image-1backend

Özünə qəbir qazdıranlar cərimələnəcək

image-ads-728x90

İlahiyyatçı hesab edir ki, şəhərlərdə qanunların tətbiqi ən uyğun variantdır, kəndlərdə isə…

Azərbaycanda qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə qanunla qadağa qoyulub. Nazirlər Kabinetinin 522 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir.

Deputat Razi Nurullayev deyib ki, bu qərar qəbiristanlıqlarda torpaq sahələrinin daha səmərəli və ədalətli bölüşdürülməsinə, eləcə də bu sahədə qeyri-rəsmi satışın qarşısının alınmasına yönəlib.

Onun fikrincə, bu məsələ cəmiyyətdə yalnız inzibati qaydalar çərçivəsində qiymətləndirilmir. Çünki bir çox şəxslər yaxınlarının, xüsusilə həyat yoldaşlarının yanında dəfn olunmalarını istəyirlər. Bu səbəbdən də qanunda yalnız bir istisna nəzərdə tutulub. Vəfat etmiş şəxsin həyat yoldaşı yazılı müraciət etməklə onun qəbrinin yanında yerləşən qonşu qəbir yerini əvvəlcədən rezervasiya edə bilər. Müəyyən edilmiş tələbi pozanlar 500 manatdan 1000 manatadək cərimə edilə bilərlər.

Vətəndaşların əvvəlcədən qəbir yeri almasının səbəbi artıq boş torpaq tapmağın mümkünsüzlüyüdür. Ona görə vətəndaşlar əvvəlcədən torpaq alırlar ki, sonradan yaxınları belə bir problemlə üzləşməsinlər.

Əslində bu, yeni qəbul edilmiş qərar deyil. Qadağa 2018-ci ildən qüvvədədir. Amma indi daha da aktuallaşıb. Düzdür, bir istisna var – ər və ya arvad vəfat etmiş həyat yoldaşının yanında dəfn olunmaq üçün qonşu qəbir yerini əvvəlcədən rezervasiya edə bilər. Yəni valideyn, övlad, qardaş və ya bacı ilə gələcəkdə yanaşı dəfn olunmaq istəyən şəxslər üçün bu istisna nəzərdə tutulmayıb.

Lakin ümumən bu qərarın verilməsi və cərimə nəzərdə tutulması nə dərəcədə düzgündür? Onu da deyək ki, Bakı əhalisinin və tikililərin artması qəbiristanlıqlar üçün yeni torpaq sahələrinin ayrılmasını çətinləşdirir…

Uşaqların İslam dininə məcbur edilməsinə qadağa qoyan qanun dinimizin  prinsiplərinə tam uyğundur” - Ağa Hacıbəyli - Patrulaz.Az

İlahiyyatçı Ağa Hacıbəyli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Hər şeydən öncə, İslam dini bir mədəniyyət dinidir. Bu dinin çox çalarları içərisində işin bir parçası da ölüm və ölümdən sonrakı həyat, qəbir, dəfn və sair bu kimi əməllər dayanır.

Çox qəribədir ki, İslam deyəndə ağıla ən çox gələn məsələlərdən biri də ölümdür, ölümdən sonrakı həyatdır. Sanki bu dünyada insan ömrü boyu yaşayır, heç ona İslam lazım deyilmiş kimi bir baxış da var. Hər halda, bu da yanlış bir baxışdır. Ümumiyyətlə, qəbiristanlıqların bir alış-veriş yerinə çevrilməsi dinimiz baxımından doğrudan da böyük bir rəzalətdir.

Çünki insan artıq vəfat edibsə, bu insana, vəfat etmiş insana kəfənləmək, ona qəbir qazmaq, o adamın axirətə yola salınması və torpağa qoyulması, namazının qılınması, dualarının edilməsi, halallaşması var ikən, bir tərəfdən də bir bazarlıq qurulub. Bu, doğrudan da böyük bir problemdir”.

İlahiyyatçı qeyd edib ki, xüsusilə bu cür “bazarlıq”ları daha çox böyük şəhərlərdə, böyük qəbiristanlıqlarda edirlər: “Çünki orada yer qıtlığı həmişə olub, getdikcə o torpaqlar azalır. Ona görə orada öncədən insanlar rezerv etməyə çalışırlar.

Məsələn, həyat yoldaşı vəfat edib, yaxud da bir şəhid anasıdır. Deyir ki, atamla bir yerdə, yaxud da həyat yoldaşımla bir yerdə, ailəmlə bir yerdə olmaq istəyirəm. Bu kimi istəklər meydana çıxır ki, burada narazılıq da meydana çıxa bilir. Amma hər halda, əgər qəbiristanlıqlara bələdiyyələr və yaxud dövlət tərəfindən ciddi nəzarət olsa, vətəndaş da bilsə ki, onun övladı və yaxud özü, yaxud atası, anası vəfat edəndə, ümumiyyətlə, orada torpaqla bağlı bir sıxıntı olmayacaq, öncədən rezerv etməyin nə mənası var? Bu məsələ kökündən həll olunmuş olar. Qərarda ən yaxın adam həyat yoldaşı olaraq göstərilir. Ümumiyyətlə, kənd yerlərinin qəbiristanlıqlarına gedəndə görürük ki, adamların nəsillikcə yerləri var, orada geniş ərazilər var. Bu ərazilərdə bir o qədər də problem olmur. Əksər hallarda nəsillikcə baba, nənə, ata, ana, qardaşlar, əmilər, dayılar hamısı bir yerdə, ziyarət də bir yerdə gerçəkləşir.”

Hüquqşünas Ramil Süleymanov hesab edir ki, qəbir yerlərinin qabaqcadan satışı və ya bron edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb: “Vətəndaşlar tərəfindən artıq tutulmuş ərazi varsa, daşınmaz əmlakın dövlət reyestrinin tələblərinə dair müvafiq sənədlər təqdim olunmaqla həmin əraziyə çıxarış əldə etmək mümkündür. Amma bu o demək deyil ki, vətəndaşlar öncədən qəbir yeri ala bilər. Qəbiristanlıqlar tamamilə bələdiyyələrin tərkibinə keçməsə, bu kimi problemlər davam edəcək”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki