Ukrayna müvəqqəti “cəbhənin dondurulmasına” hazırdır, lakin Donbasdan qoşunlarını tam çıxarmaq tələbinə qəti etiraz edir.
Korrekt.az xəbər verir ki, Berlin şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ nümayəndə heyəti arasında gərgin danışıqlar keçirilib.
Almaniyanın Bild nəşrinin məlumatına görə, tərəflər ABŞ-ın “sülh planını” müzakirə ediblər. Avropada bu plan əvvəllər Rusiya Prezidenti Vladimir Putinin “arzu siyahısı” kimi qiymətləndirilmişdi.
Nəşr yazır ki, əsas fikir ayrılığı ərazi məsələsindədir. Planda Krım, Luqansk və Donetsk ərazilərinin “de-fakto Rusiya tərəfindən tanınması” və Xerson, Zaporojye bölgələrində cəbhə xəttinin dondurulması təklif olunur.
Bild-in məlumatına görə, Ukrayna müvəqqəti cəbhənin “dondurulmasına” və Rusiya tərəfindən işğal edilmiş ərazilərin müəyyən hissəsinin itirilməsinə hazır olsa da, Donbasdan qoşunlarını tam çıxarmaq tələbinə qəti etiraz edir.
ABŞ Ukraynanın Donetskdə təxminən 5600 kv.km ərazidən çəkilməsini təklif edib. Bu ərazi “demilitarizə olunmuş iqtisadi zona”ya çevriləcək və orada Rusiya qoşunları olmayacaq. Moskva isə dərhal ideyanı dəstəkləyib, lakin öz şərtini irəli sürüb – yalnız Rusiya Qvardiyasının oraya daxil olmasını istəyib.
Ukraynalı yüksək vəzifəli rəsmilərdən biri Bild-ə bildirib:
“Bunu qəbul etmərik. Bu, Ukrayna ordusunun kapitulyasiyasına bərabər olardı.”
Cavab olaraq, Zelenski öz təklifini irəli sürüb:
“Əgər Ukrayna qoşunları beş-on kilometr geri çəkilirsə, niyə Rusiya qoşunları işğal edilmiş ərazilərin dərinliyinə eyni məsafədə geri çəkilməməlidir?”
Dünən Ukrayna və ABŞ nümayəndə heyətləri Berlin şəhərində görüş keçirib. ABŞ-ın xüsusi nümayəndəsi Uitkoff gecə açıqlamasında danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə edildiyini bildirib.
Avropa liderləri isə bu gün Zelenski və ABŞ rəsmiləri ilə görüşərək “sülh planı” üzrə razılaşmanı təşviq etməyə çalışacaqlar.





















