Yüksək elektrik xərclərindən bezən vyetnamlı gənc həll yolunu evinin yanından keçən çayda tapıb. O, sadə kərpic və sementdən istifadə edərək hazırladığı mikrohidroelektrik sistem vasitəsilə çayın axınından elektrik enerjisi istehsal etməyə başlayıb.
Korrekt.az xəbər verir ki, şəhər elektrik şəbəkəsindən və yüksək enerji xərclərindən asılı qalmaq istəməyən gənc evinin yaxınlığından keçən çayın potensialından istifadə etmək qərarına gəlib.
O, öz imkanları ilə kiçik hidroelektrik qurğu hazırlayıb və sistemin hazırlanma mərhələlərini sosial mediada paylaşıb. Layihə qısa müddətdə böyük marağa səbəb olub.
Gənc bahalı və mürəkkəb avadanlıqlar əvəzinə əsas tikinti materiallarından istifadə edib.
Çayın su axınını dəyişdirərək onu turbinin yerləşdiyi hissəyə yönəldən kanal inşa edib. Güclü su axını nəticəsində fırlanan çarxı generatora birləşdirərək mexaniki enerjini elektrik enerjisinə çevirib.
Beləliklə, çayın təbii axınından istifadə etməklə ev üçün elektrik enerjisi istehsal edən mikrohidroelektrik sistem yaradılıb.
Günəş panellərindən fərqli olaraq sistemin işləməsi üçün günəş işığına ehtiyac yoxdur. Çayda su axını davam etdiyi müddətdə qurğunun elektrik istehsal edə bildiyi bildirilir.
Gənc istehsal etdiyi elektrik enerjisinin evdə istifadə olunan elektron cihazlara uyğun olması üçün sistemə xüsusi gərginlik tənzimləyicisi də əlavə edib.
Bu qurğu sayəsində evinin enerji tələbatının çayın gücündən istifadə etməklə qarşılandığını bildirən gənc elektrik xərclərini əhəmiyyətli dərəcədə azaltmağı bacarıb.Musavat.com





















