image-zxftbzvswoimuglsmvxvuknmkykr9vc2camsd5qc_1200backend

Zəngilan “Böyük Qayıdış” strategiyasının və yeni inkişaf modelinin ən parlaq nümunəsidir 

image-ads-728x90

20 oktyabr – Zəngilan şəhəri günü Azərbaycanın ərazi bütövlüyünün bərpasını, tarixi ədalətin təntənəsini və doğma torpaqlarda yeni həyatın başlanmasını təcəssüm etdirir. Bu gün Zəngilan yalnız işğaldan azad edilmiş qədim yurd deyil, həm də dövlətimizin quruculuq əzminin, “Böyük Qayıdış” strategiyasının və müasir inkişaf modelinin parlaq nümunəsidir.

Zəngilan Azərbaycanın zəngin tarixi, mədəni irsi və əlverişli coğrafi mövqeyi ilə seçilən bölgələrindəndir.

Zəngilanın tarixinə qısa ekskurs edərək qeyd edə bilərik ki, XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılan inzibati ərazi bölgüsü zamanı Zəngilan Zəngəzur qəzasının tərkibində yer alıb. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Zəngəzur qəzasının bölüşdürülməsi nəticəsində ərazinin bir hissəsi Ermənistanın tərkibinə verilib, Zəngilan, Qubadlı və Laçın isə Azərbaycanın tərkibində qalıb. Bu hadisələr bölgənin sonrakı tarixi və coğrafi inkişafına ciddi təsir göstərib. Araz, Həkəri, Oxçuçay və Bəsitçay çaylarının əhatə etdiyi Zəngilan təbii sərvətləri, meşələri və faydalı qazıntıları ilə də zəngindir. Xüsusilə Bəsitçay Dövlət Təbiət Qoruğundakı nadir çinar meşələri rayonun ekoloji əhəmiyyətini artırır. Ərazidəki qədim yaşayış məskənləri, türbələr, məscidlər, sərdabələr və körpülər isə xalqımızın çoxəsrlik tarixini və mədəni yaddaşını yaşadır.

1993 -cü ildə Ermənistan silahlı qüvvələrinin Füzuli və Cəbrayıl rayonlarını işğal etməsindən sonra Zəngilan tam mühasirə şəraitində qaldı. Rayonun müdafiəçiləri və sakinləri 67 gün ərzində düşmənə qarşı müqavimət göstərdilər. 1993-cü il oktyabrın 25–29-da baş verən ağır döyüşlər zamanı zəngilanlılar 235 şəhid və itkin verərək doğma yurdlarını tərk etmək məcburiyyətində qaldılar. Araz çayını keçərək İran İslam Respublikasına sığınan sakinlər sonradan Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşdılar. İşğal dövründə rayonun yaşayış məntəqələri dağıdıldı, sosial-iqtisadi infrastruktur sıradan çıxarıldı, tarixi və dini-mədəni irs nümunələri talan edildi. Lakin xalqımız doğma torpaqlara qayıdış ümidini heç vaxt itirmədi. Dövlətimizin güclənməsi, müasir ordu quruculuğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət tarixi ədalətin bərpası üçün zəmin yaratdı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Azərbaycan Ordusunun qəhrəmanlığı və Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi nəticəsində işğal altındakı ərazilərimiz azad edildi. Oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyatlara başlanıldı. Oktyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin, Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndlərinin azad olunduğunu elan etdi. Sonrakı əməliyyatlar nəticəsində rayonun ümumilikdə bir şəhəri, dörd qəsəbəsi və 49 kəndi işğaldan təmizləndi. Zəngilanın azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi üzərində nəzarət bərpa olundu. Bu, dövlət suverenliyimizin möhkəmləndirilməsi və regionda yeni geosiyasi reallıqların formalaşması baxımından mühüm hadisə idi. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 oktyabrın Zəngilan şəhəri günü kimi təsis edilməsi bu tarixi qələbənin əhəmiyyətini daha da möhkəmləndirdi. Həmin tarix xalqımızın yaddaşında azadlığın, milli birliyin və dövlətimizin gücünün rəmzi kimi yaşayır.

Zəngilanın azad edilməsindən sonra rayonun bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Zəngilan “Böyük Qayıdış” proqramının həyata keçirilməsində xüsusi yer tutur. Məhz burada işğaldan azad edilmiş ərazilərin ilk “ağıllı kənd” layihəsi olan Ağalı kəndi salındı. 2022-ci ilin mayından sakinlərin köçürülməsinə başlanılan Ağalı müasir texnologiyaların, ekoloji yanaşmaların və sosial rifah prinsiplərinin bir araya gətirildiyi yaşayış məkanıdır. Ağalı təcrübəsi sübut edir ki, “Böyük Qayıdış”ın məqsədi yalnız insanların evlərinə qayıtması deyil, həm də onların təhlükəsiz, rahat və müasir şəraitdə yaşamasını təmin etməkdir.

İndiyədək Zəngilan şəhərində 84 ailə, Ağalı kəndində 234 ailə, Məmmədbəyli kəndində isə 179 ailə məskunlaşıb. Ümumilikdə 497 ailənin, 2259 nəfərin doğma yurdlarına qayıtması rayonun dirçəlişinin real nəticəsidir. Qayıdan ailələrin peşə və bacarıqlarına uyğun məşğulluğunun təmin edilməsi, onların dövlət qurumlarında, xidmət sahələrində, tikinti şirkətlərində və digər müəssisələrdə işlə təmin olunması qayıdış prosesinin sosial-iqtisadi məzmununu tamamlayır.

Zəngilan şəhərinin gələcək inkişafı da uzunmüddətli planlaşdırma əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabrda təsdiq etdiyi “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” yaşayış məhəllələrinin, sosial obyektlərin, nəqliyyat-kommunikasiya sistemlərinin və iqtisadi fəaliyyət sahələrinin kompleks şəkildə qurulmasını nəzərdə tutur. 2022-ci ildə təməli qoyulmuş 104 mənzilli ilk yaşayış kompleksinin 2026-cı ildə açılması şəhərin bərpasında mühüm mərhələ oldu. İki hektardan artıq ərazini əhatə edən kompleksdə 12 bina, o cümlədən “townhouse” tipli yaşayış evləri inşa edilib. Mənzillərin 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçün nəzərdə tutulub.

Zəngilanın strateji coğrafi mövqeyi onu regionun mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevirir. 2022-ci il oktyabrın 20-də istifadəyə verilmiş Zəngilan Beynəlxalq Hava Limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli yük təyyarələrini qəbul etmək imkanına malikdir. Müasir aviasiya infrastrukturu rayonun beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi, yük və sərnişin daşımalarının inkişafı baxımından əhəmiyyətlidir.

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu və Horadiz–Zəngilan–Ağbənd dəmir yolu isə işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını sürətləndirir. Uzunluğu 126,3 kilometr olan avtomobil yolunun illik buraxılış qabiliyyətinin 15 milyon ton olması nəzərdə tutulur. Dəmir yolu xəttinin mərhələli şəkildə qurulması həm sərnişin, həm də yük daşımalarının inkişafına, gələcəkdə Naxçıvanla nəqliyyat əlaqələrinin genişləndirilməsinə imkan yaradacaq.

Rayonun iqtisadi dirçəlişində kənd təsərrüfatı da mühüm yer tutur. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan “Dost Aqropark” bu istiqamətdə həyata keçirilən iri təşəbbüslərdəndir. Təxminən 100 milyon ABŞ dolları həcmində investisiya nəzərdə tutulan layihənin tam reallaşdırılması nəticəsində 500 nəfərin işlə təmin olunması planlaşdırılır. Aqroparkda heyvandarlıq kompleksləri, bitkiçilik və toxumçuluq sahələri, emal və qablaşdırma müəssisələri, anbar infrastrukturu yaradılır. Layihənin bütün mərhələlərinin tamamlanması regionun ərzaq istehsalı və təchizatı imkanlarını genişləndirəcək, yerli məhsulların “Made in Qarabağ” brendi ilə bazarlara çıxarılmasına şərait yaradacaq.

Bu gün Zəngilanın yenidən qurulması Azərbaycanın tarixi torpaqlarına sahib çıxmaq iradəsinin, dövlətçilik qüdrətinin və gələcəyə hesablanmış strategiyasının təzahürüdür. Doğma yurda qayıdan hər bir ailə, istifadəyə verilən hər bir obyekt, salınan hər bir yeni yol Böyük Qayıdışın konkret nəticəsidir. Zəngilanın dirçəlişi Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafına, regionda iqtisadi əlaqələrin genişlənməsinə və Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.

Vasif Qafarov

Milli Məclisin deputatı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki