Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Əbu-Dabidə geniş tərkibdə keçirdikləri görüşün əhəmiyyəti haqqında iqtisadçı alim Arzuman Muradlı ilə danışdıq. Arzuman Muradlı qeyd etdi ki, bu görüş regionda yeni bir mərhələnin başlanğıcını işarə edir və həm Azərbaycan, həm də Ermənistan üçün müsbət iqtisadi və siyasi perspektivlər təqdim edir.
“Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün öncə etdiyi bəyanatda Ermənistanın çətin iqtisadi vəziyyətdən çıxması üçün “Tramp yolu”nun açılmasının vacib olduğunu vurğulamışdı. Paşinyan bu çıxışı zamanı həm Türkiyə ilə, həm də Azərbaycanla əlaqələrin daha da genişlənəcəyini anons etmişdi.” – deyə Arzuman Muradlı bildirib.
İqtisadçı alim qeyd edib ki, bunun müsbət bir göstərici olduğunu və bölgə ölkələrinin sürətli inkişaf mərhələsinə qədəm qoymaq üçün mühüm addım atıldığını bildirib.
” Azərbaycanla Ermənistana keçən taxıl yükləri bu məsələdə bir növ başlanğıc nöqtəsi olub və artıq dünən Azərbaycandan keçən taxıl Ermənistana çatıb. Bu addım, regiondakı ölkələrin qarşılıqlı ticarət əlaqələrini genişləndirərək, iqtisadi mübadilələri artıracaq. Bu görüşün əsas müzakirə mövzularından biri sabitlik və əmin-amanlıq mövzusudur. İlham Əliyev və Nikol Paşinyanın görüşü, həmçinin regionda sabitliyin bərpası və qarşılıqlı etimadın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İki ölkənin liderlərinin bu addımını həm iqtisadi, həm də siyasi baxımdan vacibdir.Bu görüşün yalnız Azərbaycan və Ermənistan arasında deyil, həm də bütün Cənubi Qafqaz regionunda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm bir təkan olacağına inam var.”– deyə Arzuman Muradlı bildirib.






















