İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayil Baqayi bildirib ki, İsrail hakimiyyəti ABŞ-la əvvəlcədən məsləhətləşmədən İrana qarşı hücum həyata keçirə bilməz.
Korrekt.az xəbər verir ki, Baqayi həftəlik brifinqdə deyib: “Tarix göstərir ki, İsrail rejimi tərəfindən atılan addımlar həmişə ABŞ-ın təsdiqi və əməkdaşlığı ilə həyata keçirilir. Buna görə də hər hansı aqressiya baş verərsə, İran İslam Respublikasının cavabı kifayət qədər güclü olacaq və onlara peşmançılıq yaşadacaq”.
Qeyd edək ki, 26 yanvarda Vaşinqton İrana yönələn “kütləvi armada”nın hərəkətdə olduğunu açıqlamışdı. ABŞ ümid edir ki, Tehran danışıqlara qoşularaq nüvə silahları ambisiyalarından tam imtina daxil olmaqla “ədalətli və bərabərhüquqlu” razılaşmaya nail olacaq. Eyni zamanda ABŞ xəbərdarlıq edib ki, gələcək hücumlar daha dağıdıcı ola bilər, 2025-ci ilin yayında edilən zərbələr misal göstərilərək, vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyi vurğulanıb.
Bununla yanaşı, İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı böhranı həll etmək məqsədilə yeni danışıqlar mərhələsi 6 fevralda Omanın Muskat şəhərində keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Arakçi rəhbərlik edib, ABŞ tərəfdən isə xüsusi prezident nümayəndəsi Stiv Vitkoff iştirak edib.





















