image-1backend

Danışıqsız güllələnsin: “Ural canavarı”nın dəhşət saçan hekayəti

image-ads-728x90

Vladimir Vinniçevski təkcə sovet deyil, ola bilsin, dünya tarixinin ən gənc silsilə qatilidir. O, uşaqlara hücum etməyə cəmi 15 yaşında başlamış, 16 yaşı tamam olmamış artıq 18 qurbanın həyatına son qoymuşdu. Dövrün qanunlarına görə, o, törətdiyi cinayətlər səbəbindən maksimum on il düşərgə cəzası ala bilərdi. Lakin müstəntiqlər manyakı güllələnmə cəzasına məhkum etdirmək üçün hüquqi yol tapdılar.

Çox qapalı və dinməz idi 

1923-cü il iyunun 8-də Sverdlovskda anadan olan Vladimir Vinniçevskinin uşaqlığını xoşbəxt adlandırmaq olmaz. Ailəsi kasıb deyildi: keçmiş çekist olan atası “Uralski raboçi” mətbəəsində işləyirdi, anası isə kassir idi. Vladimir irsi xəstəlik səbəbindən kəkələyir, bir az assimmetrik sifəti vardı. Başqa bir versiyaya görə isə o, dərin quyuya yıxıldıqdan sonra keçirdiyi qorxu nəticəsində kəkələməyə başlamışdı.

Səbəb nə olursa-olsun, bu fiziki qüsurlar Vinniçevskidə ciddi komplekslər yaratmışdı. O, yaşıdları ilə ünsiyyət qura bilmir, həddindən artıq utancaq böyüyürdü. Həyətdəki uşaqlar və sinif yoldaşları onun özünü müdafiə edə bilməyəcəyini bildikləri üçün tez-tez itələyir, təpikləyir, ələ salırdılar. Valideynləri bunu görür, oğullarını kəkələmədən müalicə etdirməyə dəfələrlə cəhd göstərsələr də, nəticə əldə edə bilmirdilər.

Vinniçevskilərin evi (solda)

“Onun halsız, ünsiyyətsiz olduğunu görürdüm.. Uşaqlıqdan belə idi. Səhhəti də zəif idi. Üç dəfə sətəlcəm keçirmişdi, göyöskürək və qızılca olmuşdu, bir dəfə boğazından əməliyyat edilmişdi, sonra da appendisiti götürülmüşdü… Səyahət etməyi çox sevirdi, amma valideynləri olmadan getmək istəyirdi. Çox qapalı, dinməz idi, heç vaxt başına gələnləri danışmazdı. Çox cəsarətli idi, heç nədən qorxmazdı”, – Vladimirin anası sonralar belə xatırlayırdı.

Oğullarının səhhətini düzəldə bilməyən valideynlər onun bütün istəklərini yerinə yetirməyə başladılar. Ona yaxşı paltar və ayaqqabı aldılar, velosiped və piano hədiyyə etdilər. Yeniyetmənin o dövr üçün dəbdə olan tankçı dəbilqəsi və cib bıçağı vardı. Üstəlik, ona daim cib xərcliyi verilirdi. Dayısı sonralar danışırdı ki, bir dəfə Vladimirin pulqabısında 600 rubl saymışdı. Bu isə həmin dövrdə adi fəhlənin təxminən iki aylıq maaşı demək idi.

Uğursuz soyğunçu

Vinniçevskilər ailəsi 1 May küçəsindəki baraklardan birində yaşayırdı. Vladimir beşinci sinfə qədər yaxşı oxuyur, fərasətli uşaq təsiri bağışlayırdı. Lakin sonradan təhsildə kəskin gerilədi, hətta sinifdə qaldı. Bunu daimi baş ağrıları, yaddaşının zəifləməsi və başqa məktəbə köçürülməsi ilə izah edirdi. Əslində isə sonuncunun səbəbi onun baş qəhrəmanlarından biri olduğu xoşagəlməz hadisə idi.

Vladimir atasından pul, revolver, barıt və ov saçması oğurlamışdı. Daha sonra iki sinif yoldaşı ilə birlikdə Qafqaza qaçmağı planlaşdırırdı. Üstəlik, yola düşməzdən əvvəl onlar… hərbi anbarı qarət etmək niyyətində idilər. Xoşbəxtlikdən atası silahın yoxa çıxdığını vaxtında gördü, əvvəlcə oğlunu danladı, sonra isə qərara gəldi ki, o, pis dostların təsiri altına düşüb və Vladimiri başqa məktəbə keçirdi.

Vaxt keçdikcə Vladimirin təhsilə marağı tamamilə itdi. O, işləmək istəyirdi, lakin ailəsinin bütün üzvləri onu bu fikrindən daşındırmağa çalışırdılar. Nəticədə yenə evdən qaçdı və Nijni Tagilə qədər gedib çıxdı. Orada saxlanıldı və dalınca gələn anasına təhvil verildi.

Vladimir, istəmədən də olsa, dərslərinə qayıtdı. Bu dəfə isə özünə dost tapa bildi. Həmin dost sonralar dünya şöhrətli heykəltəraş olacaq Ernst Neizvestnı idi. Onlar birlikdə məktəbə gedir, kinoya, teatra baxır, bir-birlərinin evinə qonaq gedirdilər.

Gənc Vinniçevski kitab oxumağı elə də sevmirdi və ədəbiyyata laqeyd yanaşırdı. Əvəzində vətənpərvərlik filmlərini, xüsusilə hərbi mövzulu ekran əsərlərini həvəslə izləyirdi. Maraqlıdır ki, dərsləri sevməsə də, fortepiano üzrə fərdi dərslər alırdı.

Keçid yaşına çatanda Vladimir Vinniçevski, yaşıdlarından fərqli olaraq, əks cinsə maraq göstərməyə başlamadı. Əksinə, o, təəccüblə anladı ki, qızlar nəinki onu qətiyyən maraqlandırmır, hətta ikrah hissi oyadır. Dostu Ernest Neizvestnı bunu hiss etdi və Vladimirlə əks cins barədə söhbət açmağa çalışdı. Lakin Vinniçevski bu mövzunu davam etdirmədi, sadəcə üzünü turşudaraq dedi ki, “cinsi əlaqəni sevmir və heç vaxt belə münasibətdə olmayıb”.

Təhlükəli maraq 

Bir müddət sonra gənc Vinniçevskidə uşaqlara qarşı naxoş maraq oyandı. O, uşaqlarla qum meydançalarında oynayır, əvvəlcə onlara qumdan fiqurlar düzəltməyə kömək edir, sonralar isə fürsət düşdükcə balacaları boğmağa çalışırdı. Qorxuya düşmüş uşaqlar valideynlərinə şikayət etsələr də, böyüklər yeniyetmənin sadəcə oyun zamanı həddini aşdığını düşünür və onların dediklərinə əhəmiyyət vermirdilər.

Dostunun qəribə davranışlarını Ernest Neizvestnı da hiss edirdi. Onun beş yaşlı bacısı vardı və bir dəfə qızı qısa müddətə Vladimirlə tək qoymuşdu. Otağa qayıdanda gördü ki, dostunun bədəni güclü titrəyir. Neizvestnı ondan nə baş verdiyini soruşdu, lakin Vinniçevski buna aydın izah verə bilmədi.

Vinniçevskinin yaşadığı barakın qonşu otağında da üç və beş yaşlı uşaqlar yaşayırdı. Lakin o, barak sakinləri qarşısında nüfuzunu itirməkdən qorxduğu üçün onlara toxunmurdu. Hətta dəhşətli qətllər törətməyə başlayandan sonra da qonşu otaqdakı uşaqlara əl qaldırmadı. Bununla belə, ilk cinayətini yenə də yaşadığı evdən uzaqda deyil, qonşu binada törətdi.

İlk qan

Milisə məlum olan ilk cinayətini Vladimir Vinniçevski 1938-ci ilin yayında, cəmi 15 yaşı olarkən törətdi. Silsilə qatilin ilk qurbanı üç yaşlı Herta Qribanova oldu. Qız öldürülərkən dörd yaşına çatmasına bir ay qalırdı. Həmin gün Hertaya babası nəzarət edirdi. Ancaq o, daha çox Hertanın böyük bacısı İradaya diqqət ayırmışdı. İrada çətin keçən diş çəkilməsindən sonra özünə gəlirdi və hərarəti qalxmışdı.

Herta isə, demək olar ki, özbaşına həyətdə oynayırdı və Vinniçevski də bundan istifadə etdi. O, həyətə girərək qıza bağa getməyi təklif etdi. Herta Vladimiri tanıyırdı və ona inanaraq əlini uzatdı.

Silsilə qatil bağda qızı əvvəlcə boğdu. Hertanın nəfəsi kəsiləndən sonra isə bıçağı onun başına elə güclə bir neçə dəfə sancdı ki, tiyənin bir hissəsi kəllə sümüyündə qaldı. Bundan sonra meyit üzərində təhqiredici hərəkətlər etdi, cəsədi qismən doğradı, qalıqları meşə gilası kolunun altında gizlətdi və hadisə yerindən qaçdı.

Tezliklə baba Hertanın yoxa çıxdığını anladı. O, nəvəsini əvvəlcə özü axtardı, lakin tapa bilmədi. Gecə yarısından sonra teatrdan qayıdan valideynləri də axtarışlara qoşuldular. Milis isə axtarışlara başlamağa tələsmirdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları yaxınlarını inandırmağa çalışırdılar ki, qız özü tapılacaq.

Lakin sonda uşağın meyitini oğurluq etmək məqsədilə ertəsi səhər Qribanovların bağında yeməli bir şey axtaran yeniyetmələr aşkar etdilər. On iki yaşlı Vasya Molçanov kolun altında yarpaqlar və üst geyimi ilə örtülmüş cəsədi gördü və dərhal hay-küy saldı.

Milis əməkdaşları 1 May Pervomayskaya küçəsinə yalnız indi gəldilər. Onlar dərhal cinayət işi açaraq qatilin ən qısa müddətdə tapılacağına söz verdilər. Milis bilmirdi ki, silsilə qatil elə yaxınlıqdadır. Vinniçevski maraqla toplaşmış insanların arasında dayanıb Hertanın meyitinin bağdan çıxarılmasını izləyirdi. Həmin gün heç kimin ağlına gəlmədi ki, qatil o ola bilər. Əksinə, şübhəlilər sırasına qızın valideynləri, babası, eləcə də Vasya Molçanov və dostları düşdü. Ancaq az sonra onların hamısının üzərindən şübhələr götürüldü. Müstəntiqlər saxlanılanlardan etiraf almağa çalışarkən Vinniçevski artıq növbəti ovuna çıxmışdı

Əfsanə ilə silahlanaraq 

Ehtiyatlı Vinniçevski böyüklərdən kimsə onu saxlayacağı halda özünə hazır əfsanə düşünmüşdü. Həmin illərdə yeniyetmələr əhalidən metal qırıntıları toplayıb dövlətə təhvil verməklə cib xərcliklərini qazanırdılar. Silsilə qatil də zərurət yarananda  özünü belə azyaşlı metal toplayanlardan biri kimi təqdim etməyi qərara almışdı.

1938-ci ilin avqustunda Vinniçevski Anri Marti küçəsində yerləşən Pleşeyevlər ailəsinin yaşadığı evin həyətinə daxil oldu. Orada dörd yaşlı Nina Pleşeyevanı gördü. Qız yad adamdan qorxmadı və ona tualetin yerini göstərməyə razılaşdı. Onlar at tövləsinin yanına çatanda Vinniçevski Ninanı içəri sürüyərək zorladı və elə bildi ki, onu boğub öldürüb. Daha sonra qızı taxta yeşiyə qoyub ot tayasının içində gizlətdi.

Lakin qatil yanılmışdı. Nina sağ qaldı, özünə gəldi və inildəməyə başladı. Anası onu tapanda qızın boynunda boğulma izlərini gördü və dərhal həkim çağırdı. Ancaq həkim balaca xəstəni heç müayinə etmədən, elə ilk andanca Ninanı guya inəyin dişlədiyini dedi. Pleşeyevlərin ümumiyyətlə inək saxlamaması onu heç karıxdırmadı. Belə “müayinədən” sonra ailə milisə müraciət etməməyi qərara aldı. Onlar hesab edirdilər ki, orada da heç nəyə nail ola bilməyəcəklər. Nina ilə əslində nə baş verdiyi yalnız Vladimir Vinniçevski tutulandan sonra məlum oldu.

Qarlı məzar

1939-cu ilin fevralında manyakın yeni cinayəti barədə xəbər bütün Sverdlovsku sarsıtdı. Axşam Lunçarski küçəsində gəzən Vinniçevski evlərdən birinin qarşısında kirşədə oturan iki yaşlı Borya Titovu gördü. Anası onu qısa müddətə beş yaşlı böyük oğlu Natanın nəzarətində qoymuşdu. Lakin balaca “keşikçi” qarla oynamağa aludə oldu və Vinniçevskinin xizəyi götürüb qaçdığını görmədi. Boryanın yoxa çıxdığını geri qayıdan anası gördü. O, küçə boyu qaçaraq oğlunun çağırmağa başladı.

Bir anda qadın özündən 20–30 metr aralıda uşaq xizəyini arxasınca sürüyən naməlum bir şəxsi gördü. Lakin ona çatmağa macal tapmamış Vinniçevski uşağı qucağına götürərək qaçdı. Şahidlərin çağırdıqları milis əməkdaşları da dərhal axtarışa qoşuldular. Borya Titovun həyatını məhz milislərdən birinin diqqətcilliyi xilas etdi. Ətrafı yoxlayarkən o, dərin qar yığınından gələn zəif inilti səsini eşitdi.

Milis qarın üstündəki izlərdən başa düşdü ki, orada nəsə basdırılıb. O, qarı qazmağa başladı və silsilə qatilin boğularaq ölər deyə qarın altında gizlətdiyi uşağı tapdı. Xoşbəxtlikdən, Borya yalnız qorxu və bir neçə göyərmə ilə canını qurtardı. Uşaq sağ qaldığı üçün milis bu hadisə ilə bağlı cinayət işi açmadı. Onları Hertanın öldürüldüyü yer ilə Boryanın oğurlandığı məkan arasında cəmi 200 metr məsafə olması da şübhələndirmədi.

Əməliyyat masasındakı möcüzə

Bu uğursuzluğa baxmayaraq, Vinniçevski cinayətlərini dayandırmaq barədə heç düşünmədi. 1939-cu il mayın 1-də o, Şevçenko küçəsində evinin yanında anasını gözləyən dörd yaşlı Raya Rəhmətullinaya hücum etdi. Qızı aldadaraq tualetə apardı, orada bıçaqla onun üzünə ardıcıl zərbələr endirdi və qan içində qoyaraq qaçdı. Yarımhuşsuz vəziyyətində olan Raya evə tərəf getməyə başladı. Qonşular onu gördülər və dərhal həkim çağırdılar. Qızın vəziyyəti hətta çox şey görmüş həkimləri də dəhşətə gətirdi. Elə bil onun üzünü sürtgəcdən keçirmişdilər.

Zərərçəkənin ifadəsi az qala istintaqı yanlış istiqamətə yönəldəcəkdi. Raya gah ona kişinin, gah da qadının hücum etdiyini deyirdi. Bu zaman qızın anası köməyə çatdı. O izah etdi ki, başqırd dilini yaxşı, rus dilini isə zəif bilən qızı sözləri sadəcə qarışdırır. Rayanın işi üzrə iki nəfər saxlanıldı, lakin onların təqsirini sübut etmək mümkün olmadı.

