image-unnamed-28backend

Çin Rusiyaya Ukraynaya qarşı nüvə silahından istifadəni qadağan edib?

image-ads-728x90

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Çin Rusiyadan Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etməməyi tələb edib. O, bu barədə Qərb liderlərindən aldığı məlumata istinadən danışıb.

Çin Rusiya KİV-ində nüvə silahından istifadə ehtimalı ilə bağlı səslənən bəyanatlara çox ciddi, çox sərt və qəti reaksiya verib. Mənə elə gəlir ki, onlar ilk dəfə bu məsələyə bu qədər açıq və sərt münasibət göstəriblər. Liderlərin mənə dediyinə görə, bu, ultimativ formada ifadə olunub: nüvə silahının tətbiqindən söhbət belə gedə bilməz”, – Ukraynanın “Strana” nəşri Zelenskinin sözlərini sitat gətirib.

Görünür, Zelenskinin “liderlər” dedikdə nəzərdə tutduğu şəxslərdən biri Finlandiya prezidenti Aleksandr Stubb olub. Stubb bəyan edib ki, Çin Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməsinə imkan verməyəcək.

İki gün əvvəl Finlandiyada Çinin xarici işlər naziri ilə şam yeməyində görüşdüm. Biz nüvə məsələsini müzakirə etdik. Çin tərəfi çox qəti şəkildə bildirdi: “Xeyr, bu baş verməyəcək”, – Stubb deyib.

Qərb KİV-ində Çinin Rusiyanı nüvə silahından istifadənin yolverilməzliyi barədə xəbərdar etdiyi ilə bağlı məlumatlar vaxtaşırı dərc olunsa da, Pekin bu xəbərləri indiyədək heç vaxt rəsmi şəkildə təsdiqləməyib. Bununla belə, Çin daima prinsip etibarilə nüvə silahından istifadəyə qarşı olduğunu bəyan edir.

Bəs əslində Çin rəhbərliyinin bu məsələdə mövqeyi necədir? Pekin niyə Moskvanın Ukraynaya qarşı nüvə silahından istifadə etməsinin əleyhinə ola bilər? Əgər bu doğrudan da belədirsə, Rusiyanın bu məsələdə Çinin mövqeyinə qeyd-şərtsiz əməl edəcəyinə əmin olmaq mümkündürmü?

Pressklub.az-ın suallarını tanınmış xarici ekspertlər cavablandırıblar.

Kiyevdə fəaliyyət göstərən Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqda hesab edir ki, Çinin Rusiya-Ukrayna müharibəsində, eləcə də ümumilikdə nüvə silahından istifadəyə münasibəti kifayət qədər konservativdir.

Burada qəribə heç nə yoxdur. Çin uzun illər ərzində təkcə nüvə silahına sahib olmağa deyil, həm də onun nüvə arsenalının ciddi amil kimi qəbul edilməsinə çalışıb. Bu, Pekin üçün mühüm təsir vasitəsidir.

Amma unutmayaq ki, Çinin nüvə arsenalı öz imkanlarına görə həm ABŞ, həm də Rusiyanın arsenalından xeyli, hətta çox ciddi şəkildə geri qalır. Buna görə də Çin maraqlıdır ki, nüvə silahı mümkün qədər uzun müddət toxunulmaz çəkindirmə vasitəsi olaraq qalsın, yəni elə vəziyyət yaranmasın ki, kimsə bu amili asanlıqla sıradan çıxarsın və onun əhəmiyyətini sıfırlasın.

Bu baxımdan mən tam əminəm ki, Çin humanizm naminə deyil, nüvə silahının bundan sonra da çəkindirmə vasitəsi olaraq qalmasına çalışır. Başqa sözlə, o, divardan asılmış, daim doldurulmuş tüfəng kimi qalmalıdır və əslində heç vaxt atəş açmamalıdır. Hərçənd Çexovun məşhur prinsipi (onun sözlərinə görə, əgər əsərin əvvəlində divarda asılan tüfəng varsa, o, mütləq əsərin sonunda atəş açacaq – red.) tamam başqa cür idi. Amma deyəsən, biz artıq Çexova da inanmırıq, elə deyilmi?” – Maqda fikrini ironik sualla tamamlayıb.

Öz növbəsində, sinoloq, hərbi və siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya (Tbilisi) bildirib ki, bu məsələ ilk baxışdan sadə görünsə də, əslində kifayət qədər mürəkkəbdir.

Müəyyən mənada Moskva Çinin mövqeyini nəzərə ala bilər. Xüsusilə də Kreml üçün kritik hesab olunan dövrdə. Yəni, Ukrayna ordusunun Kursk vilayətinə daxil olduğu vaxt nüvə silahından istifadə ehtimalı yaranmışdı. Putin Rusiyanın 2022-ci il nüvə doktrinasına əsasən, ən azı taktiki nüvə silahından istifadə edə bilərdi. Amma bunu etmədi.

Burada başqa bir sual meydana çıxır: Rusiya Çindən nə dərəcədə asılıdır? Bu kimi məsələlərdə Rusiya və ABŞ-ın çəkisi Çin və “nüvə klubunun” digər üzvlərindən daha böyükdür. Çünki Çin nüvə arsenalına görə Rusiyadan təxminən üç-dörd dəfə geri qalır. Ona görə də hesab etmirəm ki, Rusiya bu kontekstdə Çinin mövqeyinə qulaq asır. Baxmayaraq ki, bu məsələ gündəmdədir.

Əsas problem ondadır ki, Rusiya nüvə silahından istifadə etməyəcək. Çünki radioaktiv çirklənmə onun öz ərazisinə də təsir göstərəcək. İkincisi, Rusiya işğalçı müharibə aparır və Ukraynanın geniş ərazilərini ələ keçirməyə çalışır. Əgər həmin ərazilərə nüvə zərbəsi endirsə, gələcəkdə “özününkü” hesab etdiyi, yəni işğal etmək istədiyi torpaqları çirkləndirmiş olacaq. Üçüncüsü, nüvə silahından istifadə Rusiyanın zəifliyinin nümayişi kimi qəbul ediləcək və bu, faktiki olaraq müharibədə məğlubiyyətin etirafı təsiri bağışlayacaq.

Tarixdə nüvə dövlətinin nüvə silahına malik olmayan ölkə ilə müharibə aparıb bu silahdan istifadə etmədiyi nümunələr var. Məsələn, 1982-ci ildə Argentina Folklend adalarını tutanda, Böyük Britaniya nüvə silahından istifadə edə bilərdi, lakin bunu etmədi.

Hazırkı vəziyyətdə Ukrayna “güzgü zərbələri” adlandırılan hərbi strategiyadan istifadə edib və bu tamamilə məqbul yanaşmadır. Gürcüstan Demokratik Respublikasının silahlı qüvvələri 1918-ci ildə general Denikinin ağqvardiyaçı dəstələrinə qarşı oxşar strategiya tətbiq etmişdi. O zaman gürcü qoşunları Tuapse, Soçi və Maykopu ələ keçirərək təxminən səkkiz ay nəzarətdə saxlamış, Gürcüstanın bir hissəsi olan Abxaziyaya edilən hücumlara cavab olaraq təhlükəsizlik zonası yaratmışdılar.

Hətta Kursk vilayəti Ukrayna qüvvələrinin nəzarətinə keçdiyi vaxt da Rusiya nüvə potensialını işə salmadı. Hesab edirəm ki, Çin amili müəyyən rol oynayır. Lakin bu, Moskvanın öz maraqlarına zidd addım atacaq qədər həlledici deyil. Rusiyanın əsas marağı isə ələ keçirmək istədiyi əraziləri radioaktiv çirklənməyə məruz qoymamaq, onları nəzarətdə saxlamaq və sonradan ilhaq etməkdir. Məsələnin mahiyyəti də məhz bundadır”, – Maisaya bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki