image-1backend

Qaraçuxurda tikinti şirkəti yolu dağıdıb, 30 ailə və məktəblilər palçıqda batır – FOTOLAR, VİDEO

image-ads-728x90

Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsinin sakinləri iki ilə yaxındır ki, sözün əsl mənasında keçilməz səngərləri xatırladan yollarda mühasirə vəziyyətində yaşayırlar. Ərazidə bina tikintisi aparan şirkətin yolu qazıb darmadağın edərək aradan çıxması həm burada yaşayan 30-a yaxın ailənin, həm də 43 saylı məktəbin şagirdlərinin həyatını cəhənnəmə çevirib.

Korrekt.az  xəbər verir ki, bu barədə redaksiyamıza Kərəm İsmayılov küçəsinin 30-a yaxın sakini adından Niyaz Vəlizadə müraciət edib.

Sakinlərin sözlərinə görə, 2 il öncə ərazidə tikinti işləri aparan “Günəşli İnşaat” MTK ağır texnikalarla məhəllə yollarını qazaraq yararsız hala salıb.

Bina tikintisinə başlanılmasından 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, nə tikinti şirkəti, nə də yerli icra strukturları məsələ ilə maraqlanır: “Günəşli İnşaat” MTK burada pis vəziyyət yaratdı, yolu qazıb çıxıb getdi. İki ilə yaxındır ki, bu məhəllələr bax bu gündədir. Heç yadına salan yoxdur, heç olmasa üstünə bir maşın asfalt belə tökən tapılmır. Biznes maraqlarını güdüb milyonlar qazanan tikinti şirkətləri binalara gedən yolları darmadağın edib, aradan çıxırlar. İndi burada 30-a yaxın ailə palçığın, çala-çuxurun içində əsir qalıb”.

Problemi daha da dramatikləşdirən məqam isə dağıdılmış yolun düz 43 saylı tam orta məktəbin qarşısından keçməsidir. Yağışlı havalarda ərazi keçilməz bataqlığa çevrildiyindən yüzlərlə məktəbli hər gün dərsə palçıq içində, yıxılma və xəsarət alma təhlükəsi altında gedib-gəlir.
Bundan başqa, məhəlləyə nəqliyyat vasitələrinin, xüsusilə də Təcili Tibbi Yardım maşınlarının daxil olması mümkünsüz hala gəlib. Sakinlər qeyd edirlər ki, məhəllədə xəstə və ya ahıl biri halı pisləşəndə onu təcili yardım maşınına çatdırmaq üçün əsas yola qədər çiyinlərdə aparmağa məcbur qalırlar.

Kərəm İsmayılov küçəsinin sakinləri yaranmış acınacaqlı vəziyyətlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) və Suraxanı Rayon İcra Hakimiyyətinə səsləniblər.
Onlar yolun kimin balansında olmasının dəqiqləşdirilməsini, məsuliyyətsizlik edərək yolu dağıdan MTK-nın cərimələnməsini və məhəllə yolunun təcili şəkildə asfaltlanmasını tələb edirlər:

“Sakinlərin adından xahiş edirik ki, əgər bu yol “Azəravtoyol”un balansındadırsa onlar, yox əgər Suraxanı Rayon İcra Hakimiyyətinin balansındadırsa, başçı Adil Əliyevdən şəxsən əraziyə gəlib baxış keçirsin və yolun düzəldilməsi ilə bağlı təcili göstəriş versin.
Məsələ ilə bağlı adıçəkilən tikinti şirkətinin və aidiyyəti dövlət qurumlarının da mövqeyini dərc etməyə hazırıq.Musavat.com

 

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki