Ukraynanın dronlarlarla Rusiyanın Rostov-na-Donu şəhərində tankerə hücumu zamanı baş verən partlayışın görüntüləri internetdə yayılıb. Korrekt.az xəbər verir ki, video SHOT Telegram kanalı tərəfindən paylaşılıb.
Müşahidə kamerasının qeydə aldığı kadrlarda əvvəlcə parlaq işıq, ardınca isə güclü partlayışın baş verdiyi görünür.
Məlumata görə, hücum gecə saat 01:00 radələrində Rostov vilayətində həyata keçirilib. Şahidlər şəhər səmasında ardıcıl olaraq beş partlayış səsinin eşidildiyini bildiriblər.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar hücum nəticəsində Rostov şəhərində bir gəmiyə, eləcə də regional mərkəzdə və Batayskda mülki infrastruktura ziyan dəydiyini açıqlayıb.
Rostov meri Aleksandr Skryabin hadisədən sonra tankerdə yanğın baş verdiyini bildirib. İlkin məlumata görə, ekipaj üzvləri arasında ölən və yaralananlar var. Bununla belə, neft sızıntısının qeydə alınmadığı vurğulanıb.
Hazırda təcili yardım və yanğınsöndürmə xidmətləri hadisə yerində işləyir, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.





















