Çox qəribədir. Bəzən yazdığın yazıya günlərlə uyğun ad tapa bilmirsən, bəzən də əksinə – yazının adı yazıdan əvvəl yaranır. Bu yazımın da aqibəti belə oldu. Belə ki, 2026-cı il aprelin 19-u eşitdiyimiz acı bir xəbər hamımızı sarsıtdı. Bu xəbər, ömrünün 50 ilə yaxın bir dövrünü Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsinə (indiki QSC) bağlayan, Radionun səsyazma sexində səs operatoru (qeyri-xətt montajçısı) vəzifəsində fəsliyyət göstərən Bağırova Fatmanisə Mərzağa qızının vəfatı xəbəri oldu.

Bəzən haqqında yazı yazdığın insanı dəqiq nə vaxtdan şəxsən tanıdığın barədə nə qədər düşünsən də, heç cür xatırlaya bilmirsən. Amma Fatma xanımı ilk dəfə gördüyüm il də, ay da, hətta gün də dəqiq xatirimdədir. Belə ki, 1995-ci ildə, 17 yaşım olarkən, atam məni ilk əmək fəaliyyətinə başlamaqdan ötrü ailəmiz üçün doğma ocaq olan Azərbaycan Radiosuna, ən kiçik vəzifəyə – səsyazma sexində səs operatoru vəzifəsinə işə düzəltdi. O idarə ilə özümü tanıyandan təmasım olsa da, 1995-ci il aprelin 24-də rəsmən həmin sirli-sehrli məkana daxil oldum və bu günə qədər həyatımı bu doğma, ailəmiz üçün isə həm də müqəddəs ocağa bağladım. Fatma xanımla şəxsi tanışlığım da elə bu dövrdən başladı. Belə ki, səs operatoru işlədiyim müddətdə səhər növbəsində montaj otaqlarına təhkim olunurduqsa, hər gün bir redaksiyanın verilişlərini işləməli olurduq. Günorta növbəsində studiyalara təhkim olunduqda isə, gündəlik və birbaşa efirə yayımlanan “Səhər” musiqi-informasiya və “Gün keçdi” xəbərlər proqramlarının, “İdman” buraxılışlarının, Beynəlxalq Radionun türk, fars, ərəb, ingilis, alman, fransız dillərində gündəlik yayımlanan buraxılışlarının hazırlanmasında iştirak edirdik. Mən, əsasən günorta növbəsində işləyirdim. Fatma xanım isə, əsasən aparıcıların səslərini yazdırdıqları və qonaqlardan müsahibə aldıqları studiyaya təhkim olunurdu.
Az vaxtda doğma və mehriban kollektivə qaynayıb-qarışmağım, o ab-hava, səmimiyyət sonrakı fəaliyyətimə çox müsbət təsir göstərdi. Etitaf edim ki, kənardan bəlkə də asan görünən, amma yaradıcı iş prosesində yetərincə çətinlikləri olan idarədə qalmağımın da başlıca səbəbi elə bu doğmalıq və mehribançılıq oldu. Onlar mənim üçün sadəcə səs operatorları olmadılar, onlar mənim üçün bacım, qardaşım, əzizim, doğmam oldular. Sözümüz, söhbətimiz, dərdimiz, sərimiz bir idi (onların çoxu hal-hazırda demək olar ki, bütün TV və ya Radio kanallarında aparıcı, rejissor, mühəndis və ya digər sahələrdə çalışırlar). Nahar fasiləsində bir yerdə oturmağımız, çörək kəsməyimiz bizi xüsusilə doğmalaşdırmışdı…
…Elə oldu ki, bir il keçmədən məni rejissor qrupuna səs rejissoru vəzifəsinə keçirtdilər. İndi o illərdən bizi 31 illik bir zaman məsafəsi ayırır. Lakin o günlər heç zaman yaddaşımdan silinən deyil. Bu mehribançılığı, səmimiyyəti və doğmalığı yaradanların ilk sıralarında isə Fatma xanım dururdu.
Biz, onunla demək olar ki, hər gün rastlaşırdıq. Hər dəfə də ilk olaraq atamı xəbər alar, salam göndərərdi. Yeri gəlmişkən qeyd edim ki, atam, ömrünün 50 ilini Azərbaycan Televiziya və Radio verilişləri Komitəsinə (indiki QSC) bağlayan Əməkdar jurnalist Tofiq Məmmədov bu ocağda sıravi redaktordan, İnformasiya Studiyasının direktorunun müavininə qədər müxtəlif məsul vəzifələrdə çalışıb. Elə ilk fəaliyyəti də Radiodan başlamışdı. Amma kollektiv onu ən çox Komitənin Partiya Təşkilat Komitəsinin rəhbəri (partkomu) kimi tanıyırdı. O vaxtlar partiyanın qılıncının sağının da-solunun da kəsdiyi bir dövrdə, kollektivin dərin sevgi və hörmətini də əsasən həmin vəzifədə olarkən qazanmışdı.
