ABŞ Hava və Kosmik Qüvvələr Jurnalının məlumatına görə, ABŞ Yaxın Şərqdəki mövqelərini gücləndirmək məqsədilə altı beşinci nəsil F-35A Lightning II qırıcı təyyarəsindən ibarət yeni qrup göndərib.
Korrekt.az xəbər verir ki, təyyarələr bazar günü üç KC-135 Stratotanker tankerinin dəstəyi ilə Böyük Britaniyadakı Leykenhit Hava Bazasına ara eniş edərək Yaxın Şərqə transfer olunublar. ABŞ daha əvvəl bölgəyə altı F-35A qırıcı təyyarəsi göndərmişdi. Ərəb dənizindəki ABŞ təyyarədaşıyan gəmisində isə 12 F-35C qırıcı, üç eskadrilya F/A-18 Super Hornet, eləcə də elektron müharibə və uzaq mənzilli radar aşkarlama təyyarələri yerləşdirilib. Ötən çərşənbə axşamı F-35C təyyarələrindən biri İranın Şahed-139 pilotsuz təyyarəsini vurmuşdu.
Bundan əlavə, ABŞ Hərbi Hava Qüvvələri Yaxın Şərqdə hava bazalarına üç F-15E Strike Eagles eskadrilyası, bir F-16 Fighting Falcons eskadrilyası və bir A-10 Thunderbolt II bombardmançı eskadrilyası yerləşdirib. Bölgədə Patriot zenit-raket sistemləri və THAAD raketdən müdafiə vasitələri də fəaliyyət göstərir.
USS Abraham Lincoln təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu Ərəbistan dənizində patrul xidmətini davam etdirir. CENTCOM-un məlumatına görə, gəmi hazırda İran sahillərindən 800 km məsafədədir. Zərbə qrupuna Tomahawk qanadlı raketləri ilə silahlanmış USS Spruance, USS Michael Murphy və USS Frank Petersen esminesləri də daxildir. USS Michael Murphy qısa bir dayanacaq üçün BƏƏ-nin Fujairah limanına daxil olub.
Bazar ertəsi günü Oman körfəzi üzərində İran pilotsuz təyyarəsi müşahidə edilib. Bu, F-35C təyyarəsinin Şahed-139 PUA-nı vurmasından sonra regionda ilk İran pilotsuz uçuşu olub.
Həmçinin, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus P-8A Poseidon sualtı qayıq əleyhinə patrul təyyarəsi Bəhreynin Şeyx İsa Hava Bazasından havaya qalxaraq Fars və Oman körfəzləri arasında dövrə vurub. P-8A Poseidon təyyarəsi müntəzəm olaraq Hörmüz boğazı və körfəzlərdə vəziyyəti izləyir.





















