Korrekt.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilib.
Qeyd olunub ki, hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6,8 faiz, qeyri-qida məhsulları 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 5,4 faiz bahalaşıb.
Təkcə 2026-cı ilin oktyabr ayında istehlak qiymətləri sentyabr ayı ilə müqayisədə 0,3 faiz, ötən ilin eyni ayına nisbətən isə 5,2 faiz artıb.
Oktyabrda ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymət artımı aylıq müqayisədə 0,6 faiz, illik müqayisədə 6,7 faiz təşkil edib.
Aylıq müqayisədə qarabaşaq yarması, mal və qoyun əti, toyuq əti, dondurulmuş balıq, yumurta, armud, xurma, brokkoli, xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, baş soğan, kartof və kakao tozu bahalaşıb.
Bunun əksinə, yumru düyü, makaron, təzə balıq, limon, naringi, banan, alma, kivi, nar, üzüm, qoz, fındıq, şabalıd, ağ kələm, göyərti, balqabaq, göy lobya, çuğundur, şəkər tozu və müxtəlif içlikli şokoladlı konfetlərin qiymətləri ucuzlaşıb.
Qeyri-qida məhsulları üzrə qiymətlər oktyabrda əvvəlki aya nisbətən 0,2 faiz, ötən ilin eyni ayı ilə müqayisədə 3,4 faiz artıb. Kəsilmiş taxta, boya, parket üçün lak, mebel və LED lampalar bahalaşıb, yuyucu vasitələr və zərgərlik məmulatları isə ucuzlaşıb.
Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində aylıq 0,1 faiz, illik isə 4,7 faiz artım qeydə alınıb. Geyimlərin kimyəvi təmizlənməsi və ödənişli məktəbəqədər təhsil müəssisələrinin xidmətləri bahalaşıb. Hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində isə ucuzlaşma olub.
Digər məhsul və xidmətlərin qiymətlərində ciddi dəyişiklik qeydə alınmayıb.





















