“İdrak” liseyində baş verən silahlı insident cəmiyyətdə ciddi narahatlıq doğurdu. Hadisədən sonra ictimai müzakirələr təkcə məktəblərdə təhlükəsizlik məsələsi ilə məhdudlaşmadı, eyni zamanda Azərbaycanda mülki şəxslər üçün silah dövriyyəsinin necə tənzimləndiyi sualı da gündəmə gəldi: Hansı silahların satışı qanunidir? Ov və idman silahlarını kimlər, hansı şərtlərlə ala bilər?

Bu suallara aydınlıq gətirmək üçün Musavat.com-un əməkdaşı Bakıda fəaliyyət göstərən bir neçə ovçu mağazasında olub, satışda olan silah növləri, qiymətlər və alıcılar üçün tətbiq edilən prosedurlarla maraqlanıb.
Araşdırma zamanı məlum olub ki, Azərbaycanda mülki şəxslər üçün əsasən hamar lüləli ov və idman tüfəngləri satışa çıxarılır. Bu silahlar əsasən quş ovu üçün nəzərdə tutulur və qanunvericiliklə ciddi şəkildə tənzimlənir. Mağazalarda ən çox rast gəlinən yarımavtomat ov tüfəngləri, pompalı ov tüfəngləri, tək lüləli və qoşa lüləli (yan-yana) tüfənglərdir.
Yivli silahlar və döyüş xarakterli odlu silahlar mülki şəxslər üçün açıq satışda deyil.
Satıcıların sözlərinə görə, bazarda əsas pay Türkiyə istehsalı silahlara məxsusdur. Bunun əsas səbəbi qiymətlərin digər ölkələrlə müqayisədə daha münasib olmasıdır. Bakıda ovçular arasında xüsusilə “Kral Arms” markası populyardır. Türkiyədə fəaliyyət göstərən bu şirkət əsasən ov və idman məqsədli hamar lüləli tüfənglər istehsal edir və məhsulları bir çox ölkəyə ixrac olunur.
“Kral Arms”ın satışda olan modelləri arasında: yarımavtomat tüfənglər, pompalı tüfənglər, tək və qoşa lüləli variantlar var.
Bu silahlar əsasən quş ovunda istifadə olunur, bəzi modellər isə iri ov üçün də uyğun sayılır. Azərbaycanda bu silahların mühafizə və özünümüdafiə məqsədilə istifadəsi qanunla qadağandır.
Mağaza sahibləri Musavat.com-a bildiriblər ki, hazırda “Kral Arms” markasının ən çox satılan modellərindən biri yarımavtomat (5 güllə tutumlu) modelidir ki, satışı 900–1000 manata başa gəlir.
Qoşa lüləli modellər (SD 504, “Tundra”, “Karakara”) 1350–1400 manatdır.
Satıcıların sözlərinə görə, ümumilikdə ov tüfənglərinin qiymətləri 900 manatdan başlayır və yuxarı qalxır. Endirim kampaniyaları zamanı isə bəzi modelləri 600 manata tapmaq mümkündür.
Türkiyənin daha bir tanınmış istehsalçısı “ATA Arms” da Azərbaycan bazarında geniş yayılıb. Bu marka xüsusilə keyfiyyətli ov tüfəngləri ilə tanınır. “ATA Arms” ov tüfəngləri 1400 manatdan başlayır. Daha bəzəkli, üzərində işləməsi olan modellər 1500 manat və yuxarıdır.
Satıcılar bildiriblər ki, silahın üzərindəki taxta qundaq, naxış və metal işləmələr qiymətə birbaşa təsir edir.
Mağazalarda eyni zamanda İtaliya istehsalı “Benelli” və “Beretta” markalı ov tüfəngləri də satışa çıxarılır. Lakin bu silahlar daha bahalı seqmentə aiddir. Onların qiyməti 3000–5000 manat və daha bahadır.
Bundan başqa, Rusiya istehsalı “Saiga-12” yarımavtomatik ov tüfəngləri də mövcuddur. AK-platforması əsasında hazırlanmış bu silahlar daha çox xüsusi maraq dairəsində olan alıcılar tərəfindən seçilir. “Saiga-12” 1400–1800 manata satılır.
Ov silahını almaq niyə çətindir?
Mağaza satıcıları deyiblər ki, ov silahının mağazadan alışı uzun və mərhələli prosesdir.
“Silah almaq istəyən şəxs şəxsiyyət vəsiqəsi ilə yanaşı, psixoloji və narkoloji baxımdan sağlam olması barədə rəsmi arayış təqdim etməlidir. Biz bu sənədləri Daxili İşlər Nazirliyinə göndəririk. Nazirlik həmin şəxsin silah almağa uyğun olub-olmadığına qərar verir. Uyğun hesab edilərsə, şahadətnamə verilir. Bu proses adətən 30–40 gün çəkir. Yəni gəlib silahı bəyəndin və dərhal aldın – belə bir hal yoxdur”, – deyə satıcı bildirib.
Araşdırma göstərir ki, Azərbaycanda ov silahları bazarı sərt nəzarət altında olsa da, aktivdir. Ovçuların böyük əksəriyyəti Türkiyə istehsalı yarımavtomat ov tüfənglərinə üstünlük verir. Bu seçim emosional yox, tamamilə iqtisadi məcburiyyətlə bağlıdır. İtaliya silahları isə bazarda daha çox prestij və vitrin funksiyası daşıyır.
“İdrak” liseyində baş verən hadisə bir daha göstərdi ki, silah dövriyyəsi məsələsi təkcə ovçuların deyil, bütün cəmiyyətin təhlükəsizliyi baxımından diqqətdə saxlanmalıdır.






















