image-1backend

ABŞ federal hökuməti qismən bağlanma riski ilə üzləşir

image-ads-728x90

ABŞ federal hökuməti 2026-cı ilin yanvarında qismən bağlanma riski ilə üzləşib. Bu, ötən il yaşanan və tarixdə ən uzun müddətli hökumət bağlanmasından sonra büdcə danışıqlarındakı fikir ayrılıqları səbəbindən yaranan narahatlıqların nəticəsidir.

Korrekt.az xəbər verir ki, büdcə məhdudiyyətləri səbəbindən ABŞ federal hökumətinin qismən bağlanması riski xüsusilə Daxili Təhlükəsizlik Departamentinə (DHS) maliyyələşmənin təmin edilməməsi ilə bağlı yaranıb. Şənbə günü Minnesota ştatının Minneapolis şəhərində federal agent tərəfindən bir şəxsin güllələnməsi hadisəsi sonrası DHS-ə qarşı tənqidlər artıb. Bu kontekstdə Demokrat senatorlar departamentin büdcəsini təsdiqləməyəcəklərini bildiriblər.

ABŞ Senatındakı azlıq lideri, Demokrat Çak Şumer isə büdcə layihəsinə səs verməyəcəklərini açıqlayıb. Bu isə 30 yanvar cümə günü gecə yarısından etibarən federal hökumətin qismən bağlanması riskini artırıb.

Minnesota ştatında yerləşən 60-dan çox şirkət başçısı, o cümlədən Target və Best Buy, ştat, yerli və federal rəsmiləri “gərginliyi dərhal azaltmağa” çağıran birgə məktub imzalayıb. Məktubda qeyd olunub ki, Nümayəndələr Palatasının təsdiqlədiyi büdcə layihələrinin Senat tərəfindən də təsdiqlənməsi vacibdir.

Ötən həftə Nümayəndələr Palatası Müdafiə, Əmək, Səhiyyə və İnsan Xidmətləri, Təhsil, Nəqliyyat, Mənzil və Şəhərsalma, həmçinin Vətən Təhlükəsizliyi nazirliklərinə maliyyə təmin edəcək büdcə layihələrini təsdiqləyib. DHS-ə maliyyələşmə təmin edən qanun layihəsi 220 səs əleyhinə, 207 səs lehinə, digər nazirlikləri əhatə edən layihələr isə 341 səs əleyhinə, 88 səs lehinə qəbul edilib. Bu büdcə layihələrinin ümumi həcmi təxminən 1,2 trilyon dollar təşkil edir.

Növbəti mərhələ layihələrin ABŞ Senatında təsdiqi və prezident Donald Trampa təqdim edilməsidir. Məqsəd, qanun layihələrinin 30 yanvar tarixinə qədər qüvvəyə minməsini təmin etməklə federal hökumətin qismən bağlanmasının qarşısını almaqdır.

Xatırladaq ki, ABŞ 2025-ci ilin oktyabrında maliyyələşməni təmin edə bilmədiyi üçün federal hökumət tarixdə ən uzun müddət bağlanma ilə üzləşmişdi. Hökumət 40 gün bağlandıqdan sonra Demokrat və Respublikaçı senatorlar müvəqqəti büdcə barədə razılığa gəlmiş və hökumət fəaliyyətini bərpa etmişdi.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki