Kubada uzun müddətdir davam edən yanacaq çatışmazlığı səbəbindən bir sıra otellərin fəaliyyəti dayandırılıb. Sözügedən otellərdə qalan turistlər alternativ yerləşmə obyektlərinə köçürülüb.
Korrekt.az xəbər verir ki, ölkə mətbuatının məlumatına görə, yanacaq təminatının qeyri-kafi olması səbəbindən hökumət bəzi turizm obyektlərinin müvəqqəti bağlanması barədə qərar qəbul edib. Turistlərin isə digər otellərə yönləndirildiyi bildirilir.
Kuba Baş nazirinin müavini Oskar Peres-Olivia dövlət televiziyasına açıqlamasında enerji istehlakını azaltmaq və turizm obyektlərindən daha səmərəli, davamlı istifadə etmək məqsədilə xüsusi plan hazırlandığını bildirib. Onun sözlərinə görə, mövcud şəraitdə turizm mövsümündən maksimum faydalanmaq əsas hədəfdir.
Peres-Olivia qeyd edib ki, özəl şirkətlərin yanacağı idxal etməsinə icazə verilməsi üçün prosedurlar sadələşdiriləcək, bəzi bankların iş qrafiki yenidən tənzimlənəcək. O, həmçinin Havana Beynəlxalq Hava Limanının fəaliyyətinin davam etdiriləcəyini və yarmarka kimi mədəni tədbirlərin növbəti xəbərdarlığadək təxirə salındığını açıqlayıb.
Kuba nəqliyyat naziri Eduardo Rodriges daxili və beynəlxalq uçuşların davam edəcəyini, hava limanları və dəniz limanlarının fəaliyyətinin dayandırılmayacağını bildirib.
Hökumətin yanacaq böhranına qarşı gördüyü təcili tədbirlər arasında məsafədən iş sisteminin tətbiqi, bəzi dövlət ofislərinin bağlanması, dövlət xidmətlərinin məhdudlaşdırılması və universitetlərdə dərs cədvəllərinin yenidən planlaşdırılması yer alır.
Dövlət mediasının məlumatına görə, xarici valyuta ilə yanacaq satışı həyata keçirən yanacaqdoldurma məntəqələri fəaliyyətini davam etdirəcək, lakin satış hər bir şəxs və nəqliyyat vasitəsi üçün maksimum 20 litr ilə məhdudlaşdırılacaq.
Kuba Prezidenti Migel Dias-Kanel fevralın 6-da verdiyi açıqlamada ABŞ-ın ölkəsinə qarşı siyasətini tənqid edib. O, ABŞ-ın tətbiq etdiyi blokadaya toxunaraq bildirib ki, ötən ilin dekabr ayından bəri ölkəyə xaricdən heç bir yanacaq gətirilməyib. Prezident ABŞ-ın siyasətini aqressiv və cinayətkar adlandıraraq bunun Kubanı iqtisadi cəhətdən boğmağa yönəldiyini deyib.
Məlumata görə, Kuba gündəlik enerji tələbatını qarşılamaq üçün təxminən 110 min barel neftə ehtiyac duyur, lakin 2025-ci ilə qədər bu ehtiyacın yalnız təxminən 30 min barelinin təmin edilə biləcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 30-da Kubaya neft satan və ya tədarük edən ölkələrdən idxal olunan bütün mallara gömrük rüsumlarının tətbiqini nəzərdə tutan prezident fərmanı imzalayıb. Ağ Ev bu qərarın Kubanın ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına zidd addımlarına cavab olaraq qəbul edildiyini açıqlayıb.
Fevralın 1-də Donald Tramp neft tədarükünün tənzimlənməsi məqsədilə Kuba rəhbərliyi ilə danışıqlara başlanıldığını bildirsə də, rəsmi Havana bu iddianı təkzib edib.





















