image-1backend

“Bu səfər Cənubi Qafqazda yeni mərhələnin başlanğıcıdır” -Ekspert

image-ads-728x90

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin fevralın 9–11-də Cənubi Qafqaz ölkələrinə planlaşdırılan səfəri region üçün mühüm siyasi hadisə kimi qiymətləndirilir. Rəsmi məlumata əsasən, vitse-prezident səfərinə əvvəlcə Ermənistanla başlayacaq, daha sonra isə Azərbaycana yollanacaq. O, fevralın 9–10-da Ermənistanda, fevralın 10–11-də isə Azərbaycanda olacaq və səfər proqramı başa çatdıqdan sonra Vaşinqtona qayıdacaq.

Hazırda səfər çərçivəsində hər iki ölkədə keçiriləcək konkret görüşlər və müzakirə ediləcək məsələlər açıqlanmayıb. Bununla belə, ABŞ administrasiyası səfərin əsas məqsədinin Cənubi Qafqazda sülh prosesinin dəstəklənməsi olduğunu bəyan edib. Bu da Vaşinqtonun regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xüsusi önəm verdiyini göstərir.

image-2

İqtisad üzrə fəlsəfə doktoru və iqtisadçı ekspert Arzuman Muradlının fikrincə, Cey Di Vensin bu səfəri Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər.

Onun sözlərinə görə, səfərdən sonra Azərbaycanın ABŞ-la həm siyasi, həm də iqtisadi sahələrdə bir sıra yeni əməkdaşlıqlara imza atması gözlənilir.

Bu əməkdaşlıq prosesinin paralel şəkildə Ermənistanı da əhatə edəcəyi istisna edilmir.

Ekspert hesab edir ki, səfər təkcə siyasi xarakter daşımır, eyni zamanda iqtisadi əlaqələrin genişlənməsinə xidmət edəcək.

“Bu proses Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirəcək, eləcə də Zəngəzur dəhlizinin (bəzi dairələrdə “Tramp yolu” kimi adlandırılan marşrutun) açılmasına təkan verəcək. Səfərin ən mühüm üstünlüklərindən biri də tərəflər arasında daha geniş tərəfdaşlıq proqramlarının formalaşmasına imkan yaratmasıdır.” – deyə Arzuman Muradlı bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl sosial şəbəkədə paylaşım edərək vitse-prezidentin Azərbaycan və Ermənistana səfər edəcəyini açıqlamış və bu missiyanın mövcud sülh səylərini möhkəmləndirməyə yönəldiyini bildirmişdi. Prezident paylaşımında Cənubi Qafqazda davamlı sabitliyin və qarşılıqlı anlaşmanın ABŞ üçün prioritet olduğunu xüsusi qeyd edib.

Ağ Evə yaxın mənbələrin məlumatına görə, bu səfər Azərbaycan-Ermənistan münasibətlərində son dövrlərdə müşahidə olunan diplomatik fəallıq fonunda həyata keçirilir. Vaşinqton regionda gərginliyin azalması, kommunikasiya xətlərinin açılması və uzunmüddətli sülhün təmin olunması məqsədilə tərəflərlə dialoqu davam etdirmək niyyətindədir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki