Britaniya hökuməti İslam İnqilabının Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanınmasına imkan verəcək yeni qanun layihəsi üzərində işləyir.
Korrekt.az The Times qəzetinə istinadən xəbər verir ki, Avropa Birliyinin SEPAH-ı terror təşkilatı kimi siyahıya almaq qərarından sonra London da hüquqi məhdudiyyətləri sərtləşdirmək niyyətindədir.
Britaniyanın Daxili İşlər Nazirliyi SEPAH da daxil olmaqla düşmən dövlət qurumlarının terror təşkilatı kimi tanınmasına imkan verəcək qanun layihəsinin hazırlandığını təsdiqləyib. Bununla belə, qanun layihəsinin parlamentdə təcili prosedurla deyil, normal qaydada müzakirəyə çıxarılacağı qeyd olunur.
Hökumət mənbələrinin məlumatına görə, sənəd hələ yekunlaşdırılmayıb, ancaq bu il parlamentə təqdim olunması gözlənilir. Yeni qanun polisə SEPAH-la əlaqədə şübhəli bilinən şəxslərin pasportlarını müsadirə etmək kimi daha geniş səlahiyyətlər verə bilər.





















