image-skal-baki1backend

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

image-ads-728x90

“Skal Bakı” turizm peşəkarları klubunun növbəti toplantısı keçirilib. “Green Park Hotel”də reallaşan tədbirdə Azərbaycan Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Dəmir Yollarının (ADY) təmsilçiləri, Milli Məclisin deputatları, ölkənin turizm və qonaqpərvərlik sektorunun aparıcı assosiasiyalarının rəhbərləri, hotel və turizm şirkətlərinin, eyni zamanda ali təhsil müəssisələrinin və ölkə mediasının nümayəndələri bir araya gəlib. Toplantının keçirilməsində əsas məqsəd Azərbaycanda turizm sənayesinin mövcud vəziyyətinin müzakirəsi, dövlət və özəl sektor arasında açıq dialoqun gücləndirilməsi, yeni əməkdaşlıq imkanlarının yaradılması və ölkə turizminin inkişafına yönəlmiş birgə təşəbbüslərin müəyyənləşdirilməsi olub.

Toplantını giriş sözü ilə açan “Skal Bakı” turizm peşəkarları klubunun prezidenti Ceyhun Aşurovun təklifi ilə iyunun 8-də qəfil dünyasını dəyişən Azərbaycan turizm sənayesinin görkəmli nümayəndəsi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İdarə Heyətinin sədri Ruslan Quliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ceyhun Aşurov bildirib ki, dünyada baş verən müharibələr, münaqişələr, təbii fəlakətlər ilk növbədə turizm sahəsinə təsir göstərir. Onun sözlərinə görə, son vaxtlar regionda baş verən geosiyasi vəziyyət Azərbaycanda turizm sahəsinə müəyyən qədər neqativ təsir göstərib. Hotellər arasında aparılan sorğu nəticəsində məlum olub ki, hotellərin doluluq səviyyəsi xeyli aşağı düşüb. “Lakin ölkədə turizmin inkişafına mane olan bir çox amillər mövcuddur ki, bu gün buraya toplaşmaqda da əsas məqsədimiz onları aydınlaşdırıb həlli yollarını axtarmaqdır”, – deyə çıxışçı qeyd edib.

Daha sonra “Skal Bakı”nın baş katibi, “Arena” hotellər qrupunun rəhbəri Cavid Seyidov “Skal İnternational” beynəlxalq turizm təşkilatı barədə məlumat verərək bildirib ki, təşkilatın dünyanın 75 ölkəsində 300 klubu fəaliyyət göstərir. Ümumilikdə dünyada 12 min nəfərə yaxın skal üzvü var. Onun sözlərinə görə, bu təşkilatın üzvləri harada olmalarından asılı olmayaraq hər zaman bir-birinə dəstək göstərir, problemlərinin həllində yardımçı olur. 2009-cu ildən Azərbaycanda fəaliyyət göstərən “Skal Bakı” klubu ölkə turizminin inkişafına mühüm töhfələr verib. Mövcud problemlər klub üzvləri tərəfindən araşdırılıb, müzakirə edilib, aidiyyəti qurumlərin diqqətinə çatdırılıb, həllinə dəstək göstərilib.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Rəşad Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Regionlarla iş şöbəsinin müdiri Eldəniz Əmirov, Azərbaycan Dəmir Yolları Sərnişin daşımaları departamentinin müştəri xidmətləri şöbəsinin müdiri Abdulla Həsənzadə, Azərbaycan Hotellər Assosiasiyasının sədri Eldar Əlimuradov, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov və sənayenin digər nümayəndələri ölkə turizminin hazırkı vəziyyətindən və mövcud problemlərdən danışıblar.

Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, Azərbaycana gələn turistlərin sayında 2026-cı ilin ilk 5 avqustunda 11 faiz azalma diqqətçəkən trenddir: “Çünki 2026 ilin proqnozu tamamilə fərqli idi. Buna ilk növbədə regional geosiyasi vəziyyətin təsiri var. Amma düşünmürəm ki, əsas səbəb budur. Qonşu Gürcüstanla müqayisə etsək görərik ki, bu ilin ilk 5 ayında Azərbaycana 811 min nəfər turist gəldiyi halda, Gürcüstana 1.4 milyon turist gəlib. Ona görə də azalmanın səbəblərini araşdırmaq çox vacibdir. Düşünpürəm ki, ekosistemin həm gəlmə, həm də daxili turizmə birbaşa təsirləri var. Birinci növbədə dövlət siyasətinin daha da təkmilləşdirilməsinə ehtiyac var. Birincisi bazarların diversifikasiyasıdır. Çünki statistika göstərir ki, Azərbaycana gələn turistlərin 57 faizini üç ölkənin vətəndaşları təşkil edir. Bu o deməkdir ki, ölkəmizə gələn 100 turistdən 57-si 3 ölkədən gəlib. Bu isə gəlmə turizmdə bazarların diversifikasiya olunmaması anlamına gəlir. Yeni və dayanıqlı bazarların tapılmasına, bu ölkələrlə işləməyə ehtiyac var. İkinci diversifikasiya olunmalı məqam turizm məhsullarının şaxələndirilməsidir. Məsələn, sağlamlıq turizmində gələn turistlərin sayı az olsa da yaratdığı dəyər daha böyükdür. Turizm məhsulları şaxələndikcə, daha çox əcnəbinin gəlməsini müşahidə edə bilərik. Eyni zamanda daha çox ölkələri cəlb etmiş olarıq. Turizm sahəsi Azərbaycanda neft sektorundan sonra daha çox valyuta gətirən sektordur. Bu sahədə dəyər zəncirində kifayət qədər sahibkarlar inkişaf edir. Ona görə də bu sektorun dəstəklənməsinə və daha çox liberallaşmasına ehtiyac var. Vizasız rejim tətbiq edilən ölkələrin sayının artırılması, birbaşa reyslərin açılması vacibdir”.

“Qafqaz Sity” hotelinin rəhbəri Xəlil Durunun, Mədəniyyət Nazirliyinin Qoruqların idarəedilməsi sektorunun müdiri Mahir Qəhrəmanovun, müstəqil ekspert Elman Sadıqovun, Naftalanda fəaliyyət göstərən “Nafta” müalicə müəssisəsinin təsisçisi Surxay Ələkbərovun təklifləri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Çıxışlarda ölkəyə gələn turistlərə göstərilən xidmətin keyfiyyətindəki mövcud problemlər, onlara yerli turistlərlə müqayisədə daha yüksək qiymətlərin təklif edilməsi, quru sərhədlərin bağlı olmasının yaratdığı çətinliklər, aviabiletlərin baha olması, regionlardakı hava limanlarının səmərəsiz fəaliyyəti kimi vacib məqamlara toxunulub və bütün bunların nəticədə gəlmə turizminə mənfi təsir etdiyi diqqətə çatdırılıb.

Tədbirin yekununda Ceyhun Aşurov səslənən bütün irad və təkliflərin vahid paket halına salınacağını və aidiyyəti qurumlara təqdim ediləcəyini bildirib.

Sonda “Green Park Hotel”in rəhbəri Turab Ələkbərliyə tədbirə ev sahibliyi etdiyinə görə “Skal Bakı” adından təşəkkürnamə təqdim edilib.

Fəxriyyə ABDULLAYEVA



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki