image-1backend

Bloomberg: Zelenski Trampın təhdidlərindən sonra çətin sınaqla üz-üzədir  

image-ads-728x90

ABŞ prezidenti Donald Trumpın Rusiya-Ukrayna danışıqları ilə bağlı mövqeyi və Kiyevə ünvanladığı son sərt açıqlamaları Ukrayna prezidenti Volodymyr Zelenskyyni yaxın vaxtlarda ən ağır qərarlardan biri ilə üz-üzə qoya bilər. Korrekt.az xəbər verir ki, bu barədə Bloomberg nəşrinin icmalçısı Mark Çempion yazıb.

Məqalədə bildirilir ki, Cenevrədə keçirilən danışıqlar çərçivəsində Rusiya suveren sərvət fondunun rəhbəri Kirill Dmitriyevin Trampın nümayəndələri – Stiv Uitkoff və Cared Kuşnerlə ayrıca görüşü planlaşdırılıb. İcmalçının sözlərinə görə, Dmitriyevin əsas məqsədi ABŞ administrasiyasının Kiyevi güzəştə məcbur etmək üçün hansı “qiyməti” ödəməyə hazır olduğunu müəyyənləşdirməkdir.

Qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putinin əvvəl irəli sürdüyü tələblər müharibənin yenidən alovlanmasına imkan verəcək qədər açıq idi və Tramp bu şərtləri qəbul edəcəyi təqdirdə Moskvanın təsiri altında görünə bilərdi. Lakin indi yeni amil – vaxt faktoru ortaya çıxıb. ABŞ-da aralıq seçkilərin yaxınlaşması Vaşinqton üçün sürətli nəticə əldə etməyi prioritetə çevirə bilər.

Yazıda xatırladılır ki, hələ noyabr ayında ABŞ Ukraynaya Rusiyanın 28 maddədən ibarət planını təqdim etmişdi. Həmin vaxt Zelenski ya razılaşmanı qəbul etmək, ya da ağır qış şərtlərində mübarizəni davam etdirmək seçimi ilə qarşılaşmış və ikinci variantı seçmişdi.

İndi isə vəziyyət daha mürəkkəbdir. Trampın xəbərdarlıqları Ukraynanı iki seçim qarşısında qoya bilər: təklif olunan şərtlərlə razılaşmaq və ya ABŞ-ın hava hücumundan müdafiə raketləri, kəşfiyyat məlumatlarının paylaşılması və rabitə şəbəkələri olmadan mübarizəni davam etdirmək. Bu amillər Ukraynanın Rusiyanın hərbi potensialına qarşı effektiv müdafiəsi üçün əsas hesab olunur.

Analitikin fikrincə, dörd illik ağır müharibədən sonra ukraynalılar sülh və təhlükəsizlik zəmanətləri müqabilində işğal olunmuş ərazilərin itirilməsi ilə barışa bilərlər. Lakin Moskvanın irəli sürdüyü şərtlərin – Ukrayna ordusunun məhdudlaşdırılması, şərqdə əsas müdafiə xətlərini təşkil edən şəhərlərin verilməsi və NATO üzvlüyü ilə bağlı real təhlükəsizlik təminatlarının aradan qaldırılması – qəbul ediləcəyi sual altındadır.

Məqalədə həmçinin qeyd olunur ki, Tramp Ukraynaya may ayında referendum və seçkilər keçirməyi təklif edə, iyuna qədər isə atəşkəsin qüvvəyə minməsini istəyə bilər.

İcmalçı belə nəticəyə gəlir ki, Ukrayna məsələsində sürətli razılaşma yalnız Kiyevi qəbuledilməz şərtlərə məcbur etməklə mümkün ola bilər və bu halda davamlı sülhün əldə olunması sual altında qalacaq.

Qeyd edək ki, ABŞ Cenevrədə Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə danışıqların üçüncü mərhələsini keçirib. Hələlik Kiyev və Moskva tərəfindən rəsmi açıqlamalar məhduddur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki