“İran iqtisadiyyatı hazırda ciddi tənəzzül mərhələsindən keçir.” – bu fikirləri saytımıza açıqlamasında iqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Arzuman Muradlı bildirib.
Ekspertin sözlərinə görə, iqtisadi çöküşün əsas səbəblərindən biri beynəlxalq embarqolar nəticəsində İranın neft satışını normal şəkildə həyata keçirə bilməməsidir.
” İran nefti müxtəlif gizli yollarla və xeyli ucuz qiymətə satmağa məcbur qalır ki, bu da dövlət büdcəsinin zəifləməsinə və milli valyutanın dəyərdən düşməsinə səbəb olur. İran iqtisadiyyatı böhrandan çıxmaq üçün reallıqla barışmalı və köklü islahatlara getməlidir. Lakin onun fikrincə, hazırkı hakimiyyət əvvəlki kimi ritorik yanaşmanı davam etdirir.” – deyə iqtisadçı alim bildirib.
İqtisadçı əlavə edib ki, ölkədə baş verən xalq etirazları silah gücü ilə yatırılıb, çox sayda günahsız insan həyatını itirib.
“Bu addımlar hər hansı müsbət nəticə verdimi? Əlbəttə ki, yox. Xalq iqtisadiyyatın dirçəldilməsi tələbi ilə etiraza çıxmışdı. Amma bu gün vəziyyət dəyişməyib və İran iqtisadiyyatı tamamilə çöküşə doğru gedir”, – deyə Arzuman Muradlı qeyd edib.






















