image-1backend

Ukraynanın yeni qorxunc silahı: Rusiya bu silah qarşısında acizdir

image-ads-728x90

Ukrayna–Rusiya müharibəsində döyüş meydanında yeni bir texnologiyanın tətbiqi diqqət çəkib. Korrekt.az xəbər verir ki, Rusiyanın ən təhlükəsiz limanlarından biri hesab edilən Novorossiysk limanında Ukraynaya məxsus pilotsuz kamikaze sualtı nəqliyyat vasitəsinin görülməsi müharibədə yeni mərhələnin başlandığına işarə kimi qiymətləndirilir.

Ekspertlərin fikrincə, hücumun uğurlu olub-olmamasından daha vacib olan məqam bu cür texnologiyaların döyüş əməliyyatlarında istifadəsinin artıq reallığa çevrilməsidir. Yaxın gələcəkdə pilotsuz kamikaze sualtı vasitələrindən istifadənin daha tez-tez gündəmə gələcəyi istisna edilmir.

Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən yayımlanan görüntülərdə Novorossiysk limanında pilotsuz sualtı vasitələrlə həyata keçirilən hücum əks olunub. Ukrayna tərəfi hücum nəticəsində Rusiya sualtı qayığının ciddi zədələndiyini və istifadəyə yararsız hala düşdüyünü iddia edir.

Rusiya isə hücumu təsdiqləsə də, sualtı qayığın zədələnmədiyini bildirib. Rəsmi açıqlamada hücumun pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirildiyi və cəhdin uğursuz olduğu, heç bir Rusiya platformasının zərər görmədiyi qeyd olunub.

Müdafiə və dənizçilik üzrə mütəxəssis Kozan Səlcuq Erkan bildirib ki, pilotsuz kamikaze sualtı nəqliyyat vasitələri partlayıcı maddələrlə yüklənərək hədəfə suyun altından yaxınlaşmaq üçün istifadə olunur. Onun sözlərinə görə, sualtı mühitdə rabitə və hədəfin dəqiq müəyyən edilməsi daha çətin olsa da, bu cür vasitələr limanlar və hərbi gəmilər üçün ciddi təhlükə yaradır.

Ekspert qeyd edib ki, Rusiya Novorossiysk limanını əsasən torlar və üzən baryerlərlə qorumağa çalışıb, lakin sualtı təhdidlərə qarşı müdafiə imkanları məhduddur.

“Əgər Ukraynanın iddia etdiyi kimi sualtı qayıq vurulubsa, bu, çox ciddi hadisədir. Hazırda sualtı təhdidlərə qarşı effektiv müdafiə üsulları azdır. Liman girişlərinə sensorların yerləşdirilməsi və ya sualtı hədəflərə qarşı xüsusi silah sistemlərindən istifadə alternativlərdən biri ola bilər”, – deyə Erkan vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna–Rusiya müharibəsi müasir hərb texnologiyalarının transformasiyasını açıq şəkildə nümayiş etdirir və yaxın illərdə kamikaze sualtı vasitələr haqqında daha çox məlumat eşidiləcək.

Ekspert əlavə edib ki, Türkiyədə də pilotsuz kamikaze sualtı nəqliyyat vasitələri üzərində işlər aparılır. Hazır dizaynlar mövcud olsa da, onların hələ prototip mərhələsinə çatmadığını qeyd edən Erkan hesab edir ki, bu cür hücumlar sözügedən layihələrin sürətlənməsinə təkan verə bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki