Mərkəzin böyük akt zalında təşkil edilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova, Gənclərin Psixoloji Dəstəyi layihəsinin baş təsisçisi, psixoloq-təlimçi Leyla Salmanlı, Qazax-Tovuz Regional Təhsil İdarəsinin məsul şəxsləri və rayonun təhsil işçiləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb, Dövlət Himnimiz səsləndirilib.
RİH başçısı çıxışında tədbirin yüksək əhəmiyyətindən söz açaraq bildirib ki, hər zaman sonsuz sevgi və qürurla yad etdiyimiz müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev hər bir uşağa bərabər imkanların yaradılması, onların sağlam, firəvan böyüməsi, yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların inklüziv təhsilinin təşkili ilə yanaşı onlara tibbi, istirahət və digər xidmətlərin də daha əlçatan olması üçün bütün zəruri tədbirlər görülür. Həmçinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların hərtərəfli inkişafı üçün gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Bütün uşaqlar, əsasən də xüsusi qayğıya ehtiyacı olanlar üçün böyük layihələr həyata keçirilir.
Qeyd edək ki, Ağstafa rayon Heydər Əliyev Mərkəzində inklüziv təhsillə bağlı təlimlər 19-20 noyabr tarixlərini əhatə etməklə iki gün davam etdiriləcəkdir.






















