Moskvada nüvə bunkerlərinin. hazırlanmasında iştirak etmiş yüksəkvəzifəli məmurlar barəsində cinayət işi açılıb.
Korrekt.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Federasiyasının Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun (ÜMMTİ) Müdafiə Vasitələrinin Təkmilləşdirilməsi üzrə Tədqiqat Mərkəzinin rəhbəri Nikolay Posoxov və institutun rəis müavini İqor Sosunov xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunaraq saxlanılıblar.
RBC-nin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən verdiyi məlumata görə, istintaq Posoxov barəsində ev dustaqlığı, Sosunov barəsində isə məhkəməyədək həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib. Müvafiq vəsatətlər Moskvanın Zamoskvoretski Rayon Məhkəməsinə təqdim olunub.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (xüsusilə külli miqdarda rüşvət alma) üzrə ittiham irəli sürülüb. Bu maddə ilə onların 15 ilə qədər azadlıqdan məhrum edilə biləcəyi bildirilir.
Qeyd edək ki, ÜMMTİ mülki müdafiə və fövqəladə halların qarşısının alınması sahəsində elmi-tədqiqat işləri aparır. İnstitut texniki vasitələr və texnologiyalar, rabitə və ictimai xəbərdarlıq sistemləri, eləcə də əhalinin radiasiya, kimyəvi və bioloji mühafizəsi istiqamətlərində fəaliyyət göstərir.
Nikolay Posoxov daha əvvəl RBC-yə verdiyi müsahibədə bildirib ki, institut 2015-ci ildən etibarən Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə “Kub-M” modul qoruyucu konstruksiyası üzərində işləyib. Onun sözlərinə görə, layihənin seriya istehsalına 2024-cü ilin payızında başlanılıb.
Məlumata əsasən, “Kub-M” son tənzimləyici tələblərə cavab verir və üçsəviyyəli mühafizə təmin edir: adi silahların partlayış və qəlpə təsirlərindən qorunma, radiasiya sığınacağı və nüvə, kimyəvi, bioloji təhlükələrə qarşı sığınacaq. Posoxov iddia edib ki, maksimal avadanlıqla təchiz edildikdə bu konstruksiya müasir raketlərin birbaşa zərbələrinə də davamlı ola bilər.





