Ayyarım sonra — 1939-cu il iyunun 12-də Pioner qəsəbəsinin 2,5 yaşlı sakini Alya Qubina qəfil yoxa çıxdı. Onun ailəsi Flotskaya küçəsində yaşayırdı. Vinniçevski qızı onun atası və ögey anasının dostları ilə məclis qurmasından istifadə edərək oğurladı. Silsilə qatil qurbanını kimsəsiz Osnovinski parkına apardı və bıçaqla ona hücum etdi… Qız bir saat sonra tapıldı. Yoldan keçənlər ağacın dibində oturan balaca uşağı görüb yaxınlaşdılar. Gördükləri mənzərə onları sarsıtdı. Alyanın qarnında dərin yara vardı, buna baxmayaraq, huşu hələ də özündə idi.

Uşaq dərhal xəstəxanaya çatdırıldı. Həkimlər onun sağ qalacağına demək olar ki, ümid etmirdilər. Ancaq möcüzə baş verdi. Alya gənc və istedadlı cərrah Zinaida Niqanovanın əlinə düşdü. O, qüsursuz əməliyyat keçirərək qızın həyatını xilas etdi və sepsisin inkişafına imkan vermədi. Balaca xəstə tezliklə sağalmağa başladı

Lənətlənmiş yol

Vinniçevskinin növbəti qurbanı iki ay sonra dörd yaşı olacaq Rita Xanjina idi. Onların ailəsi Krasnaya Zvezda qəsəbəsində yaşayırdı və anası qızını həmişə gözünün önündə saxlayırdı. Lakin bir gün Rita evdən gizlicə çıxaraq bədbəxtlikdən Vinniçevskiyə rast gəldi. Silsilə qatil qızı meşəyə apardı, boğdu, bədəninə bıçaq zərbələri endirdi və meyit üzərində təhqiredici hərəkətlər etdi. Daha sonra cəsədi budaqlarla örtdü, başını isə iri bir daşın altına qoydu. Dörd gün sonra Rita Xanjinanın qalıqlarını ailənin iki qonşusu keçi sürüsünü meşədən keçərərkən tapdı.

Milisin qatili tapmaq cəhdləri isə yenə də nəticəsiz qalırdı. Halbuki qurbanlardan birinin bədənində onun ayaqqabısının izi qalmışdı və bu, istintaq üçün mühüm ipucu ola bilərdi.

Bu vaxt Vinniçevskinin qanlı “məhsulu” artmaqda davam edirdi. Üç yaşlı Valya Kamayeva, dörd yaşlı Lida Surnina, iki yaşlı Kolya Savelyev, üç yaşlı Kolya Petrov və dörd yaşlı Tasya Morozova da “Ural canavarı” adlandırılan qatilin qurbanları oldular. Lakin ehtimal olunur ki, onun qurbanlarının sayı bundan da çox olub. Çünki bütün valideynlər uşaqlarının başına gələnlər barədə hüquq-mühafizə orqanlarına məlumat vermirdilər.

Vinniçevski cinayətlərini təkcə doğma Sverdlovskda və onun ətrafında deyil, başqa şəhərlərdə də törədirdi. Nijni Tagildə onun qurbanı 2,5 yaşlı Rita Fomina oldu. Vaxtilə kəkələmədən müalicə aldığı Kuşvada isə üç yaşlı Valya Lobanovanı öldürdü.

Sverdlovskda qorxu və nifrət

Bütün Sverdlovsk vahimə içində idi. Qorxmuş analar uşaqlarını bir an belə gözdən qoymurdular. Milis əməkdaşlarına və milis məktəblərinin kursantlarına isə patrul xidməti təşkil etmək, yanında uşaq olan bütün böyükləri diqqətlə izləmək əmri verilmişdi.

Məhz belə sayıqlıq Vinniçevskinin oğurladığı sonuncu uşağın, Slava Volkovun həyatını xilas etdi. 1939-cu il oktyabrın 24-də axşam valideynləri üç yaşlı Slavanı gəzintiyə hazırladılar. O, böyük bacısı Rita ilə birlikdə evdən əvvəl çıxdı. Uşaqlar Kultura küçəsindəki evlərinin qarşısında böyükləri gözləyirdilər. Bir qədər sonra Rita qəfil evə qayıtdı. Qız valideynlərinə dedi ki, yanına bir gənc yaxınlaşıb və anasının onu evə çağırdığını söyləyib. Rita qardaşını həmin naməlum şəxslə qoyaraq mənzilə qaçmışdı.  Nə baş verdiyini anlayan ailə dərhal həyətə cumdu, lakin Slava heç yerdə yox idi.

Həmin vaxt “Ural canavarı” qurbanı ilə birlikdə tramvayda gedirdi. Onlar kimsəsiz bir dayanacaqda düşdülər və Vinniçevski oğlanı əlindən tutaraq vaxtilə Rita Xanjinanı öldürdüyü meşəyə tərəf apardı. Bu zaman qəribə cütlüyü Sverdlovsk Fəhlə-Kəndli Milisi Məktəbinin kursantı İvan Popov gördü. O, intuisiyasına güvənərək onların arxasınca getməyə başladı. Yolda qarşılaşdığı iki qrup yoldaşı da ona qoşuldu.

Üçlük şübhəlini çox ehtiyatla izləyirdi. Onu qorxudub qaçırmamaq üçün xeyli məsafə saxlayırdılar. Vinniçevski isə arxasınca izlənildiyini hiss etmədən uşağı qucağına aldı, meşənin dərinliyinə apardı, onun üst geyimini çıxardı və boğmağa başladı. Ləngimək olmazdı. Kursantlar əllərində naqanla manyakın üstünə atıldılar və qollarını burdular. Deyilənlərə görə, tutularkən “Ural canavarı” qurbanından da bərkdən ağlayırdı: həyatı üçün bu qədər qorxmuşdu.

Acı həqiqət

Saxlanılan şəxsin üzərində aparılan axtarış zamanı müstəntiqlər, digər əşyalarla yanaşı, bahalı şokolad konfetlərinin kağızlarını da tapdılar. Vinniçevski özü bu konfetləri sevmirdi, lakin balaca qurbanlarını məhz şirniyyatla özünə cəlb edirdi. Evdə axtarış qatilin valideynləri üçün əsl şok oldu. Onlar oğullarının saxlanıldığını bilmədiklərindən əvvəlcə onun itkin düşdüyünü düşünmüşdülər. Vinniçevskinin atası hətta oğlunun itməsi barədə milisə ərizə də vermişdi. Lakin hüquq-mühafizə əməkdaşları onların qapısını döyəndə dəhşətli həqiqət tam şəkildə üzə çıxdı.

Sonradan valideynləri Vinniçevskidən imtina etdilər. Düzdür, anası bunu daha çox ərinin təzyiqi altında etdi. Özü isə sonadək müxtəlif məmurların qapısını döyərək oğlunun əfv olunmasını xahiş edirdi. Onun kağızlarını araşdırarkən Yelizaveta Vinniçevskaya şifrəli qəribə qeydlər tapdı və belə qənaətə gəldi ki, oğlu hansısa hiyləgər şərikin təsiri və göstərişi ilə hərəkət edib. Qadın həmin naməlum adamı özü tapmağa da cəhd göstərdi, lakin zaman keçdikcə bu axtarışlardan əl çəkdi.

Ona 10 il həbs cəzası azdır!

Bəzi məlumatlara görə, Ural canavarının atası oğluna güllələnmə cəzası verilməsini şəxsən tələb edirdi. Əvvəlcə Vinniçevskinin əməlləri RSFSR Cinayət Məcəlləsinin 136-cı maddəsinin “e” bəndi – “Qurbanın köməksiz vəziyyətindən istifadə etməklə qəsdən adam öldürmə” maddəsi ilə tövsif edilmişdi. Lakin sonradan cinayət işində bu ittiham sakitcə 59/3-cü maddə – “Banditizm” maddəsi ilə əvəz olundu. Bu, təsadüfi deyildi. İstintaq qəsdən Vinniçevskini güllələnmə hökmünə aparırdı. Çünki əvvəlki maddə ilə ona verilə biləcək ən ağır cəza cəmi on il əmək düşərgəsi idi.

