olunur və neft-qaz qiymətləri sürətlə yüksəlir”, – deyə Arzuman Muradlı qeyd edib.
Onun sözlərinə görə, mövcud vəziyyətdə enerji qiymətlərinin artması bir sıra ixracatçı ölkələr üçün iqtisadi baxımdan sərfəlidir.
“Hazırda neft və qazın bahalaşması Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi enerji ixrac edən ölkələrin maraqlarına uyğundur. Bazarda əsas söz sahiblərindən biri də məhz Azərbaycandır”, – politoloq vurğulayıb.
Arzuman Muradlının fikrincə, Yaxın Şərqdəki müharibə səbəbindən regionun əsas enerji istehsalçıları bazara əvvəlki kimi təsir göstərə bilmir.
“Hazırda Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı müharibə səbəbindən bazara istədikləri kimi təsir edə bilmirlər. Bu səbəbdən də enerji qiymətlərində ciddi bahalaşma müşahidə olunur”, – deyə o bildirib.
Politoloqun sözlərinə görə, hazırda dünya birjalarında neftin qiyməti 119–120 dollar civarında dəyişir və bu, kifayət qədər kəskin artım hesab olunur.
“Əgər müharibə uzun müddət davam edərsə, neftin qiyməti 150 dollar həddini də keçə bilər”, – Muradlı əlavə edib.
Ekspert qeyd edib ki, enerji qiymətlərinin artması xüsusilə Avropa və bəzi ərəb ölkələri üçün iqtisadi baxımdan mənfi nəticələr doğura bilər.
“Bahalaşma daha çox Avropa ölkələrinə və ərəb dövlətlərinə ziyan vurur. Bu prosesdə əsas qazanan tərəflərdən biri isə Azərbaycandır”, – politoloq vurğulayıb.
Arzuman Muradlı sonda qeyd edib ki, mövcud geosiyasi vəziyyəti nəzərə alsaq, müharibənin yaxın günlərdə başa çatması ehtimalı olduqca aşağı görünür.





















