image-1backend

Politoloq: “Rusiya hələ də imperiya təfəkküründən qurtula bilməyib”

image-ads-728x90

Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Xüsusilə Ukraynanın ərazi bütövlüyü və Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar müxtəlif reaksiyalar doğurub.

Bu barədə politoloq Arzuman Muradlı bildirib ki, Prezident İlham Əliyevin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dair mövqeyi Kiyevdə müsbət qarşılanıb, Rusiyada isə gözlənildiyi kimi birmənalı reaksiya doğurmayıb.

Politoloqun sözlərinə görə, Rusiyanın bəzi dairələri hələ də imperiya düşüncəsindən uzaqlaşa bilməyib:

“Rusiya hesab edir ki, müstəqil dövlətlər hər hansı siyasi qərar qəbul edərkən onlarla məsləhətləşməlidir. Bu yanaşma imperiya təfəkkürünün nəticəsidir. Lakin müasir dünyada müstəqil dövlətlərin öz xarici siyasətlərini müəyyən etmək hüququ var”.

Arzuman Muradlı qeyd edib ki, Rusiya hazırda ciddi sınaqlarla üz-üzədir. Onun sözlərinə görə, ölkədə yanacaq təminatı ilə bağlı problemlər yaşanır, Ukraynanın pilotsuz uçuş aparatları isə Rusiyanın uzaq bölgələrinə qədər çata bilir.

“Bütün bunlara baxmayaraq, Rusiyada hələ də təhdid dili ilə danışan qüvvələr var”, – deyə politoloq vurğulayıb.

O, Kremlin sözçüsü Dmitri Peskovun Azərbaycan Prezidentinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini tənqid etməsini də dəyərləndirib və bu yanaşmanı qəbuledilməz adlandırıb.

Politoloqun fikrincə, Prezident İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə edib:

“Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik”.

Arzuman Muradlı bildirib ki, Azərbaycanın bu mövqeyi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki