İran parlamentinin Avropa İttifaqı ölkələrinin silahlı qüvvələrini terrorçu qruplaşmalar kimi tanıması ciddi siyasi və iqtisadi fəsadlara yol aça biləcək bir qərardır. Bu addım Avropa İttifaqının İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etməsinə cavab olaraq qəbul edilib.
İqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Brüsselin qərarına cavab olaraq Avropa ölkələrinin silahlı qüvvələrinin də terrorçu qruplaşmalar hesab ediləcəyini bildirib və mümkün nəticələrə görə məsuliyyətin Avropa İttifaqının üzərinə düşəcəyini qeyd edib.
“Lakin bu cür bəyanatlar yaranacaq ağır nəticələrin qarşısını almağa qadir deyil. Əksinə, Avropa İttifaqının daha sərt cavab tədbirləri görəcəyi gözlənilir ki, bu da artıq çökməkdə olan İran iqtisadiyyatının vəziyyətini daha da ağırlaşdıracaq.“- deyə Arzuman Muradlı bildirib.
İqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Arzuman Muradlının fikrincə, bu qərar İranı məhvə aparan addımdır.
“Xüsusilə ABŞ-nin Hindistanı öz tərəfinə çəkməsi İran iqtisadiyyatına ağır zərbə vura bilər. Belə ki, rəsmi Dehlinin bundan sonra nefti Venesueladan alacağı ehtimal olunur. Qeyd edilməlidir ki, Hindistan indiyədək İran neftinin təqribən 33 faizini idxal edirdi. Bu isə İranın əsas iqtisadi tərəfdaşlarından birini itirməsi deməkdir.İran parlamentinin bu qərarı yalnız ölkənin özünü deyil, eyni zamanda onun mövcud tərəfdaşlarını da çətin vəziyyətə salır və İranın beynəlxalq təcridini daha da dərinləşdirir.”- deyə Arzuman Muradlı bildirib.






















