Son günlər bir sıra internet resurslarında, o cümlədən “Air Data News” və “OSINTWarfare” platformalarında Azərbaycanın İsveçlə çoxməqsədli “Saab Gripen” E/F qırıcılarının mümkün alınması ilə bağlı danışıqlar apardığı barədə məlumatlar yenidən yayılıb.
Korrekt.az haqqın.az-a istinadən xəbər verir ki, bu mövzu yeni deyil. İlk belə xəbərlər 2025-ci ilin noyabrında “Global Defence Corp” portalında yayılıb.
Həmin vaxt Bakının ümumi dəyəri təxminən 6,5 milyard dollar olan 48 təyyarənin alınmasına maraq göstərdiyi iddia edilirdi.
Razılaşma əldə olunacağı təqdirdə tədarükün 2029-cu ildən başlaması ehtimalı qeyd olunurdu. Potensial müqaviləyə yalnız təyyarələrin deyil, həmçinin silah paketinin, texniki xidmətin, ehtiyat hissələrinin, pilot və texniki heyətin hazırlanmasının daxil ola biləcəyi bildirilirdi.
Bununla belə, artıq uzun müddətdir mediada bu mövzu müzakirə olunsa da, “Gripen” qırıcıları ilə bağlı rəsmi təsdiq hələ yoxdur.
“Gripen” E/F nə ilə fərqlənir?
“Gripen” E/F 4,5-ci nəsil qırıcı hesab olunur və ağır Qərb platformalarına nisbətən daha müasir və qənaətcil alternativ kimi təqdim edilir. Təyyarə aktiv fazalı anten şəbəkəsinə malik radar, inteqrasiya olunmuş radioelektron mübarizə sistemləri və müasir avionika ilə təchiz edilib. Hazırda bu qırıcılar İsveç və Braziliya Hərbi Hava Qüvvələrinin arsenalındadır, Tayland və Kolumbiya da bu platformanı seçdiklərini açıqlayıb.
Texniki xüsusiyyətlərinə görə “Gripen” E/F əvvəlki versiyalarla müqayisədə ciddi texnoloji irəliləyiş sayılır. Təyyarə yüksək dəqiqlik, çevik tətbiq imkanları və güclü hava hücumundan müdafiə şəraitində fəaliyyət üçün hazırlanıb. “Raven ES-05” radar sistemi təxminən 300 kilometrədək məsafədə hədəflərin aşkarlanmasına imkan verir. “Skyward-G” infraqırmızı axtarış və izləmə sistemi isə radiolokasiya siqnalı yaymadan hava və yer obyektlərinin istilik izlərini müəyyən edə bilir.
“Gripen” döyüş konfiqurasiyasında səkkiz asqı nöqtəsində 6500 kiloqrama qədər silah və avadanlıq daşıya bilir ki, bu da onu həm hava döyüşləri, həm də yer hədəflərinə zərbələr üçün universal platformaya çevirir.
Siyasi və hüquqi məqamlar
Ekspertlərin fikrincə, “Gripen” qırıcılarının Azərbaycana mümkün ixracı əlavə siyasi-hüquqi prosedurlarla müşayiət oluna bilər. Təyyarədə ABŞ istehsalı “General Electric” F414G mühərrikindən istifadə olunduğuna görə, yenidən ixrac üçün Vaşinqtonun icazəsi tələb olunur. Bu isə məsələni Azərbaycan-İsveç danışıqları çərçivəsindən çıxarıb üçtərəfli razılaşma müstəvisinə keçirir.
Hesab olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında işgüzar münasibətlər müsbət rol oynaya və Amerika komponentləri üçün ixrac lisenziyalarının alınması prosesini sadələşdirə bilər.
Qeyd etmək lazımdır ki, Tramp administrasiyası Azərbaycana hərbi yardımı məhdudlaşdıran 907-ci maddəni bir il müddətinə dayandırıb. Lakin Bakı müdafiə əməkdaşlığını genişləndirmək üçün məhdudiyyətlərin tamamilə aradan qaldırılmasını istəyir. Vaşinqton bu yaxınlarda hərbi qayıqların tədarükü də daxil olmaqla yeni təhlükəsizlik sazişlərinin hazırlandığını elan edib.
Lakin hələlik “Gripen”lə bağlı rəsmi təsdiq yoxdur. Nə Azərbaycan hökuməti, nə Müdafiə Nazirliyi, nə Saab, nə də İsveç hakimiyyəti faktiki danışıqlar və ya hər hansı sənədin imzalanması ilə bağlı heç bir açıqlama verməyib.
Alternativ istiqamət – Pakistan qırıcıları
Eyni zamanda Azərbaycan hərbi aviasiya parkını artıq şaxələndirməyə başlayıb. Ölkə Pakistanla 40 ədəd JF-17 “Thunder Block III” qırıcısının alınması barədə müqavilə imzalayıb və ilk partiya ötən il təhvil verilib. Bu təyyarələr də 4,5-ci nəsilə aiddir və müasir Çin istehsalı “hava-hava” raketləri ilə təchiz olunub.
Bu baxımdan “Gripen” qırıcılarının mümkün alınması mövcud parkın əvəzlənməsi deyil, daha çox diversifikasiya və texnoloji müxtəlifliyin artırılması məqsədi daşıya bilər.
Beləliklə, “Gripen” qırıcılarının alınması məsələsinin real müqaviləyə çevrilib-çevrilməyəcəyi hələlik açıq qalır və bu mövzu Azərbaycan Hərbi Hava Qüvvələrinin modernləşməsi fonunda informasiya gündəminin bir hissəsi olaraq qalır.





















