Hindistanda ölümcül Nipah virusunun yayılması bir sıra Asiya ölkələrində ciddi narahatlıq yaradıb. İnsanlar arasında ölüm nisbəti 40–75 faiz arasında dəyişən virusun yayılması fonunda bir neçə ölkə əlavə nəzarət və müayinə tədbirləri tətbiq edib.
Korrekt.az xəbər verir ki, bu ay Hindistanın Qərbi Benqal əyalətində Nipah virusu ilə əlaqəli azı iki ölüm hadisəsinin qeydə alınmasından sonra Tayland, Malayziya və Sinqapur kimi ölkələrdə yeni test və skrininq prosedurlarına başlanılıb.
Nipah virusu heyvanlardan insanlara keçən zoonotik və yüksək yoluxuculuğa malik xəstəliklər sırasına daxildir. İlk dəfə 1998-ci ildə Malayziyada aşkarlanan virusun əsas ötürülmə yolları yoluxmuş yarasaların tüpürcəyi, sidiyi və nəcisi ilə birbaşa təmas, yarasaların bədən mayeləri ilə çirklənmiş qida məhsullarının – xüsusilə xurma şirəsinin qəbulu, eləcə də nadir hallarda yoluxmuş şəxslə yaxın təmasdır.
Mütəxəssislərin bildirdiyinə görə, virus infeksiyası sürətlə inkişaf edir və simptomlar adətən yoluxmadan 4 gün ilə 3 həftə arasında üzə çıxır. Nipah virusuna yoluxanların təxminən yarısı həyatını itirir. Virus pnevmoniya yarada bilsə də, ən təhlükəli fəsadı beyin iltihabıdır (ensefalit).
Xəstəliyin əsas simptomlarına yüksək hərarət, qıcolmalar, nəfəs darlığı, huşun itməsi, şiddətli baş ağrıları və şəxsiyyət dəyişiklikləri daxildir. Bəzi hallarda isə sağalmış şəxslərdə illər sonra ensefalitin yenidən ortaya çıxa biləcəyi qeyd olunur.
Hazırda Nipah virusuna qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə üsulu mövcud deyil. Avstraliyada hazırlanmış m102.4 adlı preparat üzərində tədqiqatlar davam edir. 2020-ci ildə aparılan birinci faza klinik sınaqlar preparatın tək dozada yaxşı tolere edildiyini göstərsə də, onun geniş istifadəyə verilməsi hələ vaxt tələb edir.
Səhiyyə mütəxəssisləri bildirirlər ki, Nipah virusunun Covid-19 miqyasında qlobal pandemiyaya çevrilməsi ehtimalı azdır. Bunun əsas səbəbi virusun insandan insana ötürülmə qabiliyyətinin məhdud olmasıdır. Bu səbəbdən yoluxmanın qeydə alınmadığı regionlarda risk səviyyəsi aşağı hesab olunur.
Rəsmi qurumlar təsirlənmiş bölgələrə səfər etdikdən sonra qızdırma və digər simptomlar müşahidə edən şəxslərə dərhal həkimə müraciət etməyi və səyahət tarixçələrini tibbi personal ilə paylaşmağı tövsiyə edirlər.





















