image-1backend

“Bank of Baku”nun əməkdaşı hər gün qazinin atasına zəng edir?

image-ads-728x90

İkinci Qarabağ müharibəsi iştirakçısı Şahin Şirinov “Bank of Baku” ilə kredit ödənişləri məsələsində yaranan problemdən narazılığını ifadə edir. Onun sözlərinə əsasən, bankın əməkdaşları kredit borcuna görə onun atasına hər gün zəng edir ki, bu hal onu narahat edir.

Şahin Şirinovun sözlərinə görə, bankın 012-310-12-26 nömrəsindən onun atasına edilən zənglərdə “oğlunuzun kredit borcu var” məzmunlu məlumat verilir. Qazi bu vəziyyətlə bağlı dəfələrlə banka müraciət etdiyini, lakin məsələ ilə bağlı nəticə əldə etmədiyini deyir.

Məlumata görə, Ş.Şirinov 2023-cü ildə “Bank of Baku”dan 10 500 manat nağd kredit və 3050 manatlıq “bolkart” krediti əldə edib. O, 2025-ci ilin yayına qədər ödənişləri vaxtında həyata keçirsə də, daha sonra maliyyə çətinliyi səbəbindən ödənişlərdə gecikmələr yaranıb.

Qazi bildirir ki, o, kredit öhdəliyinin yüngülləşdirilməsi üçün bankdan restrukturizasiya tələb edib. Lakin onun iddiasına görə, müraciətlərinə müsbət cavab verilməyib:

“3 dəfə restrukturizasiya üçün müraciət etmişəm. Mənə bildirildi ki, Mərkəzi Bank icazə vermir. Daha sonra aylıq ödənişləri azaltmaq və müddəti uzatmaq istədim, amma yenə imtina aldım”.

Qazinin sözlərinə görə, hazırda o, imkan daxilində aylıq 120 manat ödəniş etməyə çalışır və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsini təklif edib:

“Dedim ki, məni məhkəməyə verin, hakim gəlirlərimə baxıb qərar versin. Bundan sonra isə demək olar ki, hər gün atama zənglər edilir. Atam zamin deyil və bu zənglər onu narahat edir”.

Şahin Şirinov bankın davranışını düzgün hesab etmədiyini bildirərək, yaşlı atasının bu prosesə cəlb olunmasından narazı olduğunu vurğulayır.

Məsələ ilə bağlı “Bank of Baku”nun mövqeyini öyrənmək üçün banka müraciət etdik. Bildirildi ki, araşdırılma aparıldıqdan sonra məlumat veriləcək.

EKREM.jpg (30 KB)

Tanınmış hüquqşünas, vəkil Əkrəm Həsənov Musavat.com-a açıqlamasında deyib ki, bank vətəndaşın krediti barədə başqa şəxslərə məlumat verə bilməz. Bu, bank sirrinin pozulması sayılır:

“Yalnız o halda istisna ola bilər ki, müştəri kredit götürərkən özü yazılı şəkildə əlaqə nömrəsi kimi atasının və ya başqa bir şəxsin nömrəsini göstərsin və “mənə çata bilməsəniz, bu şəxslə əlaqə saxlayın” kimi razılıq versin. Bu halda bank sirrinin pozulması hesab olunmur, çünki məlumatı özü təqdim edib. Əgər belə bir razılıq verilməyibsə, vətəndaş bununla bağlı şikayət edə bilər. Həm Mərkəzi Banka, həm də məhkəməyə müraciət etmək mümkündür. Hətta bu cür hallarda mənəvi zərərin ödənilməsi də tələb oluna bilər. Digər tərəfdən, əgər vətəndaş əlaqə nömrəsini veribsə belə, həmin şəxs – məsələn, ata istənilən vaxt banka müraciət edib xahiş edə bilər ki, ona zəng olunmasın. Bank buna əməl etməzsə, artıq həmin şəxs də şikayət edə bilər”.

Kredit ödənişlərinə gəldikdə, hüquqşünas bildirib ki, bankın müəyyən müddət ərzində – adətən 6 ay gecikmiş ödənişlərə görə məhkəməyə müraciət etmək hüququ var:

“Bu müddət keçərsə, bəzi hallarda iddia qaldırmaq çətinləşə bilər, ona görə banklar adətən vaxtında məhkəməyə müraciət edirlər. Amma vətəndaş onu da bilməlidir ki, məhkəmə kreditə güzəşt etmir. Məhkəmənin vəzifəsi güzəşt etmək deyil, borcun olub-olmadığını və məbləğini müəyyənləşdirməkdir. Əgər borc varsa, onun ödənilməsi barədə qərar çıxarılır”.

qazi.jpg (52 KB)



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki