ABŞ-ın bir sıra ştatlarını təsir edən güclü qar fırtınası nəticəsində ən azı yeddi nəfərin həyatını itirdiyi bildirilir. Korrekt.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Ölüm halları əsasən Texas, Missuri və Kanzas ştatlarında qeydə alınıb. Hakimiyyət orqanları vətəndaşları təhlükəsizlik məqsədilə evdə qalmağa çağırıb.
NBC News-un məlumatına görə, fırtına səbəbindən 23 ştat fövqəladə vəziyyət elan edib, 185 milyon ABŞ sakini isə hava xəbərdarlıqlarından təsirlənib. Bir milyondan çox insan elektrik enerjisiz qalıb və ölkənin şərqində nəqliyyatın hərəkəti dayanıb.
Yanvarın 25-də ölkə daxilində 10 mindən çox uçuş ləğv edilib. Ümumilikdə şənbə və bazar günləri ərzində 14.100-dən çox uçuş icra olunmayıb ki, bunların təxminən 10.000-i bazar günü baş verib.
Fırtına səbəbindən ştatlarda məktəblər bağlanıb, yollar buzla örtüldüyü üçün nəqliyyat çətinləşib və hakimiyyət orqanları vətəndaşları təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyə çağırır.





