Anam isə 80-ci illərdə Abşeron rayon Komsomol Komitəsinin, Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi, Nazirlər Kabinetində Televiziya, Mətbuat və Səhiyyə sahələrinə nəzarət edən şöbənin kuratoru, sonralar isə Təhsil Nazirliyi Məktəbəqədər Tərbiyə Metodkabinetinin müdiri olmuş Şövkət Abdullayeva öz dövrünün ictimai-siyasi həyatında fəaliyyəti ilə əlaqədar, o vaxtlar Ana Radiomuz və Ana Televiziyamız ilə sıx təmasda olub. Jurnalistlər vaxtaşırı onu Radio və ya Televiziyaya dəvət edər, müsahibələr alardılar (bildiym qədər radio üçün alınan müsahibələr isə bəzən Fatma xanımın çalışdığı studiyada olarmış). Beləliklə, o vaxtlar kollektiv onları, onlar da kollektivi çox yaxşı tanıyırdılar… Fatma xanım da həm sağlığında, həm də vəfatından sonra valideynlərimə hər zaman böyük ehtiramla yanaşar, adlarını uca tutardı.
Mən, rejissor işlədiyim dövrdə isə (xüsusən, son vaxtlarda), verilişə qonağı birmənalı Fatma xanımın işlədiyi studiyaya dəvət edirdim. Yaradıcı insanlar yaxşı bilir ki, texniki proseslərlə müşayiət olunan verilişin hazırlanmasından başlamış efirə yayımlanmasına qədər hər cür hadisə baş verə bilə bilir. Studiyaya yer bir neçə gün əvvəl götürülməli olsa da, bəzən hansısa texniki nasazlıq ucbatından efir günü verilişin yenidən işlənməsi də istisna deyil. Qonaqların yubanması və ya vaxtından çox tez gəlməsi isə adi haldır bizim üçün. Məhz belə dara düşən anlarda Fatma xanımın köməyinin əvəzi olmazdı. O, heç cür razı olmazdı ki, gələn qonaq ayaq üstə qalsın və belə hallarda (nahar fasiləsi olsa belə) yeməyini yarımçıq qoyar, müraciət edənin işini yoluna qoymaqdan məmnunluq duyardı.
Fatma xanımın vəfatıyla bağlı sosial şəbəkələrdə etdiyim paylaşıma çoxlu sayda rəylər yazılmışdı. İnsanlar bu xəbərə heyfsləndiklərini, üzüldüklərini səmimiyyətlə bildirirdilər. Sevilən diktorumuz, illərlə ecazkar səsini məhz Fatma xamın çalışan studiyada yazdıran Respublikanın əməkdar artisti Eldost Bayram Fatma xanımla bağlı belə bir fikir yazmışdı: “Səs yazma zamanı çətinliyə düşəndə ilk dadıma çatan gözəl insan, hamımızın güvəndiyimiz Fatma xanım olub”. Digər ecazkar səsə malik diktorumuz, əməkdar artist İradə Ağayeva isə Fatma xanımı: “Zəhmətkeş, səmimi, şirindil, gözəl bir insan” kimi dəyərləndirmişdi.
Bəli, bu hörməti Fatma xanım illərlə zərrə-zərrə qazanmışdı. Onu sevdirən insanlığı, zəhmətkeşliyi və səmimiyyəti idi. O, həqiqətən olduqca səmimi insan, duyğulu sirdaş, həqiqi dərdkeş idi. Şəxsən mən özüm işdə kimsəyə demədiyim sözümü güvənərək ona deyə bilirdim. Təkcə mən deyil, radionun, xüsusilə səsyazma sexinin əməkdaşlarının ürəyini narahat edən sözü-söhbəti, dərdi-səri olanda, məhz Fatma xanıma deməyə, onunla bölüşməyə çalışardılar. O, ünsiyyətdə olduğu hər kəsə diqqət göstərməyi, dinləməyi və dəyər verməyi bacaran nadir insanlardan idi. Elə buna görə də indi adı çəkiləndə hamı bir anlıq dayanır, xoş sözlə yad edir. Çünki bəzi insanlar iş yerlərindən getsələr də, ürəklərdə qoyduqları iz silinmir. Peşəkar hərbçi-jurnalist, 2010-cu ildən hərbi mövzuda işlədəyim neçə-neçə verilişin, audioçarxın, süjetin müəllifi, həm də aparıcısı olan Ötərxan Eltacın yazdığı kimi: “Etibarlı, güvənli, səxavətli xanım idi Fatma xanım. Hayıf ki, tez itirdik. Səsyazmada dara düşən kimi yanına qaçardıq. Bir çox hallarda nahar fasiləsini də bizə həsr edir, kiminsə qəlbini qırmırdı”. Azərbaycan radiosunun Müəllif Proqramları redaksiyasının rəhbəri, səsini ancaq Fatma xanım işlədiyi studiyada yazdıran Dilşad Mirzəyeva isə onu belə dəyərləndirir: “İnsan olmaq üçün nə məqam, nə imkan şərt deyil. Fatma bunu sübuta yetirdi. Hər işi, hər əməliylə. Əlindən gələni də, gücü çatanı da, çox vaxt çatmayanı da əsirgəməzdi. Bilirdi ki, hamı onu çox istəyir, bir də görürdün gedib kimin üçünsə ağız açırdı ki, kömək edin, yazıqdı. Ən azı hamının dərdinə, giley-güzarına hövsələylə qulaq asırdı. Bir kəlmə təsəlli sözüylə adamı sakitləşdirirdi. Anasına, qardaşlarına və doğmalarına nə qədər böyük sevgisi vardı, İlahi…. Amma bizə də o qədər sevgisi bəsləyirdi ürəyində. Görəsən nə boydaymış onun ürəyi?… Əlbət bu üzdən partladı((( Allah Yer üzünə belə mələk kimi insanları göndərir ki, kimlərsə nümunə götürsün. Yəqin Yaradan qarşısında günahımızdan biri də belə insanları qoruya bilməməyimizdi. Elə bilirdik ki, Fatma həmişə yanımızda olacaq. O isə uçub getdi Cənnətə. Yerin nurlu olsun, haqqını halal et”.
Fatma xanım yaxşı həmsöhbət idi. Amma ürək sözünü hər kəsə deməzdi. Lakin mənimlə hər imkan düşdükdə dərdləşər, bəlkə də kollektivdə çoxlarına demədiyi ürək sözünü bölüşərdi. Çox kövrək qəlbi var idi. Bəzən haqlı incikliyi də olurdu kimlərdənsə… Bütün bunlara baxmayaraq, o, heç vaxt küskünlüyünü işinə və insanlara münasibətinə yansıtmazdı. Hər zaman böyüklüyünü, ağbirçəkliyini qoruyub-saxlayar, çəkdiyini isə içində çəkərdi… Kim bilir? Bəlkə həm də elə bu səbəbdəndir ki, yaxından tanımayanlar da, ona həmişə böyük hörmətlə yanaşırdılar.
Ümumiyyətlə, Fatma xanım məxsusi bir güvənə malik idi. Kimsə-kiməsə bir əmanət çatdırmalı olanda (pul, əşya və s.), ilk ağıla gələn Fatma xanım olurdu. Hətta diktorlar və aparıcılar verilişin mətnini başqa studiyada oxuyanda belə, rejissora zəng edib deyərdilər ki: “ssenarini Fatma xanıma vermişəm”.
Mən, bu yazıya əbəs yerə “FATMAnın SƏSi və ya SƏSin FATMAsı” adını vermədim. Belə ki, 40 ildən artıqdır ki, radioda hazırlanan və hal-hazırda böyük əksəriyyəti “Qızıl Fond”da qorunan bir çox verilişin səs yazılışı məhz Fatma xanım işlədiyi studiyada olub. Bu illər boyu kimlər qonaq olmayıb radioda?! İllərdir sayılıb-seçilən verilişlərin müəllifi olan Günel Natiqin yazdığı kimi: “Fatma xanım studiyanın qapılarını üzümüzə açan, bircə kərə yoruldum deməyən ən təmizürəkli insan idi”. Azərbaycan radiosunun “Xəbərlər” redaksiyasının redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Məhyəddinqızı isə duyğularını belə çatdırmışdı: “Fatma gözəl xasiyyətli bir iş yoldaşı kimi hafizələrdə yaşayacaq. Onun çalışdığı studiyalarda çoxlu qonaqlarla həmsöhbət olmuşam. Hətta nahar fasiləsində olsa belə rəva bilməzdi ki, radioya gələn ziyalı ayaq üstə gözləsin. İşini həddindən artıq sevərdi, məsuliyyətli idi və həmkarlarına böyük hörmətlə yanaşardı. Onun ölümü kollektivi çox sarsıtdı. 33 ildir radioda çalışıram və birinci dəfədir ki, işdə ehsan məclislərinin verildiyinin şahidi oluram. Fatma xanımın adına qızları, radio kompleksində çalışan xanımlar hər cümə axşamı günü ehsan süfrəsi açdılar. Hər gün, onun gözəl ürəyi olduğunu ehtiramla yada salırlar. Hələ adı çox çəkiləcək, çünki səsi qulağımızda, ruhu otağımızdadır. Radionun 100 illik yubileyini böyük həvəslə gözləyirdi. 40 ildən artıq idi ki, o, radioda səsyazma studiyasında çalışırdı. Azərbaycan radiosunun “Qızıl Fond”unda yer alan veirlişlərin ərsəyə gəlməsində onun da əməyi danılmazdır. Çünki verilişin ilkin prosesi səsyazmadan başlayır…”.
Fatma xanımın bir özəlliyi də – qohumcanlı olması idi. Amma bu, adi qohumcanlılıq deyildi. O qardaşları, qardaşlarının övladları və nəvələri ilə nəfəs alırdı. Yaxşı xatirimdədir, mən, radionun baş rejissoru işlədiyim dövrdə Yeni İl və Novruz bayramı ərəfəsində uşaqlar üçün verilən şənlik dəvətnamələrindən artıq qalanı olurdu (çünki, rejissorların çoxunun nəinki övladları, hətta nəvələri artıq böyümüşdülər). Mən, belə hallarda artıq qalan, hətta öz uşaqlarım üçün nəzərdə tutulan biletləri Fatma xanıma verəndə o çox sevinər və: “Bunları aparıb nəvələrimə (qardaşının nəvələrinə) verəcəm”, deyərdi. Çünki, o, həqiqətən qardaşları, qardaşlarının övladları və nəvələri ilə nəfəs alırdı. Hər dəfə bayram ərəfəsində əzizlərinin, xüsusən gəlinlərinin məzarını tək başına ziyarət etmək üçün nahar vaxtı işdən çxmağının isə çoxumuz şahidi olmuşuq…
Fatma xanım həm də çox məsuliyyətli xanım idi. İşə də hamıdan tez gələrdi. Son illər şəhərdə qalmadığımdan, çox vaxt səhər 7.30 radələrində metronun “Elmlər akademiyası” stansiyasında qatardan düşərkən rastlaşırdıq. Mən, uşaqları məktəbə yola salırdım. O da onlarla çox səmimi görüşər, bir bibi kimi xeyir-dua verər, uğur diləyərdi.
Mən və uşaqlar indi də hər gün metronun “Elmlər akademiyası” stansiyasından çıxırıq. O stansiyadan çox adam çıxır. Lakin Fatma xanımın yoxluğu o qədər hiss olunur ki, sanki “həmin izdihamın içində bir boşluq var”. Mən, hələ işdəki boşluğu demirəm…
Elə bu yazı da, şeir parçası da həmin günlərin birində, o izdihamın içində, o boşluğun təsirindən yarandı…
Kimin ki, mayası halal yoğrular,
Ömrünə Günəşdən şəfəq doğular.
Təkcə həqiqətlər, təkcə doğrular,
Düzlər yada düşür Fatma deyəndə.
Kömək istəyənin dadına yetən,
Müşkülü olanın önündə gedən.
Ümidsiz anlarda ümid bəxş edən
Sözlər yada düşür Fatma deyəndə.
Gözləri gülsə də, min qəmi vardı,
Çarəsiz olana məlhəmi vardı.
Hamının Fatmatək həmdəmi vardı,
Üzlər yada düşür Fatma deyəndə.
Ürəyi doluydu ağrı-acıyla,
Qardaşlar öyünər belə bacıyla.
Ağbirçək halıyla, bəyaz saçıyla
İzlər yada düşür Fatma deyəndə.
Olubdur fərəhdən göydə uçduğu,
Bir nahaqq kəlmədən qəfil coşduğu.
45 il nizamla düzüb-qoşduğu
Səslər yada düşür Fatma deyəndə.
Yaradıcı olmaq deyildir asan,
Təki qaydaları unutmayasan.
Ana radioda salnamə yazan
Kəslər yada düşür Fatma deyəndə.
Halına yanardı doğmanın, yadın,
Güvənli, qeyrətli, əyilməz qadın.
Alışdı içindən közərən odun,
Közlər yada düşür Fatma deyəndə.
O, BÖYÜK ÜRƏKLƏ gəldi dünyaya,
Xeyirxah işləri gələrmi saya?!
Mayası nur olan, mayası ziya
Hislər yada düşür Fatma deyəndə.
Ruhu şad olsun!
Anar Məmmədov,
şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü





















