Tehran ABŞ ilə aparılan son danışıqlar zamanı zənginləşdirilmiş uranının bir hissəsini Rusiya kimi üçüncü bir ölkəyə göndərə biləcəyini təklif edib. Korrekt.az xəbər verir ki, bu barədə məlumatı Wall Street Journal çərşənbə axşamı ABŞ, İran və regional diplomatlara istinadən yayıb.
Bildirilir ki, İran rəsmiləri həmçinin zənginləşdirməni üç ilə qədər dayandırmağı və daxili istifadə üçün regional konsorsium vasitəsilə yanacaq lövhələri istehsal etməyi təklif ediblər. ABŞ və İran nümayəndələri çərşənbə axşamı Cenevrədə, Omanın vasitəçiliyi ilə danışıqlar aparıblar.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bu ay bildirib ki, Tehran razılaşsa, Moskva İrandan uran qəbul etməyə hazırdır. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə əlavə edib ki, təşəbbüs masadadır, lakin ehtiyatın İrana aid olduğu unudulmamalıdır.
ABŞ Prezidenti Donald Tramp isə İrandan nüvə proqramını tam dayandırmasını və zənginləşdirilmiş uran ehtiyatını təhvil verməsini tələb etsə də, Tehran bu təklifi rədd edib. İran rəsmiləri uranın zənginləşdirilməsinin ölkənin suveren hüququ olduğunu və yalnız mülki məqsədlər üçün istifadə ediləcəyini vurğulayırlar.
İran Xarici İşlər Naziri Abbas Əraqçi çərşənbə axşamı danışıqlardan sonra bildirib ki, tərəflər “rəhbər prinsiplər üzrə anlaşmalara” nail olsalar da, rəsmi razılaşmanın hazırlanması daha çətin olacaq.
ABŞ vitse-prezidenti Ceyms Vens Nox News-a açıqlamasında danışıqları müsbət addım kimi qiymətləndirib, lakin qeyd edib ki, “prezidentin iranlıların hələ də qəbul etmədiyi bəzi qırmızı xətləri müəyyən etdiyi çox aydın idi”.
Xatırladaq ki, ABŞ son həftələrdə Yaxın Şərqə iki təyyarədaşıyan gəmi hücum qrupu göndərib və Tramp İrana potensial hücuma işarə edib. Buna cavab olaraq İran ordusu təcili atəş təlimləri keçirib və hücuma məruz qalacağı təqdirdə bölgədəki ABŞ bazalarını hədəf alacağını xəbər verib.





















