Elm və texnologiyanın inkişafı həyatımıza bir çox yeniliklər gətirib. Texnologiyanın sürətli inkişafı nəticəsində gündəlik işlərimizi daha asan və qısa zamanda yerinə yetiririk. Keçmişə nəzər saldıqda texnologiyanın kifayət qədər inkişaf etməməsi səbəbindən insanların bir çox işdə böyük çətinliklərlə üzləşdiyini görürük. Müasir dövrdə isə sadəcə bir düyməyə toxunmaqla bir sıra işləri asanlıqla həyata keçirə bilirik.
Paltaryuyan və qabyuyan maşınlar, robot tozsoranlar və digər məişət texnologiyaları insanların əməyini xeyli yüngülləşdirib. Əvvəllər informasiyanın bir yerdən digər yerə çatdırılması üçün saatlarla, hətta günlərlə vaxt tələb olunurdu. Ağıllı telefonların meydana çıxması isə insanların bir-biri ilə saniyələr ərzində əlaqə saxlamasına imkan verdi. Artıq dostlarımızın və tanışlarımızın səsini eşitmək, üzünü görmək üçün uzun məsafələr qət etməyə ehtiyac yoxdur. Müasir kommunikasiya vasitələri uzaqda olan insanları bir-birinə yaxınlaşdırıb.
Bu gün iş yerlərini kompüter və digər texnoloji vasitələr olmadan təsəvvür etmək demək olar ki, mümkün deyil. Texnologiyanın gələcək inkişafı ilə telefon vasitəsilə görüntü və səsdən əlavə qoxunun da ötürülə biləcəyi barədə fikirlər səsləndirilir. Məsələn, gələcəkdə aşpazların hazırladığı yeməklərlə bağlı videolara baxarkən həmin yeməklərin qoxusunu da hiss edə biləcəyimiz ehtimal olunur. Həmçinin ödəniş və maliyyə əməliyyatlarının daha da rəqəmsallaşacağı, insanların gündəlik həyatında nağd puldan istifadənin azalacağı proqnozlaşdırılır.
Son illərdə həyatımıza daxil olan süni intellekt texnologiyaları isə bu dəyişiklikləri daha da sürətləndirib. ChatGPT kimi süni intellekt sistemləri insanların suallarını cavablandırır, müxtəlif mətnlər hazırlayır, riyazi məsələlərin həllində kömək edir, proqramlaşdırma və tərcümə kimi sahələrdə dəstək göstərir. Bu imkanlar texnologiyanın insan həyatında rolunun getdikcə artdığını göstərir.
Lakin burada mühüm bir sual ortaya çıxır: Texnologiya inkişaf etdikcə insanlar da inkişaf edir, yoxsa əksinə, tədricən robotlaşırlar?
Bu gün bəzi insanlar qarşılaşdıqları hər hansı problemi düşünərək həll etmək əvəzinə dərhal süni intellektə müraciət edirlər. Xüsusilə gənclər arasında dərs tapşırıqlarının hazır şəkildə süni intellekt vasitəsilə yerinə yetirilməsi halları müşahidə olunur. Bu isə texnologiyadan düzgün istifadə edilmədikdə insanın müstəqil düşünmə, araşdırma və problem həll etmə bacarıqlarının zəifləməsinə səbəb ola bilər.
Digər tərəfdən, robot texnologiyalarının inkişafı da bir sıra peşələrin gələcəyini sual altında qoyur. Artıq bəzi ölkələrdə sürücüsüz avtomobillərdən istifadə olunur. Bu avtomobillər yol hərəkəti qaydalarına uyğun hərəkət edir, piyada keçidlərində dayanır və təhlükəsizliyi təmin etməyə çalışırlar. Gələcəkdə kuryer, sürücü, jurnalist, müəllim və digər peşələrin müəyyən hissəsində robotların və süni intellekt sistemlərinin daha geniş istifadə olunacağı gözlənilir.
Təbii ki, texnologiyanın insan əməyini əvəz etməsi yeni problemlər də yarada bilər. Əgər müəyyən peşələr tamamilə avtomatlaşdırılarsa, bəzi insanların işsiz qalması mümkündür. İşsizlik isə həm maddi çətinliklərə, həm də sosial problemlərə yol aça bilər. Buna görə də texnoloji inkişafla yanaşı, insanların yeni bacarıqlar qazanması və gələcəyin peşələrinə hazırlanması da vacibdir.
Əslində isə problem robotların insanları əvəz etməsində deyil. Əsas məsələ insanların öz düşünmə və öyrənmə qabiliyyətlərini texnologiyaya təhvil verməməsidir. Süni intellekt insanın köməkçisi ola bilər, lakin insanın düşüncəsini tamamilə əvəz etməməlidir.
Zəkası, müdrikliyi, yaradıcılığı və empatiya qabiliyyəti ilə seçilən insanları texnologiyanın passiv istifadəçiləri əvəz etməməlidir. Əks halda texnologiya insan həyatını asanlaşdırmaq əvəzinə insanın özünü texnologiyadan asılı vəziyyətə sala bilər.
Bəlkə də gələcəyin ən böyük sualı məhz budur: Robotlar insanlaşacaq, yoxsa insanlar robotlaşacaq? Cavab isə texnologiyanın özündən daha çox, bizim ondan necə istifadə etməyimizdən asılıdır.
Könül Mürsəliyeva





















