“ABŞ-ın İranda başlatdığı hərbi əməliyyat yanlış addım idi. Bu addım ABŞ-ın regiondakı nüfuzuna zərbə vurdu. Müharibədən əvvəl ABŞ regionda daha dominant mövqedə idi. Lakin əməliyyat istənilən nəticəni vermədi və ABŞ müəyyən dərəcədə geri addım atmağa məcbur oldu. ABŞ-ın regiondakı hərbi bazaları rəsmi olaraq həmin dövlətlərin təhlükəsizliyini təmin etmək məqsədilə saxlanılırdı. Lakin müharibə göstərdi ki, ABŞ-ın varlığı əksinə, bəzi hallarda təhlükə yarada bilər.”– bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, yaxın vaxtlarda bəzi ərəb ölkələri ABŞ-ın regiondakı mövqeyinə etiraz edə bilər və onu təhlükəsizlik təminatını təmin etmədiyi üçün tənqid edə bilər.
“Bəzi ərəb monarxiyaları müharibənin tez başa çatmasını istəmirdi, çünki ABŞ çıxsa, onlar İranla təkbətək qalacaqdılar. Bununla yanaşı, ərəb ölkələrində – məsələn, Səudiyyə Ərəbistanı və Qətərdə – müxtəlif miqdarda şiə icmaları mövcuddur ki, bu da regionda əlavə daxili faktor kimi rol oynayır. Bütün bu amillər ABŞ-ın nüfuzuna zərbə vurdu. ABŞ Çinə qarşı sərt mövqe göstərmək istəyirdi, lakin İran məsələsində istədiyi nəticəni əldə edə bilmədi. Bu suallar doğurur: belə bir vəziyyətdə ABŞ Çinə necə təsir edə bilər? Müharibələrdə ABŞ və Rusiya müəyyən zəiflik nümayiş etdirdi, Çin isə prosesdə iştirak etmədən mövqeyini qorudu. Hətta İranın razılığa gəlməsində müəyyən mənada Çin faktorunun təsiri olduğu da vurğulanır. Tramp administrasiyası isə bəzən qeyri-müəyyən mövqe sərgiləyirdi və vəziyyətdən çıxış yolu axtarırmış kimi görünürdü.Üçüncü mühüm məqam NATO və Avropa ölkələri ilə münasibətlərdir. Avropalı müttəfiqlər Trampdan müəyyən qədər uzaqlaşmağa başladı. Onlar ABŞ-dən Ukraynaya qarşı müharibədə təhlükəsizlik təminatı gözləyirdi, lakin Tramp tez-tez bu məsələni “özünüz həll edin” kimi ifadələrlə keçişdirirdi. Bu, həm etimadın azalmasına, həm də Qərb daxilində narahatlıqların artmasına səbəb oldu. Kanada və Danimarka ilə gərginliklər yarandı, Fransada Emmanuel Makron ilə münasibətlərdə problemlər müşahidə edildi, hətta Səudiyyə Ərəbistanı rəhbərliyinə qarşı da sərt ritorika tətbiq olundu.”– deyə politolqo bildirib.
Politoloq hesab edir ki, hərbi-texniki baxımdan ABŞ üstün olsa da, müharibə yalnız texnika ilə qazanılmır; siyasi proseslər də eyni dərəcədə önəmlidir.
“Müharibənin əvvəlində hesab edilirdi ki, İsrail və ABŞ-ın təzyiqi İran daxilində sistemin zəifləməsinə səbəb olacaq. Lakin əksinə, müharibə zamanı İran cəmiyyəti daha çox səfərbər oldu, vətənpərvərlik hissi gücləndi və xaricdən gözlənilən daxili parçalanma baş vermədi. Burada söhbət müəyyən bir rejimdən deyil, İran dövlətindən gedir: “Mənim dövlətimə təhlükə yarana bilər” yanaşması hakim oldu.”- deyə Arzuman Muradlı bildirib.





