SSRİ-nin ən dəhşətli silsilə qatillərindən birinin işi ilə tanış olan bütün müstəntiqlər onun nə vaxtsa azadlığa çıxa biləcəyi perspektivinə qarşı idilər. Yazıçı Aleksey Rakitin “Ural canavarı” kitabında müstəntiqlərin düşüncələrini belə təsvir edirdi: “Bu gənci hökmən edama aparmaq, söz-söhbətsiz güllələmək lazımdır – 10 il həbs cəzası onun üçün azdır!”

Lakin Vinniçevski hüquq-mühafizə orqanlarının bu niyyətindən xəbərsiz idi və uzunmüddətli həbs cəzasına hazırlaşırdı. Təkadamlıq kamerada şeirlər yazır, özünün uydurduğu ədəbsiz mahnıları zümzümə edirdi. O, istintaqla əməkdaşlıq edir, hətta müstəntiqlərin xəbərsiz olduğu cinayətlərini də etiraf edirdi. İstintaq eksperimentləri zamanı isə heç bir xüsusi emosiya göstərmədən qurbanlarını necə öldürdüyünü və zorladığını nümayiş etdirirdi.

“Boğanda və əzab verəndə xoş olurdu”

1938–1939-cu illərdə 18 uşağa hücum etməkdə ittiham olunan Ural canavarının məhkəməsi 1940-cı il yanvarın 15-də başladı. O, səkkiz uşağı öldürmüş, on nəfəri isə öldürməyə cəhd etmişdi. “Uşağı boğanda, onun əzab çəkdiyini görəndə mənə xoş olurdu”, – deyə cani məhkəmədə açıq şəkildə bildirdi. Onun məhkəmədəki monoloqlarında nə işgəncə ilə öldürdüyü uşaqlara qarşı mərhəmət, nə də törətdiklərinə görə peşmançılıq hissi vardı. Hökm rekord dərəcədə qısa müddətdə çıxarıldı – məhkəmə başlayandan cəmi bir gün sonra.

Hökmdə deyilirdi: “Vladimir Georgiyeviç Vinniçevski güllələnsin. İş üzrə maddi sübutlar – Vinniçevskinin köynəyi, şalvarı və çəkmələri valideynlərinə qaytarılsın, cib bıçağı Vilayət Milis İdarəsinə göndərilsin, konfet bükülü kağızları məhv edilsin, qalan maddi sübutlar isə iş materiallarında saxlanılsın”.

Qohumlarının xatirələrinə görə, vaxtilə özünü çox cəsur göstərən Vinniçevskiyə gecə vaxtı evə tək qayıtmaqdan qorxub-qorxmadığını soruşanda o, soyuqqanlılıqla cavab vermişdi: “Onsuz da nə vaxtsa ölməli olacağıq”. Lakin hökm oxunduqdan sonra həmin lovğalıqdan əsər-əlamət qalmadı. Cani müxtəlif şikayət ərizələri yazaraq özünü həyatda yolunu azmış bir uşaq kimi təqdim edir, əfv olunmasını xahiş edir və “düz yola” qayıdacağına söz verirdi.

Eyni zamanda özünü ruhi xəstə kimi göstərməyə çalışsa da, bu hiyləni Serbski adına Məhkəmə Psixiatriyası İnstitutu mütəxəssisləri tez bir zamanda ifşa etdilər.

Nəticədə, yalnız bürokratik prosedurlar hesabına Vinniçevski hökm çıxarılandan sonra 10 ay yaşaya bildi. O, 1940-cı il noyabrın 11-də güllələndi. Ural canavarının  harada dəfn edildiyi məlum deyil. Lakin ehtimal olunur ki, onun qalıqları Sverdlovsk vilayətindəki Moskva traktının 12-ci kilometrində yerləşən kütləvi məzarlıqda basdırılıb.

Həmin ərazidə vaxtilə güllələnən – o cümlədən siyasi ittihamlarla – məhkumlar dəfn edilirdi. Orada uyuyan repressiya qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə 2017-ci ildə Moskva traktında “Kədər maskaları: Avropa – Asiya” memorialı ucaldılıb. Bu abidənin müəllifi isə Ernst Neizvestnı idi, Sovet İttifaqının ən qorxunc manyaklarından birinin məktəb dostu.

Hazırladı: Yadigar Sadıqlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki