Rusiya hökuməti Rusiya Dəmir Yollarına (RJD) Moskvanın mərkəzində yerləşən 62 mərtəbəli göydələnini satmağı tapşırıb. Korrekt.az xəbər verir ki, bu qərarın məqsədi şirkətin 50 milyard dollarlıq borcunun bir hissəsini ödəməyə kömək etməkdir.
Reuters agentliyinin məlumatına görə, təxminən 700.000 nəfərin çalışdığı dövlətə məxsus RJD son illərdə Rusiyanın hərbi və iqtisadi siyasətindən dolayı gəlirlərində azalma müşahidə edib, borc xərcləri isə son 20 ilin ən yüksək faiz dərəcələri səbəbindən kəskin artıb.
Mənbələr bildirirlər ki, satışa çıxarılacaq Moskva Qüllələri göydələnlər kompleksi ötən həftə hökumət iclasında müzakirə olunub. Binanın 2024-cü ildəki alış qiymətindən aşağı olmamaq şərti ilə satılması nəzərdə tutulur. Əgər alıcı tapılarsa, bu, RJD-nin borc yükünü azaltmağa və yük daşımaları üzrə qiymət artımının qarşısını almağa imkan verəcək.
Eyni zamanda, bank borcunun bir hissəsinin səhmlərə çevrilməsi variantı hələ də müzakirə olunur. RJD, Maliyyə Nazirliyi və Mərkəzi Bank bu məsələni üç il müddətinə səhmlərin çevrilməsi imkanını nəzərdən keçirir. Lakin RJD-nin ən böyük kreditoru VTB bankının baş direktoru Andrey Kostin bildirib ki, kreditorlar borcun səhmlərə çevrilməsi təklifini rədd ediblər.
Mütəxəssislər qeyd edir ki, Rusiya iqtisadiyyatındakı yavaşlama, yüksək faiz dərəcələri və müharibədən qaynaqlanan xərclər şirkətləri bu cür addımlar atmağa məcbur edir. Eyni zamanda, ölkədə qida istehsalı 2009-cu ildən bəri ilk dəfə azalıb və federal büdcə hərbi xərclərə görə rekord həddə çatıb.
Bloomberg isə bildirir ki, Moskva Ukraynaya hücumun iqtisadi nəticələrini illər boyu ödəyəcək, çünki hökumət hərbi büdcədəki boşluğu doldurmaq üçün borclanmanı sürətlə artırır.



















