Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Rusiyanın Ermənistandakı hərbi mövcudluğu ilə bağlı açıqlama verib.
Korrekt.az xəbər verir ki, o, Rusiyanın müxalifət yönümlü Dojd telekanalına müsahibəsində bildirib ki, rəsmi İrəvan hazırda Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasının çıxarılması məsələsini müzakirə etmir.
Jurnalist Yekaterina Kotrikadzenin bazanın bağlanmayacağı ilə bağlı sualını cavablandıran Simonyan qeyd edib ki, Ermənistan tərəfi bəzi hallarda rusiyalı tərəfdaşlardan hava limanını və Ermənistan–Azərbaycan sərhədində qoruduqları müəyyən mövqeləri tərk etməyi xahiş etməyi məqsədəuyğun hesab edib.
Onun sözlərinə görə, gələcəkdə zərurət yaranarsa, Gümrüdə yerləşən 102-ci hərbi baza məsələsi də müzakirəyə çıxarıla bilər, lakin hazırda bu, gündəmdə deyil.
Simonyan vurğulayıb ki, regiondakı mövcud geosiyasi vəziyyət nəzərə alınmalıdır:
“Xəritəyə baxsaq, Ermənistanın hansı çətinliklərlə üzləşdiyini görərik. Rusiya hərbi bazasının bütün problemlərin yüz faiz təminatı olduğunu demirəm. Amma indiki şəraitdə regionda vəziyyəti gərginləşdirəcək kəskin addımlar atmaq düzgün deyil. Bu, səsləniş baxımından cəlbedici ola bilər, lakin real siyasətdə hər zaman işlək deyil”.
O əlavə edib ki, Ermənistanın təhlükəsizlik maraqları baxımından bu məsələlərə ehtiyatla yanaşılması vacibdir.





















